Məhkəmə qərarları › İş №8(105)-126/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-126/2020

13.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-126/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən verilmiş Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimata dair Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-251/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək Abşeron rayon 2 saylı Notariat Kontorunun 8İ-110 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən Borclu barəsində “ölkədən getmək hüququnun məhdudlaşdırılması” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon 2 saylı Notariat Kontorunun 8İ-110 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən Borclu 10153,64 (on min yüz əlli üç manat altmış dörd qəpik) manat borc və dövlət rüsumu kimi 20 (iyirmi) manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış və bildiriş göndərilmiş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı Borclu dəfələrlə yazılı xəbərdar olunmuşdur. Borclu şöbəyə dəvət olunsa da icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Könüllü icra müddəti başa çatdıqdan sonra Borclu yenidən şöbəyə dəvət olunsa da gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə Borclu ölkəni tərk etmək niyyətindədir. Bu hərəkətləri ilə icra sənədi üzrə Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və bununla da icra sənədi üzrə Borclu məcburi gətirilməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-251/2020 saylı qərardadı ilə təqdimat təmin olunmuş, borclu xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır kəndi, “AAAF Park” yaşayış kompleksi, D 13 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmışdır (hakim Cəmilə Səfiyeva). Qərardaddan borclu X1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-251/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, ölkəni tərk etmək istəmir, hazırda işi ilə bağlı ölkə ərazisindədir, həmçinin icra sənədi üzrə ödənişlər edir. Yaxın vaxtlarda borcunun tam şəkildə ödəyəcəkdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-251/2020 saylı qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsələr də, iş üzrə tələbkar, borclu və təqdimatı verən icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-251/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Abşeron rayon 2 saylı Notariat Kontorunun 8İ-110 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən Borclu 10153,64 (on min yüz əlli üç manat altmış dörd qəpik) manat borc və dövlət rüsumu kimi 20 (iyirmi) manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Lakin borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş, barəsində zəruri icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. İş materiallarından görünür ki, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunub, tərəflərə icranı könüllü olaraq təmin edilməsi üçün 10 gün vaxt verilmişir. Eyni zamanda tələbin könüllü icra edilməsi barədə bildirişdən görünür ki, Borclu Adil oğlu bildirişlə tanış olmuş, xx.xx.2020-ci il tarixdə izahat yazmışdır. Bundan əlavə iş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, boclu xx.xx.2020-ci il tarixdə 100 manat ödəniş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə, icra məmurunun təqdimatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, tələbin könüllü icrası barədə Borclu Adil oğluna göndərilmiş bildiriş onun tərəfindən qəbul edilmiş və bildirişlərlə tanış olmuş, bildirişdə buna dair qeyd yazmışdır. Həmin tarixdən sonra borclu tərəfindən xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə isə 50 manat ödəniş edilmişdir. Göründüyü kimi, icra sənədi ilə borclu ondan tutulacaq 10153,64 (on min yüz əlli üç manat altmış dörd qəpik) manat borc və dövlət rüsumu kimi 20 (iyirmi) manat pul vəsaitindən yalnız 150 manat ödəniş etmişdir ki, bu da icra sənədinin müəyyən edilmiş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi deməkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə icra sənədinin müəyyən edilmiş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi nəticəsinə gələrək təqdimatı təmin etməklə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. İş materiallarından görünür ki, borclu kredit borcu öhdəliyi üzrə cüzi ödəniş etmiş, üzərinə düşən öhdəliyini tam yerinə yetirməmiş, onun kifayət qədər borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göründüyü kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması icra sənədinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır. Məhkəmə kollegiyası borclunun icra vərəqəsi üzrə icraata başlanıldıqdan borcunu ödəmədiyini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq borclunun ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-251/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar