Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-126/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X1 Abşeron rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-3232/2022 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə vəsatətinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-491/2023 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu X2 rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-3232/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3232/2022 saylı qətnaməsinin icrasına 3 ay müddətində möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfıyeva) xx.xx.2022-ci il tarixli, 2(012)-3232/2022 saylı qətnaməsi ilə hal-hazırda faktiki olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq Tələbkar təhvil verilməsi qət edilmiş və həmin qətnamə icra edilməsi üçün aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. O, hüquqa, qanuna və dövlətə sadiq vətəndaş olaraq məhkəmə qətnamələrinin icrasından imtina etmir, lakin hazırda nə onun başqa evi, nə də ki yaşayacaq bir sığınacağı vardır. Belə ki, illərdir o ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Eyni zamanda ailə üzvlərindən də heç kimin bu mənzildən başqa evi yoxdur. Yəni o və ailə üzvləri bu mənzildən çıxarılacağı təqdirdə küçədə yaşamaq məcburiyyətindədir. Həm özü, həm də həyat yoldaşı yaşlı və xəstə insanlardır. Məhz bu səbəbdən qızları Aytən onlar üçün hazırda yaşamaq üçün başqa kirayə mənzil axtarışındadır. Buna görə də hazırki ərizə ilə müraciət edərək qətnamənin icrasına möhlət verilməsini xahiş edir. Abşeron rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 8(012)-491/2023 nömrəli qərardadına əsasən, X1 Abşeron rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)- 3232/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim H.Əhmədov). Həmin qərardaddan X3 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 8(012)-491/2023 nömrəli qərardadının ləğv edilməsi, ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Belə ki, onun və ailə üzvlərinin yaşayacaq başqa bir evinin və sığnacaqlarının olmamasını, həmçinin onların səhətini və digər halları nəzərə almamış və nəticədə humanizm və ədalətlik prinsiplərinə zidd bir qətnamə qəbul etmişdir. Qanuna və dövlətə sadiq vətəndaş olaraq məhkəmə qətnamələrinin icrasından imtina etmir, lakin hazırda onun nə yaşayacaq başqa evi, nə də ki bir sığınacağı vardır. Belə ki, illərdir o ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Bu mənzildən çıxarılacaqları təqdirdə küçədə yaşamaq məcburiyyətindədirlər. Yaranmış əlverişsiz şərait ilə əlaqədar olaraq qətnamənin icrası üçün möhlət verilməsi xahiş edilmişdir. Lakin Abşeron Rayon Məhkəməsi yaranmış əlverişsiz şəraiti nəzərə almayaraq ədalətsiz bir qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-491/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X2 rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-3232/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair vəsatəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə fərdi yaşayış evi boşaldılacağı halda onun və ailəsinin qala biləcəyi başqa hər hansı bir yaşayış yeri yoxdur. Bundan başqa özü, həyat yoldaşı yaşlı və xəstə insanlardır, qızları Aytən onlar üçün hazırda yaşamaq üçün başqa kirayə mənzil axtarışındadır. Qeyd edilən əsaslar ərizənin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Ərizənin təmin edilməsi tələbkarın mənafeyinin pozulması ilə nəticələnər. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Belə ki, borclu ərizəsində qətnamənin icrasına möhlət verilməsi üçün əsas olan müstəsna hal göstərməmişdir. Qərardadın ləğv edilməsinə dair şikayət isə ərizə ilə eyni məzmunlu olmaqla qərardadın ləğvi üçün əsaslar göstərilməmişdir. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı ərizənin təmin edilməsi üçün tutarlı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin mənasından görünür ki, qətnamənin hissə-hissə icra edilməsinə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X10 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X10 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qanunvericilik normalarından da göründüyü kimi, qətnamənin icrasına möhlət verilərkən borclu ilə yanaşı tələbkarın da manefeyi qorunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclunun göstərdiyi dəlillər yuxarıda sadalanan qanunvericilik normalarına əsasən qətnamənin icrasına möhlət verilməsi üçün əsas sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu X4 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-491/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-126/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-126/2023
14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver