Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-127/2023 13.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair mülki iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-965/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 37299,3 manat məbləğində pulun tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır.
2. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur.
3. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-965/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 37299,3 manat məbləğində pulun tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İcra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlama haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Borclu heç bir üzürlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. İcra sənədi üzrə tələb təmin olunmadığı üçün Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.
4. Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadı ilə (hakim H.Əhmədov) Abşeron Rayon Məhkəməsinin 2(012)-965/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilməmişdir.
5. Tələbkar ASC həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdimat əsaslandırılmamış, iş materiallarına borclu şəxsin ölkədən kənara getməsini təsdiq edəcək heç bir mötəbər sübut əlavə olunmamış, subyektiv mülahizə əsasında şəxsin hüquqlarının məhdudlaşdırılması xahiş olunmuşdur. Belə ki, icra sənədinin icrası məqsədi ilə borclunun əmlakı barədə məlumatın müvafiq dövlət orqanlarına və banklara sorğu göndərməklə alınması, borclu barəsində axtarış qərarının verilməsi və qanunvericiliyin tələbinə əsasən digər məcburi icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru tərəfindən təqdimata əlavə edilmiş sənədlər əsasında borclunun mülkiyyətində əmlak olduğu halda, həmin əmlak üzərinə həbs qoyulmasına dair icra tədbiri görülməmiş və ya görüldüyü halda, buna dair əsaslı sübut təqdimata əlavə olunmamış, birbaşa olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmişdir. Buradan da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bütün lazımi icra tədbirləri tam olaraq görülməmişdir. Məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan icra hərəkətləri görülmədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması və həmin məhdudlaşdırma daha ciddi icra hərəkəti hesab olunduğundan təqdimat təmin edilməməlidir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267, 268-ci maddələrinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri
9. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin təqdimatın rədd edilməsi barədə mövqeyi əsassızdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İşə baxan məhkəmə hazırkı mübahisəni tənzimləyən qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İşdən göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-965/2022 saylı icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 37299.3 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASCyə ödənilməlidir. Lakin borclu ödəniş etməmişdir. İcra sənədinin verildiyi vaxtdan 1 il 6 ay vaxt keçmişdir ki, bu müddət ərzində icra məmuru tərəfindən borcluya könüllü icra üçün bildirişin verilməməsi habelə icra məmuru tərəfindən icra sənədinin icrası üçün hər hansı məcburi icra tədbirlərinin görülməməsi ağlabatan hal hesab edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “...İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunmasıtələbini nəzərə almalıdırlar...” Beləliklə məhkəmənin adından çıxarılmış qanuni qüvvədə olan qərarların icra olunmasında məhkəmələr maraqlı olmalıdırlar. Lakin hazırkı işə baxan məhkəmə heç bir əsas olmadan təqdimatı təmin etməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.5. maddəsinə görə, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 44.1. maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
13. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra – Beynəlxalq Pakt) 12-ci maddəsində göstərilmişdir: Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz.
14. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin:
398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
16. Ona görə də, kollegiya Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdıraraq belə qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadı tam, bununla bağlı 13 oktyabr 2023cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadı isə qismən ləğv edilərək, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.
18. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 965/2022 saylı icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 37299.3 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-yə ödənilməlidir.
19. Qeyd olunan icra sənədi Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icraata qəbul edilmiş və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir.
21. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
22. Lakin iş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimata baxılarkən müvafiq icra işi tələb edilib öyrənilməmiş, icra işi iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilməmiş, icra məmurunun icra sənədi üzrə son hərəkətləri, o cümlədən icra sənədinin borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra etməməsinin səbəbləri araşdırılmamışdır.
23. İş üzrə keçirilmiş 15 sentyabr 2023-cü il və 13 oktyabr 2023-cü il tarixli məhkəmə iclas protokollarından da bu halların araşdırılmadığı öz təsdiqini tapır.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.2.-ci bəndinə əsasən Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
25. Lakin, təqdim olunmuş materiallar araşdırılarkən icra məmuru tərəfindən təlimatın icrası məcburi qeyd olunan tələblərinə əməl edib-etməməsini müəyyən etmək olmur.
26. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 15 sentyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadı tam, bununla bağlı 13 oktyabr 2023-cü il tarixli, 8(012)- 487/2023 nömrəli qərardadı isə qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməli, icra məmuru tərəfindən verilmiş təqdimata yuxarıda göstərilmiş nöqsanlar nəzərə alınmaqla yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(012)-487/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin 13 oktyabr 2023-cü il tarixli qərardadı qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.