Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-127/2024 28.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin borclular Borclu1 və Borclu2 qarşı iş üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına əsasən çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada ümumilikdə 7632,04 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X7 Azərbaycan" QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1 və Borclu2 göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin tələb təmin edilməmişdir. Borclular tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron icra" informasiya sistemi vasitəsilə müvafiq sorğular verilmiş, lakin onlarda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, 7432,04 manat borc ödənilməmiş qalmışdır. Borcluların icra sənədinin icrasından yayınaraq ölkə hüdudlarını tərk etməsi ehtimal edildiyindən, onların ölkədən getmək hüququ borc məbləği tam ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən xx.xx.1978-ci il tarixdə Qubadlı rayonu Əfəndilər kəndində anadan olmuş Borclu1 (FİN: xxxxxxx) və xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Borclu2 (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatının təmin edilməməsi qərara alınmışdır.
4. Həmin qərardaddan narazı qalan tələbkar “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını, əks halda şikayətə baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsi göndərilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, tələbkar “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-104/2024 saylı qərardadı ilə şikayətin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadının tam, bununla bağlı 01 avqust 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadının isə qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməsi, Sumqayıt şəhər üzrə İcra idarəsi tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)- 404/2024 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin təqdimatının təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 (FİN: xxxxxxx) və Borclu2 (FİN: xxxxxxx) ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.
8. Borclu1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin (060)-404/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 8(060)- 404/2024 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-404/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra vərəqəsinə əsasən, əsas borc üzrə 6363,39 manat, faiz borcu üzrə 653,65 manat, cərimə üzrə 600 manat, cəmi 7617 manat 04 qəpik məbləğində pul və ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutularaq “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
11. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır.
12. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 4995/2019 saylı icra sənədinə əsasən Borclu1 və Borclu2 tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu1 xx.xx.2020-ci il tarixdə, Borclu2 isə xx.xx.2020-ci il tarixdə bildirişi aldıqlarını imzaları ilə təsdiqləmişlər.
13. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-444/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4995/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
15. Borclu1 şikayətini onunla əsaslandırılmışdır ki, qəbul edilmiş məhkəmə qərardadı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclu barəsində məcburi icra tədbirlərinin tətbiq olunması üçün müəyyən əsaslar olmalıdır. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Qeyd olunan əsaslar göstərilmədən və yoxlanılmadan hazırkı məhkəmə qərardadı qəbul edilmişdir. Təqdimatda qeyd olunmuşdur ki, “Borcluların icra sənədinin icrasından yayınaraq ölkə hüdudlarını tərk etməsi ehtimal edildiyindən, hesab edir ki, onların ölkədən getmək hüququ borc məbləği tam ödənilənədək məhdudlaşdırılmalıdır.” Qeyd edir ki, o, həmin borcun ödənilməsindən yayınmamışdır. Həmin borcdan yayınmaq kimi bir niyyəti olsa idi nə məhkəməyə ünvanladığı ərizələrdə borcunu qəbul edər, nə də həmin borcdan hazırkı vaxta kimi 3000 manata yaxın pul ödəməzdi. O, borcunu ödəməkdən yayınmır. Maddi olaraq imkanm olmadığı üçün borcunu birdəfəlik ödəyə bilməmişdir. Hazırkı borcun hissə-hissə ödənilməsi üçün dəfələrlə banka müraciət etsə də bank tərəfindən qəbul edilməmişdir, bu barədə icra məmuruna da məlumat vermişdir. Əgər icra məmuru məhkəmə iclasında iştirak edərsə bunu təsdiq etmiş olar. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Ölkədən getmək hüququ onun konstitusion hüquqları ilə bağlıdır və buna görə də, icra məmuru tərəfindən təqdimat yetərincə əsaslandırılmalı olduğu halda əsaslandırılmamışdır. İcra sənədinin icra edilməmə səbəbi onun maddi çətinliyinin olması ilə əlaqədardır. Belə ki, adı çəkilən bank ondan 2014-cü il tarixdə güya 1.000.000 məbləğində kredit götürməini iddia edərək əmlakları üzərinə həbs qoydurmuş, nəticədə onun bütün sahibkarlıq fəaliyyətini iflasa uğratmışdır. Bunun üçün o, nəinki hazırkı borcu, digər borclarını da ödəyə bilməmişdir. Qeyd edir ki, o, sahibkarlıq fəaliyyətini hazırda bərpa etməyə çalışır və buna görə də borcundan ödəniş etməyə başlamışdır. Göründüyü kimi, o, üzrsüz səbəblərə görə yox, ödəmə imkanı olmadığı üçün icra sənədini icra edə bilmir. Bunun nəticəsində onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsassız və qanunsuzdur. İcra məmuru tərəfindən məhkəməyə təqdim edilən məlumatlar 2019- 2020-ci illəri əhatə edən məlumatlardır. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilərdi. Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır.
Şikayətə qarşı etirazın dəlilləri
16. Tələbkar "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Fariz Səmədzadə tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada ümumilikdə 7632,04 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X7 Azərbaycan" QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Sumqayıt Şəhər üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması qərarı alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadından Borclu1 tərəfindən şikayət verilmişdir. Qeyd etmək istəyir ki, halhazırda Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 6300 (altı min üç yüz) manat ödənilməmiş qalıq borc mövcuddur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətin təmin olunmamasına dair qərardad çıxarılması xahiş olunur.
18. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadının ləğv olunmasını xahiş edərək, ona aid hissədə təqdimatın təmin edilməməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı mübahsələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Kollegiya araşdırması zamanı müəyyən olundu ki, hazırkı icra sənədi üzrə borc məbləğinin ödənilməsi borclular tərəfindən bu günədək tam təmin edilməmiş, borclulara tələbin könüllü crası barədə bildiriş qanunla müəyyənləşdirilmiş qaydada təqdim edilmiş, icra məmuru tərəfindən Borclu1 barəsində axtarış elan edilməsi barədə müvafiq qərarlar qəbul edilmiş, borcluların əmlak vəziyyəti yoxlanılmış, Borclu1 bank şesabları üzərinə həbs qoyulmuşdur. İcra məmuru tərəfindən görülən tədbirlər nəticə vermədikdən sonra təqdimatla məhkəməyə müraciət edilmişdir.
24. Göründüyü kimi mübahisələndirilən məhkəmə qərardadına əsasən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin təqdimatının təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4995/2019 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.
25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Bu səbəbdən də, təqdimat təmin edilməli və borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır.
26. Məhkəmənin qərardadı ilə razılaşmayan Borclu1 şikayət vermişdir.
27. Şikayətin dəlilləri ondan ibarətdir ki, o, sahibkarlıq fəaliyyətini hazırda bərpa etməyə çalışır və buna görə də borcundan ödəniş etməyə başlamışdır. O, üzrsüz səbəblərə görə yox, ödəmə imkanı olmadığı üçün icra sənədini icra edə bilmir. Bunun nəticəsində onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsassız və qanunsuzdur. Onun tərəfindən hazırki vaxtadəkn icra sənədi üzrə 3000 manat ödəniş edilimşdir.
28. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyasıhəmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli hesab etmir, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.
29. Məhkəmə kollegiyası həmçinin vurğulmağı zəruri hesab edir ki, şikayətin dəlillərində borclu onun tərəfindən icra sənədi üzrə 3000 manat ödəniş etdiyi halda hazırki təqdimatın təmin edilməsinin əsassız olduğunu, mütənasiblik prinsipinə uyğun olmadığını göstərsə də qeyd edilən miqdarda ödəniş edildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir, tələbkarın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən etirazdan isə görünür ki, icra sənədi üzrə qalıq borc 6300 manat təşkil edir.
30. Apellyatorun digər dəlili bir dəfəyə ödəmək qabiliyyətinin olmaması, borcun hissə-hissə ödənilməsi, maddi imkanının olmaması ilə bağlıdır. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır. Belə ki, icra sənədinin hissə-hissə icra edilməsi məhkəmə qərarına əsasən həyata keçirilə bilər. Araşdırılan mübahisə üzrə isə belə bir məhkəmə aktının olduğu görünmür. Belə olan halda tələbin könüllü icrası üçün müəyyən edilmiş müddətdə icra edilməməsi məcburi icra tədbirlərinin həyata keçirilməsinə əsas yaradır.
31. İş materiallarından görünür ki, 24 sentyabr 2019-cu ildə verilmiş icra sənədi beş il keçməsinə baxmayaraq, hazırki vaxtadək təmin edilməmişdir, borclular tərəfindən icra sənədinin icra edilməsinin üzürlü səbəbləri müəyyən edilmir, həmçinin icra məmuru tərəfindən borcluların əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.
32. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
33. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(060)-404/2024 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.