Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-127/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X2 tərəfindən alimentin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 8(027)-44/2025nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 1467/2018 nömrəli qətnaməsi ilə (alimentin 2018-ci ildən tutulması nəzərə alınaraq), Maraqlı şəxs 07 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat olan alimentin miqdarı indeksasiya edilərək, ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1467/2018 nömrəli qətnaməsi ilə Maraqlı şəxs ilə birgə nikahlarından 07 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Beləliklə, 2018-ci ildə minimum əmək haqqının 130 manat olması nəzərə alınaraq, indeksasiya qaydalarına uyğun olaraq, Quba Rayon Məhkəməsinin 2(027)-1467/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin 400 manat minimum əmək haqqının 0,76 misli (yəni 400x0,76=307 manat) miqdarında indeksasiya olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-44/2025nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim Aydın Babayev) ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 07 iyun 2017-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya edilməsi, qərardadın icrasının Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2018-ci il üzrə müəyyən edilmiş 130 manat məbləğində minimum əmək haqqının 0,76 mislini təşkil edir. Ona görə də qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,76 misli həddində (100:130=0,76) müəyyən edilməlidir. Borclu Maraqlı şəxs həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 8(027)-44/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş hərtərəfli araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. 2019-cu ildə yeni nikaha daxil olmuş, himayəsində 3 nəfər, o cümlədən yeni nikahdan olan iki azyaşlı uşağı vardır. O yeni ailəsində uşaqlarının hər birinə hər ay güclə 100 manat məsrəf edə bilir. Hazırki qərardadla müəyyən olunan məbləğ gəlirinə, ödəmə qabiliyyətinə heç cür uyğun deyildir. Ərizəçi ilə maddi durumu müqayisə olunarsa, gəliri ondan yüksəkdir. Ərizəçi Quba şəhəri 2 saylı tam orta məktəbdə tam ştat psixoloq-müəllim işləyir, 700 manat civarında əmək haqqı alır. Məhkəmə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini nəzərə almadan hazırki miqdarda aliment müəyyən etmişdir. Belə bir məbləğin müəyyən edilməsi gələcəkdə alimentin ödənilməsini də qeyri-mümkün edir. Hansı ki, bundan əvvəlki dövr üçün müəyyən edilən məbləği vaxtında ödəmişdir. Baxmayaraq ki, ərizəçi bu illər ərzində uşağını belə ona göstərmir, görüşməyə qoymur. Qanunvericiliyin tələbinə görə də uşağı saxlamaq hər iki valideynin borcudur. Ərizəçi onun maddi durumunu bildiyi halda qərəzli formada ona qarşı belə bir iddia ilə çıxış edir. Hazırki işsiz vəziyyətində hansı məbləğdə aliment ödəmək qabiliyyətinin olması ərizəçiyə də məlumdur. İşsizdir, fərdi qaydada işləməklə ayda 300-400 manat güclə qazanır. Yeni nikahdan iki uşaq olmaqla, 5 nəfərin təminatı onun üzərindədir. Quba Rayon Məhkəməsinin 8(027)-44/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadının ləgv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-44/2025nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 8(027)-44/2025nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-1467/2018 nömrəli qətnaməsi ilə Maraqlı şəxs 07 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 aprel 2018-ci il tarixdən hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 1467/2018 nömrəli qətnaməsi ilə alimentin məbləği 100 manat müəyyən edilərkən minimum aylıq əmək haqqının məbləği 130 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaları və Ali Məhkəməinin Plenum qərarına əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,76 (100:130=0,76) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 8(027)- 44/2025nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək hər ay 100 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin indeksasiya nəticəsində hazırki minimum əmək haqqının 0,76 misli həddində artırılması, onun maddi vəziyyətini həddən artıq ağırlaşacağı təqdirdə, alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 8(027)-44/2025nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-127/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-127/2025
02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver