Məhkəmə qərarları › İş №8(105)-128/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-128/2023

14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-128/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X11 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(012)-498/2023 nömrəli qərardadından icra sənədi üzrə borclu X12 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə borclu X13, X12 və X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs rəisi A.Nuqaylının və icra məmuru V.Əliyevin xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi, bu icra hərəkətlərinin nəticələrinin ləğv edilməsi, Maraqlı şəxs rəisi A.Nuqaylının və icra məmuru V.Əliyevin üzərinə X6, X7 və X8 pozulmuş hüquqlarının bərpa edilməsi vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs rəisi A.Nuqaylı və icra məmuru V.Əliyev tərəfindən Abşeron Rayon Məhkəməsinin e-2(012)- 701/2022 saylı, 25.01 2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri həyata keçirilmişdir. Həmin icra sənədinə əsasən daşınmaz əmlakın dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsindəki 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 və X9 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq X4 təhvil verilməsi qət edilmişdir. Həmin qətnaməyə dair icra vərəqəsi verilmişdir. İcra sənədi üzrə həmin ünvanda - Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşən fərdi yaşayış evində X5 başqa onun ailə üzvləri olan həyat yoldaşı X12, övladları X14 və X15 yaşamışlar. X17 orada ümumiyyətlə yaşamamışdır. Buna baxmayaraq, icra məmurları bu evə gələrək darvazanı sındırıb ailə üzvlərinin iradəsinə zidd yaşayış sahəsinə daxil olmuş və evdə olan bütün əşyaları çölə tökərək onları həmin evdən çıxarmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Fərdi yaşayış evindən başqa şəxslərin çıxarılması qətnamədə qət edilməmişdir. Baxmayaraq ki, bu qətnamədə cavabdehlər başqa adamlardır, qətnamədə onun ailə üzvlərinin adı yoxdur. Abşeron icra qurumunun əməkdaşları onu və ailə üzvlərini yaşadıqları həmin evdən əşyalarla birlikdə xx.xx.2023-cü ildə çıxarmışlar. Məhkəmə qətnaməsinə yalnız torpaq sahəsinin boşaldılması nəzərdə tutulur. Belə olduğu halda, ailə üzvlərinin yaşayış sahəsindən çıxarılması şəxsin iradəsinin əleyhinə mənzil toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qətnaməsinə izah verilməsi barədə X6 ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsinə və icra hərəkətlərinin qanunsuz hesab edilməklə icranın dayandırılması haqqında daha bir mülki işin olmasına baxmayaraq, icra məmurları “İcra haqqında” Qanunun tələblərini pozaraq icranın dayandırılması barədə qərar qəbul etməmişlər. Bundan əlavə, icra sənədinə izah verilməməsindən Azərbaycan Respublikasının Prezidentinə, yuxarı nəzarət orqanlarına, o cümlədən Ədliyyə Nazirliyinə şikayət edilmişdir. Eyni zamanda icra sənədini icra etməkdə maraqlı olan icra məmurunun ona qarşı qərəzli olması barədə xx.xx.2023-cü ildə etiraz verilməsinə baxmayaraq bu etiraz da hərəkətsiz qalmışdır. Bu icra hərəkətləri nəticəsində onların mənzil toxunulmazlığı hüququ pozulmuş və iradələrinin ziddinə mənzilə icra məmuru və polis nəfərləri qanunsuz daxil olmuşlar. X1 onların köməkliyi ilə onlara məxsus yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan istifadə edir və yaşayış sahəsinə sahiblik edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-498/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İcra sənədi üzrə borclu X12 qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-498/2023 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçilərə məxsus yaşayış sahəsi ilə bağlı məhkəmə hər hansı araşdırma aparmamışdır. Həmin icra sənədi üzrə yaşayış sahəsinə daxil olma və yaşayış sahəsinin boşaldılması nəzərdə tutulmamışdır. Məhkəmə icra sənədi üzrə tələbin ancaq torpaq sahəsinə aid olduğunu, ərizəçilərin cavabdeh olmamasını nəzərə almamışdır. Ərizəçilərə aid yaşayış sahəsinə münasibətdə qətnamədə heç bir göstəriş olmadığı, qətnamədə göstərilənlərdən kənara çıxmaqla icraçının qanunsuzluq etdiyini və polis əməkdaşlarını da bu qanunsuzluğa cəlb etdiyini məhkəmə qiymətləndirməmişdir. İcraçının yaşayış sahəsini boşaltması və ərizəçiləri yaşayış sahəsindən çıxarması barədə akt tərtib edilmədiyi nəzərə alınmamışdır. Belə bir aktın olmaması da onu sübut edir ki, icraçı yaşayış sahəsini qanundankənar formada boşaltmış və ərizəçilərin mənzil toxunulmazlığı, mənzildən məhrum edilmə kimi konstitusion hüquq və azadlıqlarını pozmuşdur. Həmin icra sənədinin qət etdi hissəsi belə olmuşdur: X3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsindəki 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 və X9 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq X4 təhvil verilməsi. Qanuni qüvvəyə minmiş qətnamədə göstərilməyən şəxslərə və obyektlərə münasibətdə icra hərəkətləri, icraçı tərəfindən qətnamə üzrə tələb yönəldilməsi nəzərdə tutulmayan şəxslərə qarşı məcburiyyət tədbirləri həyata keçirilmişdir. İcraçı tərəfindən qətnamədə göstərildiyinin əksinə olaraq torpaq sahəsi boşaldılmalı olduğu halda, yaşayış sahəsi də boşaldılmışdır. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qərardad ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 8(012)-498/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-498/2023 saylı qərardadından icra sənədi üzrə borclu X12 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçilər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icra məmuru tərəfindən düzgün icra edilməməsindən narazıdırlar. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Birinci instansiya məhkəməsi tərəfindən sorğu vasitəsilə müvafiq icra işi tələb edilmiş və icra işində olan mötəbər sənədlərdən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin e2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru xx.xx.2023-cü il tarixdə icraata başlamış, tələbin qanunla müəyyən edilmiş vaxt ərzində könüllü icra edilməsi barədə borclu F.M.Nadirovu məlumatlandırmaq istəsə də, borclu bundan imtina etmişdir. İşdə bu barədə müvafiq aktlar mövcuddur. Borclu F.M.Nadirov qeyd edilən qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ərizəsi rədd edilmişdir. Bundan sonra icra məmuru icra sənədinin məcburi icrasını xx.xx.2023-cü il tarixə təyin etmiş, həmin tarixdə icra sənədi tamamilə icra edilmiş və bu barədə eyni tarixli akt tərtib edilmişdir. Daha sonra isə icra sənədi üzrə tələbkar Ə.A.Rüstəmov icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, icra məmuru xx.xx.2023-cü il tarixli qərarla icra sənədi üzrə icraata xitam vermişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, icra sənədinin icrası prosesində hər hansı qanunsuzluq aşkar edilməmiş, qanuni qüvvəsini almış məhkəmə aktı uzun müddətdən sonra tamamilə icra olunmuşdur. İcra məmurlarının hansı qanunsuzluq törətməsi barədə şikayət ərizəsinə hər hansı mötəbər sübut əlavə edilməmişdir. X2, X12 və X8 şikayət ərizəsi formal mülahizələrə əsaslanır və qanuni qüvvəsini almış məhkəmə aktının icrasının yubadılmasına xidmət edir. Məhz bu səbəblərdən məhkəmə haqlı olaraq ərizənin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, bu nəticəyə gələrkən məhkəmə qüvvədə olan normalara düzgün istinad etmişdir və bu nəticə işin faktiki hallarına uyğundur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibatiiqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. “İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilirdi. “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. ...Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab etmişdir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki,iş materiallarına əsasən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin işdə iştirak etməyə cəlb edilməmiş digər şəxslər tərəfindən Azərbaycan Respublikası MPM-nin 357.2-ci maddəsinin tələbləri baxımından mübahisələndirilməsi və nəticə etibarı ilə onların hüquqlarının pozulmasının aşkar edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs hərəkətlərinin qanunsuz hesab edilməsi, icra hərəkətlərinin nəticələrinin ləğv edilməsi və pozulmuş hüquqların bərpa olunması barədə icra sənədi üzrə borclu X13, X12 və X8 şikayət ərizəsinin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(012)-498/2023 nömrəli qərardadı əsaslıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İcra sənədi üzrə borclu X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(012)-498/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldiğı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar