Məhkəmə qərarları › İş №8(105)-129/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-129/2020

20.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-129/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3061/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu məxsus“VİS” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına dair Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-79/2020 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra və Probasiya şöbəsinin rəisi Elşən Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-3061/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu məxsus “VİS” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)3061/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 6000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 verilməlidir. Borclu icra sənədini icra etmədiyindən, tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu adına olan “VİS” yük markalı, 27BH-791 dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydə alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalı olduğunu nəzərə alaraq Borclu adına olan “VİS” yük markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi xahiş olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-79/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsus “VİS” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ qadağan edilmişdir (hakim Anar Sadıqov). Qərardaddan qərardadla maraqlarına toxunan Maraqlı şəxs şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-79/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Qərardadla maraqlarına toxunan Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, qərardadın mövcudluğu barədə avtomobili idarə edərkən DYP əməkdaşları tərəfindən saxlanılaraq elan edilərkən məlumatı olmuşdur. Hazırki qərardad onun maraqlarına toxunur. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2009-cu il tarixli ƏN-İİ 673657 saylı etibarnaməyə əsasən AB 224714 saylı qeydiyyat şəhadətnaməsinə əsasən VİS-2345-00000 markalı yük avtomobilini Borclu sərəncam vermək hüququ ilə ona etibar etmiş, o vaxtdan da həmin nəqliyyat onun qanuni istifadəsindədir. Həmin avtomobili Borclu 7000 manata almış, aralarında faktiki olaraq alqısatqı müqaviləsi olmuşdur. Borclu barəsində icra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmiş, yəni avtomobil etibarnamə əsasında onun sərəncamına keçəndən 10 il sonra verilmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-79/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər, eləcə də təqdimatı verən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)- 79/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Qərardaddan görünür ki, birinci instansiya məhkəməsi borcluya icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilməsini müəyyən edərək Borclu məxsus “VİS” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun qadağan edilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3061/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən müəyyən olunur ki, Borclu 6000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 verilməlidir. İş materiallarından müəyyən olunur ki, Borclu mülkiyyətində olan “VİS” markalı, **-BH- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil aşkar edilmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edlməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad muvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti uzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə muəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Həmin Məcəllənin 160.2-ci maddəsinə əsasən iddianın təmin tədbiri haqqında qərardad dərhal icra edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinə və ya saxlamaq üçün verilməsindən ibarətdir. Göründüyü kimi, qanunun tələbinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun pul vəsaitlərinə yönəldilməlidir. İş materiallarından da görünür ki, iş üzrə borclunun hər hansı bankda, kredit təşkilatlarında şəxsi hesabları olmasına eləcə də Dövlət X2 hər hansı formada müavinət almasına dair hər hansı məlumat aşkar edilmir. Məhkəmə kollegiyası hesab edir ki, borclunun adına hər hansı pul vəsaitləri aşkar edilmədiyindən, icra sənədinin icrası üçün borclunya məxsus nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası təqdimatın tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi hissəsinə qiymət verərək qeyd edir ki, qeyd edilən hal «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunları ilə tənzimləndiyindən və həmin məsələnin həlli icra məmurunun səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası qərardadla maraqlarına toxunulaş şəxs Maraqlı şəxs şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan AB 224714 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VİS-2***-******* markalı yük avtomobilin mülkiyyətçisi hazırki iş üzrə Borcludur. Həmin avtomobilin idarə edilməsinə dair etibarnamə verilməsi avtomobil üzərində mülkiyyət hüququnu təsdiq etmir. Həmin etibarnamə ilə Maraqlı şəxs adına müəyyən səlahiyyətlər verilmişdir ki, bu da onunhəmin avtomobilin mülkiyyətçisi olmasını sübut etmir. Bu baxımdan məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadınınləğvi üçün heç bir əsas yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-79/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar