Məhkəmə qərarları › İş №8(105)-129/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-129/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-129/2023 13.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına dair (torpaq sahəsinin üzərinə həbs qoyulması, açıq hərracdan satılması, əldə edilmiş vəsaitin tələbə yönəldilməsi-məhkəmə aidiyyətinin müəyyən edilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-496/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadından tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus **********98 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 383/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X5 və X4 30 oktyabr 2014-cü il tarixli, 764/182/2014 saylı müqavilə üzrə cəmi 8801,89 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. Cavabdeh X3 1 ədəd “ X13”, binocular 45, Led light Source markalı avadanlıq işlək vəziyyətdə geri alınaraq "xxxx" QSC-yə qaytarılmalıdır. İcra zamanı tələbin təmin edilməsi üçün borclu X7 məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya aşkar olunmamışdır. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan icra sənədi üzrə borclu X6 Borclu ilə xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək birgə nikah aktı qeydə alınmışdır. Elektron portaldan əldə edilən məlumata əsasən Borclu məxsus **********98 reyestr nömrəli daşınmaz əmlakın olduğu məlum olunmuşdur. Sözügedən torpaq sahəsi X10 ilə birgə nikah zamanı alınmışdır. Göstərilənlərə əsasən təqdimat təmin edilərək, Borclu məxsus **********98 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq, açıq hərracda satılması və tələbin əldə edilən vəsaitə yönəldilməsi təmin edilməlidir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-496/2023 saylı qərardadı ilə (hakim E.Abdullayev) təqdimat təmin edilməmişdir.

4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, icra məmuru icra sənədi üzrə borclu X15 Dadaşovanın nikahda olmalarına əsaslanaraq Borclu məxsus əmlaka tələbin yönəldilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, təqdimata əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan icra məmurunun tələbin yönəldilməsini xahiş etdiyi torpaq sahəsi üzərində xx.xx.2014-cü il tarixində Borclu digər 5 nəfər şəxslə birlikdə birgə mülkiyyət hüququnun qeydə alındığı müəyyən edilmişdir. Həmin əmlakın Borclu ilə Faiq Adilovun birgə nikahları dövründə əldə edilməsi müəyyən edilmir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış zamanı Borclu adında hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, təqdimat təmin edilməməlidir.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 50.1, 50.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə təqdimatın rədd edilməsi barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə tərəfindən heç bir ciddi əsaslandırılma aparılmadan təqdimat rədd edilmişdir. Məhkəmə öz qərardadında qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan icra məmurunun tələbin yönəldilməsini xahiş etdiyi torpaq sahəsi üzərində xx.xx.2014-cü il tarixində Borclu digər 5 nəfər şəxslə birlikdə birgə mülkiyyət hüququnun qeydə alındığı müəyyən edilir. Həmin əmlakın Borclu ilə Faiq Adilovun birgə nikahları dövründə əldə edilməsi müəyyən edilmir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış zamanı Borclu adında hər hansı daşınmaz əmlak aşkar edilməmişdir.” Bu xüsusatları əsas gətirən hakim təqdimatı rədd etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olur ki, AR Prezidentinin Sərəncamı əsasında Azərbaycan İnvestisiya Holdinqinin idarə etməsinə verilən "xxxx" ASC-nin törəmə müəssisəsi Tələbkar QSC tərəfindən verilmiş çoxsaylı şikayət və müraciətlər əsasında borclu barəsində məcburi icra tədbirləri görülməsi üçün müvafiq addımlar atılmışdır. Borcluların bank hesabından çıxarışlar iş materiallarına əlavə edilmiş, həmçinin, üzərinə həbs qoyulması barədə təqdimat verilmiş əmlakın mülkiyyət hüququ əsasında məxsusluğuna dair sənəd də iş materiallarına əlavə edilmişdir. xx.xx.2010-cu il tarixdən rəsmi nikah münasibətinə girən borclu ilə birgə nikahda olan şəxsə məxsus paylı mülkiyyət əsasında olan torpaq sahəsinə dair Çıxarışı heçə alan məhkəmə bir tərəfdən borclu ilə Borclu 2010-cu il tarixdə nikah münasibətinə daxil olduğunu bildirir, paylı mülkiyyət hüququnu təsdiq edən Çıxarışın 2014-cü il tarixdə verildiyini təsdiq edir, digər tərəfdən isə özünün iş materiallarına əlavə edərək sübut kimi istinad etdiyi əsasları təkzib edərək, mövcud halın olmadığı qənaətini yaradır. Borclunun dövlət adından qəbul edilən qərarın icrasına maneəçilik törətməsi aşkar isbat edildiyi halda və borcun ödənilməsinə şərait yaranmasına rəğmən məhkəmənin təqdimatı rədd etməsi barədə qərarı bu şəraitin qarşısını almışdır. Borclular müxtəlif vasitələrlə 3 ildən artıq bir müddətdə dövlət adından qəbul edilmiş qərarın icrasına maneəçilik törədirlər. İşə baxan məhkəmənin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatına bu cür münasibəti hüquqda qəbul edilmiş yanaşma ilə kəskin ziddiyyət təşkil etməklə yanaşı, həm də düzgün olmayan qərardad qəbul edilməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz və vəsatət verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;

Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: Maddə 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, şikayətçi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-496/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

11. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Belə ki, araşdırılan işin mahiyyətindən görünür ki, icra məmuru hazırkı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə yuxarıda qeyd edilən təqdimatla məhkəməyə müraciət etmiş və göstərmişdir ki, mübahisə predmetini təşkil edən Borclu məxsus **********98 reyestr nömrəli torpaq sahəsi sonuncunun borclu X10 ilə birgə nikah zamanı əldə edildiyindən həmin torpaq sahəsinə həbs qoyulmaqla açıq hərracdan satılmalı və əldə edilən vəsaitlə icra sənədi üzrə tələb təmin edilməlidir.

14. Göründüyü kimi hazırki təqdimat məhz Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 383/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə məhkəməyə təqdim edilmiş, lakin nə icra məmuru tərəfindən təqdimat verilərkən, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimata baxılarkən mübahisənin mahiyyətinə və onun icrasından əmələ gələn məsələnin həllinə ümumiyyətlə diqqət yetirilməmişdir.

15. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, sözügedən təqdimatın Sumqayıt Şəhər Məhkəməsinə verilməsi və həmin məhkəmə tərəfindən hazırkı halda təqdimata baxılması düzgün olmamışdır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

17. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

18. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

19. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.

20. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.

21. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”.

22. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən verilmiş təqdimat, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, icra məmuru müvafiq əsasların mövcudluğu halında icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir.

23. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.

24. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-496/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı:

Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-496/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Təqdimat qərardadın təsviri-əsaslandılrıcı hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar