Məhkəmə qərarları › İş №8(105)-129/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-129/2024

29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-129/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ borclu "xxxx" Şirkətinin əmlaklarının üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu "xxxx" Şirkətinin əmlaklarının üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-355/2024 nömrəli qərardadından borclu "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu balansında olan “Mitsubishi minik” markalı, **-AC-***, **-AC-*** dövlət qeydiyyat nişanlı və “Toyota” markalı, **-AC-***, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1424/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclundən 18631,62 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclunun nümayəndəsi şöbəyə dəvət edilmiş, lakin tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Borclu balansında “Mitsubishi minik” markalı, **-AC-***, **-AC-*** dövlət qeydiyyat nişanlı və “Toyota” markalı, **-AC-***, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobillərin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-355/2024 saylı qərardadı ilə (hakim Elman Məmmədov) Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı qismən təmin edilmiş, Borclu MMC-nin balansında olan “Mitsubishi L200 minik” markalı, **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Borclu MMC-nin Tələbkar olan 18631,62 manat məbləğində borcunun ödənilməsinin icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu MMC-nin balansında olan “Mitsubishi L200 minik” markalı, **-AC-***, **-AC-*** dövlət qeydiyyat nişanlı və “Toyota Hilux minik” markalı, **-AC-*** avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı sözügedən borc məbləği ilə bir-birinə mütənasib deyildir. Həmçinin “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, həbs qoyulması xahiş olunan “Toyota Hilux minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanında icra məmuru tərəfindən səhvə yol verilmiş, belə ki həmin avtomobilin dövlət qeydiyyat nişanı **-PE-***-dir. Odur ki, məhkəmə hesab etmişdir ki, icra sənədi üzrə tələbin icrası məqsədilə təqdimatda göstərilən Borclu MMCnin balansında olan “Mitsubishi L200 minik” markalı, **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır.

5. Borclu MMC-nin nümayəndəsi X3 həmin qərardaddan şikayət verib, qərardadın təqdimatın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə də təqdimatın təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 8(012)-355/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 8(012)- 355/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı təqdimatın təmin olunan hissəsində qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, təqdimata əlavə olunan sənədlərdə “İcra haqqında” Qanunun tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”nin 14-cü bəndində göstərilir ki, üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və ya məhv edilməsinə görə maddi məsuliyyətdən əlavə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıdığı barədə iltizam alınmaqla icra məmuru tərəfindən xəbərdarlıq edilir və həmin əmlak saxlanılmaq üçün onlara verilir. Göründüyü kimi, qərarda həbs qoyulmuş əmlakın möhürlənməsi nəzərdə tutulur ki, bu da digər məhdudiyyətlərlə yanaşı, həmin əmlakdan istifadə edilməsini də qadağan edilir. Tələb edilən əmlakların üzərinə həbsin qoyulması onlardan istifadə edilməsini məhdudlaşdırmaqla, həm də borclunu yersiz məhrumiyyətlərə məruz qoyur. “İcra haqqında” Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin 18631,62 manat olduğu halda, ümumilikdə qiyməti qat-qat yüksək olan 2 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulması deməkdir. İş materiallarından da göründüyü kimi həbs qoyulmuş nəqliyyat vasitələrinin dəyəri müəyyən olunmamışdır. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının öncə qiymətləndirilməsi həyata keçirilməli, daha sonra borc tələbi həcmində tədbir görülməlidir. Məhkəmə isə buna əhəmiyyət verməmiş, nəticədə qanunsuz qərardad qəbul etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. (...) 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. (...)

11. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

13. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

17. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.

20. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (“İcra haqqında” Qanunun 50.2 və 50.4.1-ci maddələri).

21. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, bu məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1424/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə ödəməli olduğu borcun tələbkara ödənilməsini könüllü şəkildə təmin etməmişdir. Odur ki, icra məmurunun mövcud təqdimatı əsaslıdır.

23. Kollegiya həmçinin qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.5-ci maddəsinə görə, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu icra sənədini icra etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-355/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-355/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar