Məhkəmə qərarları › İş №8(105)-129/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-129/2025

02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-129/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin əmlak üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Dadaşov təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində 0,30 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2224/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 7000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surətli bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Xaçmaz rayonu, Susayqışlaq kəndində 0.30 ha torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən Borclu məxsus olan Xaçmaz rayonu, Susayqışlaq kəndində 0.30 ha torpaq sahəsi üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Anar Sadıqov) təqdimat təmin edilmiş, Borclu mülkiyyətində olan, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyularaq həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan edilməsi, qərardadın icrasının Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırlmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2224/2020 nömrəli icra sənədinə əsasən Borclu olduğu 7000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq Tələbkar ödənilməlidir. İş üzrə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuş, Borclu qeyd olunan borcu ödəməmişdir. Borclu adına Xaçmaz rayonu, Susayqışlaq kəndində 0.30 ha həyətyanı torpaq sahəsi vardır. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs şikayət verərək qərardadın ləğv edilməsi, təqdimatın rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyan zaman ətraflı araşdırma aparmamış və onun mülkiyyət hüququnu pozmuşdur. xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsi Borclu tərəfindən ona bağışlanmışdır. Bununla bağlı qüvvədə olan notarial müqavilə mövcuddur. Həmin torpaq sahəsindən istifadə edir, sahibliyindədir. Bu yaxınlarda mülkiyyət hüququna dair çıxarış almaq istəyərkən bu həbsdən məlumatı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır və xüsusi mülkiyyət qorunur. Amma onun konstitusion hüqüqu pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı qanunsuz və əsassızdır. Tələbkar şikayətə qarşı yazılı etirazını verərək etirazında göstərmişdir ki, sözügedən torpaq sahəsi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2224/2020 saylı qətnaməsinin icra eilməsi məqsədilə ilə vəsatəti əsasında əmlakın üzərinə həbs qoyulmuşdur. Eyni zamanda bildirmək istəyir ki, məhkəmənin qərarının icrası mıqsədi ilə həmin torpaq sahəsi hərraca çıxarılaraq, daha sonra ona təklif edilmiş və tərəfinindən alınmışdır. Adına çıxarış əldə edildikədən bir neçə ay sonra əmlak artıq üçüncü şəxsə satılmışdır. Həmin əmlak ona satıldıqdan sonra arada yaranmış fərqi icra şöbəsində ödədmiş, borclu Zöhrab isə həmin mələği artıq icra şöbəsindən rəsmi götürmüşdür. Maraqlı şəxs borclu Zöhrabın həyat yoldaşıdır və bütün prosesllərdən ilk başdan Xaçmaz Rayon Məhkəməsinə iddia verilən gündən məlumatlıdır. Buna görə də şikayətin təmin edilməməsini xahiş edir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlidyi nəticə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Hazırkı mübahisənin hallarına görə isə mübahisəli torpaq sahəsi Maraqlı şəxs bağışlansa da o, həmin əmlak üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmamış, hədiyyənin qəbul edilib-edilməməsi isə qeyri-müəyyən olmuşdur. Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni, icra məmuru təqdimatla məhkəməyə müraciət edildiyi zaman daşınmaz əmlakın dövlət reyestrinə görə həmin əmlakın mülkiyyətçisi Borclu olmuşdur ki, birinci instansiya məhkəməsi də haqlı olaraq, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan edilməsi barədə qərar qəbul etmişdir. Üzərində sərəncam vermək hüququnun qadağan edilmiş əmlakın tələbkara təkif edilməsi və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi isə «İcra hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun tələblərinə müvafiq olaraq icra məmuru tərəfindən həyata keçirilir. Belə ki, «İcra hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Həmin qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Həmin qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin qanunun 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar