Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-13/2022 08.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, İcra sənədi üzrə icraatın dayandırılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlovun təqdimatına dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-182/2021 saylı, 15 noyabr 2021-ci tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsi AR Ali Məhkəməsinin 2(102)-1390 saylı, 15.03.2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat bununla əsaslandırılmışdır ki, Ali Məhkəmə tərəfindən verilmiş 2(102)-1390 saylı, 15.03.2021-ci il tarixli icra sənədinə əsasən ipoteka predmeti olan, ilkin satış qiyməti 100000 manat müəyyən edilmiş Borclu mülkiyyətinizdə olan ünvan 1 ünvanda yerləşən 0.049 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yayayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına Borclu Tələbkar olan 53000 manat məbləğində borcun ödənilməsi təmin olunmalıdır. Qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına 13.07.2021-ci il tarixdə daxil olmuş və 13.07.2021-ci il tarixli qərarla həmin icra sənədi üzrə icraata başlanılmış, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq borcluya icra sənədi üzrə tələbin yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə Borclu icra məmurunun hərəkətlərindən verdiyi şikayət ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə əsasən icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə, icraatın dayandırılması mümkündür. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4,19.1.2 və 21-ci maddələrinin rəhbər tutaraq Borclu verdiyi şikayətə baxılanadək qeyd olunan icra sənədi üzrə icraat dayandırılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-182/2021 saylı, 15 noyabr 2021-ci tarixli qərardadı ilə təqdimat təmin olunmuş, Ali Məhkəmənin 2(102)-1390 saylı, 15.03.2021-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. (hakim S.Səmədzadə) Qərardaddan icra sənədi üzrə Tələbkar şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-182/2021 saylı, 15 noyabr 2021-ci tarixli qərardadının ləğv olunmasını, təqdimatın isə təmin edilməməsini və məlum icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-182/2021 saylı, 29 dekabr 2021-ci tarixli qərardadı ilə şikayət təmin olunmamış və iş baxılması üçün şikayətlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1390/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir: Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra, cavabdeh Borclu Adığözəl qızı barışıq sazişilə üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmədiyindən, Ali Məhkəmənin 2(102)-1390/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı məcburi icraya yönəlmiş və icra sənədi üzrə icra hərəkətərinin aparılması Xacmaz rayon İcra Şöbəsinə tapşırılmışdır. Lakin Xaçmaz rayon icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu tərəfindən icra məmurunun hərəkətlərindən Sumqayıt İnzibati Məhkəməsinə şikayət verildiyindən icra sənədi üzrə icraatın dayandırmasını xahiş etmişdir. Lakin təqdimatın verilməsinə heç bir zərurət yoxdur. Buna baxmayaraq, işə baxan məhkəmə həmin təqdimatı təmin edərək, icra sənədinin operativ qaydada icra edilməsinə maneə yaratmışdır. Buna görə də qərardad ləğv edilməli, təqdimat rədd edilməklə icra sənədinin icrası davam etdirilməlidir. Məhkəmə kollegiyası işə MPM-nin 10.8-1-ci və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsilə Tələbkar Borclu qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 01.11.2017-ci il tarixli kredit müqaviləsi üzrə 50.000 manat əsas borcun, 29.000 manat faiz borcunun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, kredit borcunun cavabdehə məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0,049 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 318,4 kv.metr fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin iddiaçıya ödənilməsi, əldə edilmiş pul vəsaitinin əsas borcun və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi və torpaq sahəsinə tutma yönəldilib satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehin və evin ipoteka ilə yüklü edilməsinə razılıq vermiş ailə üzvlərinin həmin evdən istifadə hüquqlarına xitam verilməklə, 1 ay ərzində evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (2(105)-175/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri аpellyаsiyа şikayətləri təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin 2(067)-658/2019 nömrəli, 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə cavabdeh Borclu Sumqayıt Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, işə kassasiya qaydasında baxılan zamanı iş üzrə tərəflər arasında barışıq sazişi bağlanmış, AzərbaycanRespublikası Ali Məhkəmənin 1390/2021 saylı, 15.03.2021ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, bu barədə Ali Məhkəmə tərəfindən 02 iyul 2021-ci il tarixdə icra sənədi verilmişdir. İcra məmuru icra sənədi üzrə 13 iyul 2021-ci il tarixli qərarla icraata başlamış və tələbin 10 gün müddətində könüllü yerinə yetirilməsi üçün borluya bildiriş göndərmişdir. 15 oktyabr 2021-ci il tarixdə icra sənədi üzrə Borclu icra qurumuna ərizə ilə müraciət edərək, ipoteka predmetinin təkrar hərracdakı qiymətinin aşağı olması səbəbindən icra icraatının dayandırılmasını xahiş etmiş, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi ərizənin təmin edilməsindən imtina etmişdir. Bundan sonra isə Borclu iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə icra icraatının dayandırılması vəzifəsinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda Xaçmaz rayon İcra və Probasiya Şöbəsi AR Ali Məhkəməsinin 2(102)-1390 saylı, 15.03.2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icraatın dayandırılması mümkündür. Başqa sözlə, bu halda qanunverici işin faktiki hallarından asılı olaraq icraatın dayandırılmasını mümkün hesab etmişdir. Yəni bu qanunun məcburi göstərişi deyildir. Hazırki halda isə bu normaya əməl edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, mübahisə üzrə öhdəliyin təminatı kimi borcluya məxsus yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı təqdimata baxılarkən bu xüsusat hökmən nəzərə alınmalı və ipoteka predmet ilə əlaqədar qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. “İpoteka haqqında” AR Qanununun 39.4-cü maddəsinə görə tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 39.5-ci maddəsinə əsasən bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. AR MPM-nin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir “İcra haqqında” Qanunun 21.3-cü maddəsinə görə məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd edilən normaların tələbinə görə, müəyyən istisna olmaqla ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarı üzrə icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Bu şərt pozulduğu halda isə, icra icraatının dayandırılması qadağandır. İşdən görünür ki, ipoteka saxlayan Tələbkar hazırkı icra sənədi üzrə icraatın dayandırılmasına razı deyildir, belə ki, o, şikayətində icra sənədi üzrə icraatın davam etdirilməsini tələb etmişdir. Məhkəmə isə icra məmurunun təqdimatına baxarkən, MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcud olmamasına düzgün qiymət verməmiş, heç bir zərurət olmadan kifayət qədər əsaslandırılmamış təqdimatı təmin edərək ipoteka saxlayan Tələbkar hüquqlarını pozmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, icra icraatının dayandırılması barədə icra məmurunun təqdimatı təmin edilməməli və məlum icra sənədi üzrə icraat davam etdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən hazırki mübahisənin artıq dörd ildən yuxarı bir müddət ərzində davam etməsini də nəzərə alır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Hazırki halda birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını təmin edərkən AR MPM-nin 231.5-ci və “İcra haqqında” Qanunun 21.3-cü maddələrinin tələblərini nəzərə almamış, ipoteka saxlayanın qanuni mənafeyini gözləməmiş, daha öncə qeyd edildiyi kimi Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almamışdır ki, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. AR MPM-nin 15.1 və 15.2-ci maddələrinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-182/2021 saylı, 15 noyabr 2021-ci tarixli qərardadı ləğv edilməli, icra sənədi üzrə icraatın dayandırılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlovun təqdimatı təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-182/2021 saylı, 15 noyabr 2021-ci tarixli qərardadı ləğv edilsin. İcra sənədi üzrə icraatın dayandırılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlovun təqdimatı təmin olunmasın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-13/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-13/2022
08.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver