Məhkəmə qərarları › İş №8(105)-130/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-130/2021

07.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-130/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, X1 Abşeron Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli 2(012)-7029/2016 saylı qətnaməsinin hissə-hissə ödənilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadından borclu N.M.Əmiraslanova tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) X1 Abşeron Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli 2(012)- 7029/2016 saylı məhkəmə əmrinin hissə-hissə ödənilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-7029/2016 saylı, 23.02.2016-cı il tarixli məhkəmə əmri ilə 21.10.1968-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 4-cü küçə, döngə -1, ev 13-də yaşayan X3 və 12.10.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 52-də yaşayan borclu X5 kreditor Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən “X18” ASC-nin xeyrinə 14 740 ABŞ dolları 33 sent məbləğində əsas, 1057 ABŞ dolları 12 sent faiz, ümumilikdə 15 797 ABŞ dolları 45 sent məbləğində borc və dövlət rüsumu kimi 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-7029/2016 saylı, 23.02.2016-cı il tarixli məhkəmə əmri hüquqi qüvvəyə minmiş və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. İcra məmuru qanuni icra hərəkətlərinə başlamış və ondan 15 797 ABŞ dolları 45 sent məbləğində borc və 20 manat dövlət rusumunun ödənilməsini tələb etmişdir. Borclu X2 Rayon Məhkəməsinin 2(012)7029/2016 saylı, 23.02.2016-cı il tarixli məhkəmə əmrinin hissə-hissə icra edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müəyyən ailə problemlərinin həllindən ötrü X18 ASC-nin Xırdalan filialına müraciət edərək 16.04.2015-ci il tarixdə bankla bağladığı kredit müqaviləsinə əsasən, 29 ay müddətinə, 28%-lə ödəmək şərti ilə 20 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bağlanmış kredit müqaviləsinin icrasını təmin etmək üçün kreditor X18 ASC ilə digər borclu X8 arasında da həmin tarixdə, yəni 16.04.2015-ci ildə zaminlik müqaviləsi bağlanmışdır. O, götürdüyü krediti bir müddət asanlıqla ödəmiş, lakin müəyyən problemlər ucbatından müvəqqəti olaraq ödəmələrdə çətinliklər yarandığından bu barədə yəni ona köməklik məqsədi ilə faiz hesablanmamasından ötrü bank rəhbərliyinə şifahi məlumat vermiş və köməklik olunmasına söz versələr də sonradan ödədiyi krediti əsl məbləğə yox, faizlərə çıxmışlar. Elə buna görə də hazırda onun üzərində böyük məbləğdə kredit qalmışdır. Bank işçiləri vətəndaşla öz aralarında bir araya gəlmək əvəzinə ona heç bir nə şifahi, nə də ki rəsmi qaydada məlumat vermədən 2016-cı ilin fevral ayının əvvəllərində Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun iştirakı olmadan 23.02.2016-cı il tarixdə məhkəmə prosesi keçirilərək məhkəmə əmri verilmişdir. Həmin məhkəmə əmri icra olunmaqdan ötrü Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və onun gələcək hüquqları qəsdən məhdudlaşdırılmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsi Məhkəmənin 23.02.2016-cı il tarixli əmrinin icrasını və öz vəzifələrini yerinə yetirərək kreditin tutulmasını onun və zaminin əmək haqlarına yönəltmişdir. Halhazırda borc məbləği həm onun, həm də zaminin əmək haqqından tuturlar. Hesab edir ki, məhkəmə tərəfindən sifarişli qaydada onun məlumatı və iştirakı olmadan tələm-tələsik verilən əmr tamamilə qanunsuzdur və şəxsən ona zamin olan xanımın əmək haqqından bu işlə bağlı heç bir tutulma aparılmamalıdır və Mərkəzi Bank rəhbərliyi belə bir bankların gələcək fəaliyyəti üçün lisenziya verərkən öz müştərilərinin maksimum nəzərə alınıb köməklik göstərilməsini onlara tövsiyyə etməyi unutmamalıdırlar. Abşeron Rayon Məhkəməsi 23.02.2016-cı il tarixdə onun və zaminin iştirakı olmadan əmr verərkən həmin əmrdə borclu X14 adında digər vətəndaşın adının da 16.04.2015-ci il tarixli müqavilədə keçməsini qeyd etmişdir. O, həmin şəxsi ümumiyyətlə tanımır və belə bir ad, soyadda tanışı yoxdur. Uzun müddət davam edən pandemiya ilə əlaqədar ailə üzvlərində iş qabiliyyəti olanlar normal işləmədiklərinə görə ondan və zaminin əmək haqqından 50% kredit tutulduğu üçün ciddi çətinliklər çəkir. Onun əmək haqqının 100 % borca yönəlir. Çünki zaminin əmək haqqından çıxılan pulu o, məcbur olub ödəyir. Belə olan halda onun əmək haqqının 100 % borca çıxılmış olur. Artıq həmin borcun bir hissəsi ödənilmişdir, onun əmək haqqından borcun ödənilməsi üçün tutulur, eyni zamanda zaminin əmək haqqından tutulan məbləği də o, zaminə ödəmək məcburiyyətində qalır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu N.M.Əmiraslanova verdiyi şikayəti onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. Müəyyən ailə problemlərinin həllindən ötrü «X18» ASC-nin Xırdalan filialına müraciət edərək 16 aprel 2015-ci il tarixdə onunla bank arasında bağlanılmış kredit müqaviləsinə əsasən 29 ay müddətinə 28%-lə ödəmək şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bir müddət borcu ödəmişdir, lakin müəyyən problemlər ucbatından müvəqqəti olaraq ödəmələrdə çətinliklər yaranmışdır. Məhkəmə onun və zaminin iştirakı olmadan əmr vermişdir. Uzun müddət davam edən pandemiya ilə əlaqədar ailə üzvləri ilə iş qabiliyyəti olanlar normal işləmədiklərinə görə ondan və zaminin əmək haqqından 50% kredit tutulduğu üçün ciddi çətinlik çəkir. O, borcdan yayınmır. Lakin borcun hissə-hissə icra edə bilər. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 8(012)-200/2021 saylı qərardadını ləğv edib, «X18» ASC-nin xeyrinə ödəniləcək 15.797 ABŞ dolları 45 sent məbləğində borcun hər ay hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İşin məhkəmə iclasında araşdırılması zamanı isə Abşeron Rayon Məhkəməsinin 2(012)-7029/2016 saylı, 23.02.2016-cı il tarixli məhkəmə əmrinin icrasına əngəl törədən və borclu N.M.Əmiraslanova üçün əlverişsiz olan hallar öz sübutunu tapmamış və məhkəmə borclunun ərizəsində istinad etdiyi halları qətnamənin hissə-hissə icrası üçün müstəsna hal kimi qəbul etməməklə yanaşı, tələbkarın mənafeyini nəzərə alaraq ərizənin rədd olunması qənaətinə gəlmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 16 mart 2021-ci il tarixli 8(012)-200/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar