Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-130/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatının təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-469/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-834/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 834/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 9132.59 manat borc və ödənilmiş 111.33 manat dövlət rüsumu tutulaarq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-469/2023 nömrəli nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-834/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Borclu qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-469/2023 nömrəli nömrəli qərardadını ləğv edərək təqdimatın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, o həmin qərardaddan məlumatsız olmuşdur, icra məmuru icraata başlamaq haqqında qərarın surətini də ona verməmişdir. Ölkədən getmək hüququnun məhdudlaşdırılması səbəbindən işləyə bilmir. Belə ki, onun işi ticarətdir, Türkiyədən mal gətirib satmaqla banka olan borcunu ödəyə bilər. Lakin bu məhdudiyyətə görə tircarətlə məşğul ola bilmir. Bu, onun maddi vəziyyətinə təsir edir. İcra məmuru tərəfindən qətnamənin icrası üçün heç bir addım atılmadan, birbaşa ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ona görə də hesab edir ki, qərardad qanunsuzdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-469/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alnmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-469/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmiş, borclunun izahatı alınmışdır. Borclu izahatında işləmədiyinə görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Halbuki, apellyasiya şikayətinin dəlillərində ticarətlə məşğul olduğunu və ölkədən çıxmasına məhdudiyyət qoyulduğuna görə başqa ölkəyə gedə bilmədiyini bildirmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru borclunun yaşadığı ünvanda olmuş və tələbin yönəldilə biləcəyi əmlakı olmadığını müəyyən emtişdir. İşdə olan sistemdən çıxarışdan da görünür ki, icra məmuru tərəfindən borclunun əmlak və gəlir məlumatları sorğulanmış və məlumat (əmlak, nəqliyyat, pensiya və s.) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-469/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-130/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-130/2023
15.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver