Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-130/2024 28.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu MMC-yə məxsus əmlakın üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına dair iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-353/2024 nömrəli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu MMC-yə məxsus «X8 7 minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir.
2. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı notariat ofisinin 8İ-17564 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ASC-nin xeyrinə Borclu MMC-dən DCL00295772-02 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 32746,48 manat, həmçinin 12707,73 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 45479,21 manat pul tutulmadır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu MMC-yə məxsus “X8 7 minik” markalı, ** PK *** dövİət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-353/2024 nömrəli qərardadı ilə (hakim E.Məmmədov) təqdimat qismən təmin edilmiş, Borclu MMC-yə məxsus «X8 7 minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.
4. Bu qəraraddan Borclu MMC şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 8(012)-353/2024 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-353/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı notariat ofisinin 8İ-17564 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-yə məxsus «X8 7 minik» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 50.1 və 50.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatı təmin edən məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. İşin əsli bundan ibarətdir ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 08 dekabr 2023-cü il tarixində reyestr nömrəsi 8İ- 17564 olan icra qeydi tərtib edilmiş, həmin icra qeydi icra olunması üçün Abşeron rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinin Xüsusi notariusu X3 tərfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli 8İ- 17564 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. (iddia ərizəsi və əlavə sənədlər əlavə olunur) Abşeron Rayon Məhkəməsinin 2(012)-4092/2024 saylı,12 iyul 2024-cü il tarixli qərardadına əsasən iddia tələbi üzrə mülki işin məhkəmə icraatı mümkün hesab edilmişdir. Hal-hazırda həmin iş məhkəmənin icraatındadır. Həmin icra qeydinin mübahisələndirilməsi barədə mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hazırkı təqdimatla məhkəməyə müraciət edilməsi əsassızdır. İşə baxan məhkəmə bu halları nəzərə almamış, qanunsuz qərardad qəbul etmişdir. Ona görə də şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
12. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-353/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
14. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-353/2024 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
16. İşdən görünür ki, Abşeron rayon 1 saylı notariat ofisinin 8İ-17564 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ASC-nin xeyrinə Borclu MMC-dən DCL00295772-02 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 32746,48 manat, həmçinin 12707,73 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 45479,21 manat pul tutulmadır.
17. Həmin iş üzrə icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu MMC-yə məxsus “X8 7 minik” markalı, ** PK *** dövİət qeydiyyat nişanlı avtomobil aşkar olunmuş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə təqdimatı yuxarıdakı qaydada təmin etmiş, son nəticədə avtomobilin zərinə həbs qoyulması təmin edilmişdir.
19. Məhkəmə kollegiyası borclunun şikayətinə münasibət bildirərək qeyd edir ki, hazırkı halda onun şikayəti icra sənədinin verilməsinə əsas olmuş Abşeron rayon 1 saylı notariat ofisinin 8İ-17564 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin mülki mühakimə qaydasında məhkəmədə mübahisələndirməsi və həmin tələb üzrə yekun məhkəmə aktı qəbul edilmədən hazırkı təqdimatının təmin edilə bilməməsi ilə bağlıdır.
20. Kollegiya şikayətinin dəlilini əsassız hesab edir və mövqeyini bu şəkildə əsaslandırır.
21. Borclunun şikayətinin dəlili dolayısıyla icra sənədi üzrə icraatın dayandırılması ilə əlaqəlidir ki, şikayətin məzmunu və tələbi, eləcə də işin halları hazırkı formada şikayətin təmin edilməsini istisna edir.
22. Belə ki, hazırkı halda mübahisələndirilən icra sənədinin dayandırılmalı olduğu hal, yaxud bu barədə borclunun müraciəti, buna dair qəbul edilmiş hər hansı məhkəmə yaxud icra qurumunun aktı iş materiallarında mövcud deyildir. Eləcə də şikayətin dəlillərindən bu cür hallar müəyyən edilmir.
23. Konkret halda icra məmuru icra sənədinin icrası məqsədi ilə zəruri tədbirlər həyata keçirmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu MMC-yə məxsus “X8 7 minik” markalı, ** PK *** dövİət qeydiyyat nişanlı avtomobil aşkar olunduğundan, icra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir.
24. İşə baxan məhkəmə təqdimatı qismən təmin edərək, avtomobilin üzərinə həbs qoyulmasını qərara almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyini işin hallarına uyğun və əsaslı mövqe hesab edir və qeyd edir ki, məhkəmənn mübahisələndirilən qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-353/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı
Qərara aldı:
Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-353/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.