Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-130/2025 08.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Hacıyev Vahid Məcid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-410/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərardadından ərizəçi (tələbkar) Cəfərov Elxan Ağasəlim oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) tələbkar Cəfərov Elxan Ağasəlim oğlunun aliment məbləğinin indeksasiyasına dair ərizəsinin qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü Cəfərov Ağasəlim Elxan oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6937/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində indeksasiya olunması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. X3 Ağasəlim oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-410/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərardadından tələbkar Cəfərov Elxan Ağasəlim oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X3 Ağasəlim oğlu aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6937/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə 02 noyabr 2008-ci il təvəllüdlü X1 və 22 aprel 2012-ci il təvəllüdlü Cəfərov Ağasəlim Elxan oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün iş üzrə borclu Cavabdeh tutularaq iş üzrə tələbkar Cəfərov Elxan Ağasəlim oğluna ödənilməli olan aliment məbləğinin 01 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli (200 : 345 = 0,58) həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X3 Ağasəlim oğlu Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin tam təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi 8(060)- 410/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı tam qanunsuz və əsassızdır. «Azərbaycan Respublikasında 2025-ci il üçün uşağın minimumu haqqında» qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə isə bunları nəzərə almamış, alimentin artırılması hissəsinə qiymət vermədən, 2023-cü ildə mövcud olan minimum əmək haqqı məbləğinin 0.29 faiz hissədə indeksasiya etməklə uşaqlarının mənafeyini nəzərə almamışdır. Hesab edir ki, onun ərizəsi tam şəkildə təmin edilməlidir. Belə ki, hətta 0.29 faiz indeksasiya indiki yaşayış minimuma müəyyən edilsə də, bu əvvəlki alimentdən demək olar ki heç nə ilə fərqlənmir. Ona görə də hesab edir ki, alimentin artırılması hissəsində artırılmalı, sonra isə indeksasiya edilməlidir və yaxud indeksasiya ən azı 0.50 faiz həcmində müəyyən edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin qismən təmin edilməsini Hazırkı şəraitdə ayda 200 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, X3 Ağasəlim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6937/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə 02 noyabr 2008-ci il təvəllüdlü X1 və 22 aprel 2012-ci il təvəllüdlü Cəfərov Ağasəlim Elxan oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün iş üzrə borclu Cavabdeh tutularaq iş üzrə tələbkar Cəfərov Elxan Ağasəlim oğluna ödənilməli olan aliment məbləğinin 01 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli (200 : 345 = 0,58) həddində indeksasiya edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 Ağasəlim oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli və onunla bağlı 12 iyun 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-130/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-130/2025
08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver