Məhkəmə qərarları › İş №8(105)-131/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-131/2024

31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-131/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Qusar Rayon Məhkəməsinin 8(029)-11/2024-003 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim Ə.Cəlilov) Borclu etibarnamə üzrə nümayəndəsi X1 ərizəsinin rədd edilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə Qusar Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 8(029)-11/2024 nömrəli qərardadından Borclu etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 8(029)-11/2024 nömrəli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad qüvvəsində saxlanılması, şikayət 8(029)-11/2024 nömrəli işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Borclu etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək həmin qətnamə əsasında ödənilməsi olan 18646 manat pul vəsaitinin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Xaçmaz Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin müvafiq qərardadı qanunsuzdur və ləğv edilməlidir. Belə olduğu halda hansı əsasla onun ərizəsində qeyd olunan tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla qətnamənin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını nəzərə alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 18646 manat məbləğin hissə-hissə ödənilməsi nəzərə alınarsa bu uzun müddət təşkil edəcəyindən məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli və onunla bağlı 27 sentyabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar