Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-131/2025 15.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 borclu Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, X1 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunması barədə ərizəsinə dair çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 8(060)-296/2025 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X2 məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə borclu Cavabdeh birgə nikahlarından anadan olmuş 24 mart 2015-ci il təvəllüdlü Babaşov Elman Elxan oğlunun yetkinlik yaşma çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyası aparılmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.625 mislində, 250 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi daha sonra ərizəsini dəqiqləşdirərək Sumqayıt şəhər Məhkəməsinin 2(060)-251/2017 saylı qətnaməsi ilə müəyyən olunan aliment məbləğinin minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiyalaşdırılmasını məhkəmədən xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, X5 Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 24 mart 2015-ci il təvəllüdlü Babaşov Elman Elxan oğlu anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Bu səbəbdən də “nikahın pozulması tələbi” ilə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin 2016-cı il tarixli qərarı ilə aralarındakı nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahlarından anadan olmuş 24 mart 2015-ci il təvəllüdlü Babaşov Elman Elxan oğlunun onun yanında qalması və cavabdehdən uşağın saxlanması üçün hər ay 150 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, uşağın maddi təminatında əziyyət çəkir. Hesab edir ki, 150 manat aliment uşağın saxlanması üçün kifayət etmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət edir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-251/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Babaşov Elman Elxan oğlunun 18 yaşı çatanadək saxlanması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq Babaşova Gülnar İlyas qızına ödənilməsi, xx.xx.2015-ci il təvəllüdlü Babaşov Elman Elxan oğlunun 3 yaşa çatanadək Cavabdeh hər ay 33 manat maddi yardım tutulub Babaşova Gülnar İlyas qızına verilməsi qət edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 8(060)-296/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) ərizənin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-251/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Babaşov Elman Elxan oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1,18 (bir tam yüzdə on səkkiz) misli miqdarında müəyyən edilməsi qərara alınmışdır.
6. Borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-296/2025 saylı qərardadından şikayət vermişdir. Şikayətə həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-296/2025 saylı qərardadından şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 8(060)-296/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) borclu Cavabdeh ərizəsinin təmin edilməməsi, borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-296/2025 saylı qərardadından verilmiş şikayətin vaxtında verilmiş hesab edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-296/2025 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması, borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-296/2025 saylı qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
9. Borclu Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda qeyd olunan qərardadı cavabdehin tələblərinə və işin materiallarına düzgün istinad etmədən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə çıxarıldığından qanunsuz və əsasızdır və buna görə də ləğv olunmalıdır. Belə ki, alimentin təyini zamanı uşağın əvvəlki təminat səviyyəsinin qorunması və aliment ödəyən valideynin real iqtisadi imkanlarının obyektiv qiymətləndirilməsi tələb olunur. Ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,18 mislinə əsaslanan metodologiya təyin edilmiş aliment cavabdehin iqtisadi imkanlarına uyğun gəlmir. Bu yanaşma, qanunvericiliyin tələb etdiyi obyektiv və balanslı hesablamanın aparılmaması ilə tərəflər arasında ədalətli yük bölgüsünün pozulmasına və müvafiq hüquq normalarının tətbiqində əhəmiyyətli səhvlərin mövcudluğunu göstərir. Məhkəmə qərardadında cavabdehin real gəlir və digər iqtisadi məlumatları tam obyektiv şəkildə qiymətləndirmək əvəzinə, standart və formal metodologiyadan istifadə edilmişdir. Bu metodologiya cavabdehin real iqtisadi imkanlarını nəzərə almadan yüksək aliment öhdəliyinin tətbiq olunmasına səbəb olmuş, beləliklə, tərəflər arasında ədalətli tarazlığın təmin olunması prinsipinə zidd nəticə yaratmışdır. Məhkəmə qətnaməsini tərəflərin təqdim etdiyi bütün sübutlara, izahatlara və sənədlərə əsaslanaraq, obyektiv, hərtərəfli və tam şəkildə qiymətləndirməsini tələb edir. Lakin məhkəmə cavabdehin real maddi vəziyyətini və iqtisadi imkanlarını təhlil etmədən, şəxsi mülahizələrinə və formal göstəricələrə əsaslanaraq qərar verib. Bu yanaşma prosessual ədalətin təmin olunması prinsipinə ziddir və təqdim olunan sübutların obyektiv şəkildə qiymətləndirilməməsi nəticəsində qərarın etibarlılığı və tərəflərin hüquqlarının tam təmin olunması pozulub. Vurğulanmalı ən əsas məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə sazişin olmadığı və ya aliment ödəyən valideynin gəlirinin qeyri-müntəzəm, dəyişkən, naturada və ya xarici valyuta şəklində ödənildiyi hallarda, alimentin müəyyən hissəsinin sabit pul məbləği kimi tutulmasını nəzərdə tutur. Lakin məhkəmə cavabdehin gəlirinin və qazancının müntəzəm olduğunu, dəyişkənlik və naturada ödənilmə hallarının mövcud olmadığını sübuta yetirməyib. Bu vəziyyətdə, 78.1ci maddənin tətbiqi üçün tələb olunan hallar, gəlirin qeyri-müntəzəm, dəyişkən olması və ya naturada, xarici valyutada ödənilməsi-sübuta yetirilmir. Beləliklə, cavabdehin sabit aylıq gəliri nəzərə alınaraq, onun aliment hesablamasında bu maddənin tətbiq olunması mümkün deyil. Qeyd edir ki, Cavabdeh 23 dekabr 2017-cü il tarixdə X6 ilə ailə həyatı qurmuş və onların birgə rəsmi nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Babaşova Zəhra Elxan qızı anadan olmuşdur. Hal-hazırda cavbdehin maddi vəziyyəti dəyişmişdir, onun digər nikahından daha bir övladı dünyaya gəlməsi ilə cavabdehin gəliri azalmış, iş şəraiti dəyişmiş və əlavə maddi öhdəlikləri yaranmışdır. Onun digər övladının da saxlanılması üçün Cavabdeh vəzifə daşıyır. Bu səbəbdən Cavabdeh maddi imkanları xeyli məhdudlaşmışdır. Cavabdehin aylıq gəliri uşaqlarının minimum ehtiyaclarını ödəməyə kifayət etmir. Həmçinin Cavabdeh rəsmi iş yeri yoxdur. Belə ki, o, dərzi fəaliyyəti ilə məşğuldur, fərdi qaydada işləyərək ailəsinin gündəlik tələbatlarını ödəməyə çalışır. Həmçinin, cavabdehin həyat yoldaşı X6 da heç bir yerdə işləmir. Bundan əlavə, uşaqlara baxmaq hər iki valideynin vəzifəsi olduğundan, tərəflər arasında ədalətli yük bölgüsünün təmin olunması vacibdir. Nəticə etibarilə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehdən yalnız sabit pul məbləğində alimentin tutulması barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə təqdim olunan sübutları və cavabdehin real maddi vəziyyətini hərtərəfli və obyektiv şəkildə qiymətləndirmədən, şəxsi mülahizələrinə əsaslanaraq aliment hesablamasını həyata keçirmişdir. Bu isə, prosesin ədalətli aparılması prinsipinə ziddir. Beləkilə, məhkəmə qərardadı obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla, qanuni və əsaslı deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-296/2025 saylı, 09.4.2025ci il tarixli qərardadının ləğv edilməsi və cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü Babaşova Zəhra Elxan qızının saxlanması üçün hər ay sabit pul məbləğində alimentin tutulması barədə yeni qərardad qəbul edilməsini xahiş edir.
Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 8(060)-296/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 8(060)-296/2025 nömrəli qərardadı tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (MPM): Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 8(060)-296/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsaslanaraq ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-251/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 116 manat olmuşdur. Belə olan halda məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2017-ci ildə aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.
17. Məhkəmə qərardadı ilə razılaşmayan borclu Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-296/2025 saylı, 09.4.2025-ci il tarixli qərardadının ləğv edilməsi və cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü Babaşova Zəhra Elxan qızının saxlanması üçün hər ay sabit pul məbləğində alimentin tutulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli hesab etmir, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.
19. Kollegiya apellyantın etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin öhdəliyinin minimum əmək haqqının 1,18 misli həddində artırılması borclunun maddi vəziyyətində dəyişikliyə, əlverişsiz vəziyyətə düşməsinə səbəb olduğu təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.
20. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 8(060)- 296/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 8(060)-296/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.