Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-132/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 8(074)-94/2023 nömrəli qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 Rayon Məhkəməsinin 2(074)-1183/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1183/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icratına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. Tələbin yönəldilməsi üçün Borclu barədə müvafiq idarə, müəssisə, təşkilatlara, banklara sorğular edilmiş, lakin adına pul vəsaiti, əmlak və ya qiymətli əşya aşkar olunmamışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmiş və eyni zamanda, ondan icra sənədində nəzərdə tutulmuş 1810 manat aliment borcunu ödəməsi məqsədi ilə izahat alınmışdır. Lakin o, müvafiq borcundan heç bir ödəniş etməmiş və icra sənədində göstərilən tələbi yerinə yetirməmişdir. Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 8(074)-94/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilərək Şamaxı rayonu Göylər kəndində yaşayan xx.xx.1988-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim Fərid Yaqubov). Həmin qərardaddan narazı qalan Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-94/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, icra məmurunun təqdimatının təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə qətnaməsindən və iş materiallarından görünür ki, azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşlarınadək saxlanmaları üçün Şamaxı Rayon Məhkəməsi tərəfindən hər uşağa görə hər ay ondan 130 (yüz otuz) manat olmaqla hər ay cəmi 260 (iki yüz altmış) manat alimentin məndən alınıb iddiaçı Tələbkar verilməsi barədə qətnamə qət edilmişdir. O, aliment öhdəliyinə dair məhkəmə qətnaməsini valideynlərinin köməkliyi ilə icra edir. Daha doğrusunu desə o, işsiz və ağır xəstə olduğundan həmin alimenti valideyni ödəyir. Elektron nüsxəsini bu ərizəyə daxil etdiyi xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, o, 100 (yüz) manat alimenti iddiaçı Tələbkar göndərmişdir. Bundan əlavə, elektron nüsxəsini bu şikayət ərizəsinə daxil etdiyi 1/4132 saylı, xx.xx.2023-cü il tarixli arayışın əslindən görünür ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri, 2 nömrəli X1 “Baş-beynin üzvi xəstəliyi (doğuş travması) nəticəsində ağıl zəifliyi, davranış pozuntuları ilə” tibbi diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Odur ki, onun səhhəti çox pis olduğundan özünü normal idarə edə bilmir. O, alimentdən ötrü Azərbaycandan qaçıb gedən adam da deyil, heç bu ağlından da keçmir. Belə xəstəliyi ilə o, ölkə xaricində özünü dolandıra bilməz. Amma məsələ odur ki, Şamaxı Rayon İcra və Probasiya Şöbəsi o, aliment öhdəliyini yerinə yetirdiyi halda və onun ağır xəstə olduğunu bildiyi halda ona qarşı psixoloji mənfi təsir göstərmək məqsədilə belə bir təqdimatı yazıb məhkəməyə vermiş, məhkəmə isə işin faktiki hallarını araşdırmadan təqdimatı təmin etmişdir. Hesab edir ki, məhkəmənin bu qərardadı ləğv edilməli, təqdimat isə təmin edilməməlidir. Bununla belə onun övladlarına atası aliment göndərir. Uşaqları 9 və 11 yaşlarındadırlar. Əgər iddiaçı Tələbkar onları saxlaya bilmirsə, versin onlara, özləri saxlasınlar. Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 8(074)-94/2023 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-94/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərid Yaqubov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1183/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1183/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Borclu heç bir üzrlü səbəb olmadan, icra sənədini müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanmış müddəalarının mənasına görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Hazırki işin hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcək borcluya məxsus əmlak və gəlir aşkar edilməmişdir Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, borclunun ölkə hüdudlarından çıxması borcun ödənilməmiş, icra sənədinin isə icra olunmadan qalmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 8(074)-94/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-132/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-132/2023
14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver