Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-133/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. X4 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6091/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi və birgə nikahdan olan xx.xx.2009cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunduğu tarixdən borclu şəxs Cavabdeh hər ay minimum əmək haqqının 0.62 (248) misli məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6091/2022 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-737/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı X6 xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qeyd edir ki, o, uşağını saxlamaqda çətinlik çəkir. Borclu isə ona əlavə olaraq heç bir köməklik etmir. Övladının böyüməsi ilə əlaqədar olaraq tələbatları da günü-gündən artır. Hesab edir ki, övladının mənafeyi normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2025-ci il respublikada uşaqlar üçün yaşayış minimunun 246 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim A.Behbudova) ərizə təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh X6 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi qeyd edib ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası edilməlidir: 193 manat (qətnamə tutulan alimentin məbləği (1 uşaq üçün) : 300 manat (2022-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,64. Göründüyü kimi, 193 manat 300 manatın 0,64 mislinə bərabərdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,64 misli həddində indeksasiya edilməlidir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 110.1, 110.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2, 232.3-cü maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1.8.4-1, 8.4-2, 8.11-1-ci maddələrinə istinadla əsaslandırmışdır.
6. Qərardaddan narazı qalan icra sənədi üzrə borclu Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və X6 ərizəsinin rədd edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslanıb ki, Cavabdeh xx.xx.2015-ci il tarixində X9 ilə rəsmi nikah münasibətinə daxil olmuşdur. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019cu il təvəllüdlü X15 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. xx.xx.2015-ci il tarixli nikahından dünyaya gəlmiş övladlarının qayğısına qalmaq və onlara maddi dəstək göstərmək isə Cavabdeh vəzifəsidir. İşin materiallarına da əlavə etdiyi arayışdan məlum olduğu kimi məcburi dövlət sosial sığortası və digər məcburi ödənişlər nəzərə alınmadan Cavabdeh əmək haqqısı 1034 manatdır. Cavabdeh ailə başçısıdır və digər 3 övladı da onun öhdəliyindədir. Hal-hazırda alimentin məbləğinin artırılması Cavabdeh üçün digər 3 övladının maddi xərclərinin qarşılanmasına mane yaradacaqdır ki, bu da həmin uşaqların layiqli yaşayışına mane yaradacaqdır. Göründüyü kimi hal-hazırda şəraitin dəyişməsi halı mövcuddur. Bundan başqa aliment məbləğinin artırılmasının ərizə ilə məhkəməyə müraciət olunduğu tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsində dərhal icra edilməli olan qətnamələrin siyahısı göstərilmişdir. Alimentin artırılmasına dair məhkəmə aktının dərhal icra edilə bilən olması, o cümlədən müraciət olunduğu tarixdən alimentin artırılmasına qanunvericilikdə hər hansı mövqe göstərilməmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında göstərilir: “İş materiallarından görünür ki, tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir”. Müllki Prosessual Məcəllədə isə bununla bağlı hər hansı tənzimlənmə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
14. Apellyatorun hazırkı şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
15. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
18. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6091/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-737/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı X6 xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Hazırda X4 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6091/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi və birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunduğu tarixdən borclu şəxs Cavabdeh hər ay minimum əmək haqqının 0.62 (248) misli məbləğində alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
22. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvarınadək ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,64 misli (193:300=0,64) həddində müəyyən edilmiş olur.
23. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayanların mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh X6 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.
24. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-551/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.