Məhkəmə qərarları › İş №8(105)-134/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-134/2024

31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-134/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə iş üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 1895/2018 nömrəli icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə əsasən çıxarılmış Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 saylı qətnaməsi üzrə icra sənədinin hər ay 330 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1895/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il tarixli müqavilə üzrə 26785.48 manat əsas borc, 1124 manat cərimə borcu, cəmi 27909.48 manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 39799.91 manat əsas borcu, 1423 manat cərimə borcu, cəmi 41222.91 manat və məhkəmə xərcinə görə 984 manat Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2013-cü il tarixli müqavilə üzrə tutma Borclu məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X2 məxsus Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), xx.xx.2016-cı il tarixli müqavilə üzrə tutma isə X3 məxsus olan Şamaxı rayonu Şirvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetləri açıq hərracda satılması qeyd olunmuşdur. Tələb həmin əmlaklara yönəldilsə də iddiaçı əmlakları qəbul etməkdən imtina etmişdir. Hal-hazırda "xxxx" MMC-də çilingər vəzifəsində işləyir, aylıq gəliri 350 manat təşkil edir. Həmçinin pensiya alır, pensiyası 310 manat olmaqla, ümumilikdə aylıq gəliri 660 manat təşkil edir. O, gəlirinin yarsını, yəni hər ayda 330 manat ödəyə bilər. Hazırki vaxtadək cəmi 2000 manat ödəniş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 1895/2018 saylı icra sənədindən görünür ki, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 26785,48 manat əsas borc, 1124 manat cərimə borcu, cəmi 27909,48 (iyirmi yeddi min doqquz yüz doqquz manat qırx səkkiz qəpik) manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 39799,91 manat əsas borc, 1423 manat cərimə borcu, cəmi 41222,91 (qırx bir min iki yüz iyirmi iki manat doxsan bir qəpik) manat və məhkəmə xərcinə görə 984 (doqquz yüz səksən dörd) manat Borclu tutularaq “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə ödənilməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə tutma Borclu məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X2 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), xx.xx.2016-cı il tarixli müqavilə üzrə tutma isə X4 məxsus olan Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetlərinin açıq hərracdan satılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

4. Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 saylı icra sənədi üzrə borcun hər ay 330 manat olmaqla hissə-hissə ödənilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır.

5. Həmin qərardaddan Borclu şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, icra sənədi üzrə borcun hissə-hissə ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) Şamaxı Rayon Məhkəməsinin 8(074)- 116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

7. Borclu şikayəti onunla əsaslandırmışdır ki, o, Şamaxı Rayon Məhkəməsinin qərardadı ilə razı deyil. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1995/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan əsas və cərimə borcu olaraq 41222,91 manat və məhkəmə xərcinə görə 984 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Borcun ödənilməsi onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrinin hərracda satılaraq yönəldilsə də, hərracda satılması mümkün olmayıb. İddiaçı da əmlakları qəbul etməkdən imtina etmişdir. O, hal-hazıra kimi borcdan 2000 manat ödəmişdir. Qalan borcu da ödəməkdən imtina etmir. Lakin borc ödənilərkən onun mənafeyi, hüquqları nəzərə alınmalıdır. Belə ki, o özü hazırda "xxxx" MMC-də çilingər vəzifəsində işləyir. Hər ay 350 manat əmək haqqı alır. Eləcə də təqaüdçüdür və hər ay müvafiq olaraq 310 manat pensiya alır. Aylıq gəlirləri 660 manat təşkil edir ki, bunun da qanunla müəyyən edilən qaydada onun gündəlik ehtiyacları nəzərə alınmaqla 50%-ni, yəni ayda 330 manatını borc əvəzinə ödəməyə razıdır. Başqa hər hansı gəlirləri yoxdur. Hal-hazırda o, borcu ödəmək üçün çox əlverişsiz vəziyyətdədir. Hesab edir ki, məhkəmə bunu nəzərə almalı və ərizəsi təmin olunmalıdır.

Şikayətə qarşı etirazın dəlilləri

8. Tələbkar "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Ləman Sadıqlı tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.

9. Etiraz onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadı ilə Borclu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 nömrəli icra sənədi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizəsi təmin edilməmişdir. Borclu Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadından şikayət vermişdir. Həmin şikayəti aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadı tam əsaslıdır. Təəssüflər olsun ki, icra qurumunun borcluya xəbərdarlığı yalnız kağız üzərində qalmışdır. Borclu şəxsin axtarılıb tapılması elə də çətin bir iş deyil. Çünki Borclu Şamaxı rayonunda kifayət qədər tanınan və qurumlara təsir imkanına malik olan adamdır. İcra məmuru da qanunla üzərinə qoyulmuş vəzifəli şəxs kimi istənilən borclunun axtarılıb tapılması və məsuliyyətə cəlb olunması üçün kifayət qədər səlahiyyətə və qanuni imkanlara malikdir. Bu isə icra orqanının qanunla üzərinə qoyulan əsas vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırdığı icra qurumu tərəfindən müəyyən olunduğuna görə Maraqlı şəxs tərəfindən Borclu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üşün protokol məhkəməyə təqdim olunsa da, onlarda olan məlumata görə həmin vaxt borclu icra sənədinin icrasından qərəzli boyun qaçıraraq guya borcunu bağlamaq adı ilə Bakı şəhərinə gələrək burada gizləndiyi halda məhkəmə borclunun icra sənədinin icrasından imtina etmədiyi qənaətinə gəlmişdir. Bu davranışlar onların icra sənədi üzrə görülmüş iş hesab edilə bilməz. Bu tamamilə əsassız bir mövqedir. Çünki Borclu Şamaxı rayonundakı qurumlara kifayət qədər təsir edə bilən bir şəxsdir və iş üzrə sadəcə məktublar yazıb, cavabları yan-yana düzmək icra sənədini icra etmək demək deyildir. Onlar bununla qəti razı deyil. Çünki bu onların icra sənədini icrasız bir vəziyyətə salır. Hazırda icra sənədinin icrasız vəziyyətdə olmasının əsas səbəblərindən biri də elə budur. İcra məmuru borclunun barəsində daha təsirli icra tədbirləri görməlidir. Halbuki yaddan çıxarır ki, icra sənədini icra edib başa çatdırmaq vəzifəsi qanunla onun üzərinə qoyulmuşdur. Qeyd olunanlardan da göründüyü kimi, hazırda onlara aid məhkəmə qərarının icra olunması sahəsində ciddi durğunluq mövcuddur. Bundan istifadə edən borclu icra sənədi üzrə borcunu ödəməyi hissə-hissə icraya yönəldərək cinayət məsuliyyətindən boyun qaçırmağa can atır. Borclu barədə Azərbaycan Respublikası Baş Prokuroruna müraciət olunmuşdur. Borclu artıq əməlinin cinayət olmasından başqa qaydada yaxasını qurtara bilmir. Bunlara əsasən hesab edir ki, qəbul ediləcək ədalətli qərar vasitəsilə göstərilən qanuni təsir, nəhayət səmərəli nəticəsini verə bilər. İcra qurumlarının fəaliyyətində də şəffaflığın təmin olunması istiqamətində real addımlar atılar. Əgər məhkəmə orqanı öz qəbul etdiyi qərarların real icrasını təmin edə bilmirsə onda, Avropa İnsan Hüquqları Məhkəməsinin tədbirincə desə hələ çox işlər üzrə ədalət öz yerini tapmamış qalacaqdır. Bunlara əsasən xahiş edir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadının qüvvədə saxlanılması və Borclu şikayətinin təmin olunmamasına dair qərardad qəbul edilsin.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına istinad edir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)- 116/2024 nömrəli qərardadı ləğv edilməli, ərizəyə baxılması məsələsi yenidən müzakirə edilməsi üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır.

15. Kollegiya araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 saylı qətnaməsinə əsasən cəmi 41222,91 (qırx bir min iki yüz iyirmi iki manat doxsan bir qəpik) manat və məhkəmə xərcinə görə 984 (doqquz yüz səksən dörd) manat Borclu tutularaq “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə ödənilməsi, xx.xx.2013-cü il tarixli müqavilə üzrə tutma Borclu məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X2 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), xx.xx.2016-cı il tarixli müqavilə üzrə tutma isə X4 məxsus olan Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetlərinin açıq hərracdan satılması qət edilmişdir.

16. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1895/2018 saylı icra sənədinin hər ay 330 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadı ilə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

18. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv olunmasını və icra sənədi üzrə borcun hissə-hissə ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir.

20. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.

21. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

22. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

24. Göründüyü kimi hazırkı iş üzrə icra sənədi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmişdir.

25. İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

26. MPM-nin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

27. Qanunvericiliyin tələbindən göründüyü kimi işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə qətnamənin hissə-hissə icra edilməsi barədə məsələyə baxmağa haqlıdır.

28. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi araşdırılan ərizəni icraata qəbul edib, mübahisələndirilən məhkəmə qərardadını qəbul etməkdə haqlı olmamış, prosesual hüquq normalarının tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, Şamaxı Rayon Məhkəməsi hazırkı ərizəyə baxmağa səlahiyyətli məhkəmə hesab edilə bilməz. Borclunun müvafiq ərizə ilə işə baxmış məhkəməyə müraciət etmək hüququ vardır.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)- 116/2024 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq ərizəyə baxılması məsələsi yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

30. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 8(074)-116/2024 nömrəli qərardadı ləğv olunsun. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 1895/2018 saylı qətnaməsi üzrə icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəyə baxılması məsələsi yenidən müzakirə edilməsi üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar