Məhkəmə qərarları › İş №8(105)-134/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-134/2025

14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-134/2025 14.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: əmlakın üzərindən həbsin götürülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 Quba Rayon Məhkəməsinin 8(027)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin iddia ərizəsi təmin edilərək, cavabdeh “Bakuba" MMC-dən 1.515.273 manat 80 qəpik əsas borc, 31.820 manat 77 qəpik müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 11.319 manat 95 qəpik cərimə borcu olmaqla, ümumilikdə 1.543.414 manat 52 qəpik məbləğində pulun tutulması, tutmanın Maraqlı şəxs məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrasının təmin edilməsi məqsədilə Quba rayon icra və probasiya şöbəsi tərəfindən həmin əmlakın üzərinə həbs qoyulmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.

3. Daha sonra LPO Tələbkar ASC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-9173/2024 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Tərəflər arasında barışıq əldə olunduğundan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsi barədə Quba rayon İcra və Probasiya Şöbəsinə 14 yanvar 2025-ci il tarixli, 12- 5/2-578/2025 nömrəli ərizə ünvanlanmışdır. Ərizənin göndərilmə tarixindən 2 ay müddət keçməsinə baxmayaraq, icra məmuru heç bir tədbir görməmişdir. Nəticədə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

4. Maraqlı tərəf Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil məhkəməyə etiraz təqdim edərək, göstərib ki, ləğv prosesində olan Tələbkar ASC ilə "xxxx" MMC, X15, X8 və "xxxx" MMC arasında LPO Tələbkar ASC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2009-cu il tarixli, “02SF” saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.558.414,52 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutulması, tutmanın X10 məxsus Quba rayonu, AşağıXuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın hərracdan satılaraq borcun ödənilməsi tələbi, X9 LPO Tələbkar ASC-yə qarşı“ipotekaya xitam verilməsi” tələbi, LPO Tələbkar ASC-nin "xxxx" MMC-yə qarşı kredit müqaviləsinin icrası üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 708.249,63 manat pulun tutulması və tutmanın X10 məxsus Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi tələbi, X2 X10 qarşı Quba rayonu, Aşağı Xuc kəndində ümumi sahəsi 3784,2 kv.m olan, 4,0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bölünməsi barədə mübahisənin həlli ilə əlaqədar mediasiya prosesində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişi bağlanılmışdır.

5. Lakin tərəflər bu günə qədər nə xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişinin şərtlərini könüllü icra etmiş, nə də kredit müqaviləsi üzrə banka heç bir ödəniş etməmişlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçi ləğv prosesində olan Tələbkar ASC ilə maraqlı şəxslər X8, X15, "xxxx" MMC, "xxxx" MMC və Ləğv prosesində olan "xxxx" ASC arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024-00355 nömrəli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Həmin qətnamə Maraqlı şəxs hüquqlarına və qanuni mənafelərinə toxunduğu üçün qətnamədən apellyasiya şikayəti verilmişdir.

6. Lakin Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-9173/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinetə əlavə edildikdən sonra Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2-(113)-9173/2024 saylı iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasından imtina etmişdir. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-9173/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir. Hazırda sözügedən iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

7. Fond tərəfindən verilmiş hazırki şikayətlə bağlı aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, barışıq sazişinin tərəflərindən biri olan X15 ilə Maraqlı şəxs arasında uzun müddət davam edən məhkəmə mübahisələri olmuşdur. Maraqlı şəxs 2011-ci ildə cavabdeh X10 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-5314/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X6 əsas borca görə 78.366 manat və həmin borca hesablanmış faiz borcuna 8224.40 manat, cəmi 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirlər həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borclu İlham Əliyevin mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Ə.Hüseynov təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 8(006)-1412/2013 saylı qərardadı ilə X9 mülkiyyətində olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Quba Rayon Məhkəməsinin (hakim V.Seyidov) 15 mart 2023cü il tarixli, 2(027)-346/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X6 Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs verilməsi qət edilmişdir. Daha sonra cavabdeh X15 tərəfindən qətnamədən apellyasiya şikаyəti verilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə icra vərəqəsi çıxarılmış və iş hazırda Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. X15 tərəfindən Maraqlı şəxs sözügedən borc məbləğlərinin tam ödənilməsi həyata keçirilməmişdir və hazırda da borc qalmaqdadır. Bütün bunlara əsasən Maraqlı şəxs sözügedən iş üzrə maraqlı şəxs qismində cəlb edilməli olduğu halda iş üzrə, ümumiyyətlə, prosesə maraqlı şəxs qismində cəlb edilməmişdir. Xüsusilə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 9173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə digər şəxslərə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulan əmlakın üzərinə icra icraatı çərçivəsində dövlətin adından çıxarılan qətnamənin icra edilməsi üçün həbs qoyulmuş əmlaklardır. Belə olan halda, Bakı Kommersiya Məhkəməsi qətnamə və qərardadı ilə dövlətin adından çıxarılan qərarın icra edilməsini məhdudlaşdırmışdır.

8. Quba Rayon Məhkəməsinin 8(027)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim S.Məmmədov) ərizə təmin edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə Quba rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Məlum olduğu kimi, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə həbsin qoyulması vaxtilə məcburiyyət xarakterli olmuş və həmin vaxt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 20/2014 saylı qətnaməsinin icrasını təmin etmək üçün yeganə çıxış yolu olmuşdur. Sonradan LPO Tələbkar ASC ilə "xxxx" MMC arasında barışıq sazişi imzalanmış hansında ki, ipoteka qoyan X15 borc öhdəliyinin icrası məqsədilə Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin özünə məxsus hissələrini (ümumi sahəsi 3052,6 kv.m. olan soyuducu binanın (liter “В”) - 1358,6 kv.m. hissəsi (7 kameradan ibarət 2.000 tonluq hissə); dəhliz - 209,3 kv.m; - Operator otağı - 29,0 kv.m; - 2.000 tonluq soyuducu kameralarına aid talvar hissəsi; stabilizator (identifikasiyası: Çetinkaya, AC Voltaj Regulator, KVA Power: 400, İP: 20, FRK: 50, Amper: 3x450, Faz: 3, Seria: 08208); transformator (identifikasiyası: 6kv atuc 2h/x 3033575); notarial qaydada təsdiq edilmiş bölgü sxemi əsasında 4,0 ha torpaq sahəsinin 0,80 ha hissəsi) razılaşdırılmış qiymətə, yəni 1.513.434,52 (bir milyon beş yüz on üç min dörd yüz otuz dörd manat əlli iki qəpik) manat dəyərinə LPO “Kredobank" ASC-nin mülkiyyətinə verir, LPO Tələbkar ASC isə həmin hissələri öz mülkiyyətinə qəbul edir.

10. Barışıq sazişinin təsdiq olunmasına baxmayaraq, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin X10 məxsus hissələrini barışıq sazişinin şərtlərinə uyğun olaraq öz mülkiyyətinə keçirə bilmir, bu da onun mülkiyyət hüqunun pozulmasına və barışıq sazişinin icrasının mümkünsüz olmasına gətirib çıxardır. Məhkəmə iş üzrə maraqlı tərəf Maraqlı şəxs münasibətdə qeyd edib ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərindən həbsin götürülməsi barışıq sazişi ilə borclunun mülkiyyətində qalacaq əmlaklara münasibətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-5314/2011 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olmur.

11. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 8(027)- 55/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Quba Rayon Məhkəməsinin 8(027)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Ərizəni əsaslı hesab edən məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1, 263-264-cü maddələrinə istinadla etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat a) Şikayətin dəlilləri

14. Şikayətin dəlilləri əsasən ərizəyə etirazın dəlilləri ilə analoji qaydada tərtib edilmişdir. Şikayətdə göstərilir ki, Quba Rayon Məhkəməsinin 8(027)-55/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı Maraqlı şəxs hüquq və maraqlarına toxunduğundan ləğv edilməlidir. Barışıq sazişinin tərəflərindən biri olan X15 ilə Maraqlı şəxs arasında uzun müddət davam edən məhkəmə mübahisələri olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə cavabdeh X6 ümumilikdə 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra vərəqəsi verilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində borclu öhdəliyini yerinə yetirməmiş, məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1711/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borclu İlham Əliyevin mülkiyyətində olan əmlak üzərinə həbs qoyulmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Ə.Hüseynov təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli, 8(006)-1412/2013 saylı qərardadı ilə X9 mülkiyyətində olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(102)-1680/2014 saylı icra sənədi üzrə borclu X10 məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Quba Rayon Məhkəməsinin (hakim V.Seyidov) 15 mart 2023-cü il tarixli, 2(027)- 346/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X6 Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumunun alınaraq iddiaçı Maraqlı şəxs verilməsi qət edilmişdir. Bu qətnamə də yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Sözügedən iş üzrə icra vərəqəsi çıxarılmış və iş hazırda Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. X15 tərəfindən Maraqlı şəxs sözügedən borc məbləğlərinin tam ödənilməsi həyata keçirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)- 9173/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə digər şəxslərə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulan əmlakın üzərinə icra icraatı çərçivəsində dövlətin adından çıxarılan qətnamənin icra edilməsi üçün həbs qoyulmuş əmlakdır. Belə olan halda, Bakı Kommersiya Məhkəməsi qətnamə və qərardadı ilə dövlətin adından çıxarılan qərarın icra edilməsini məhdudlaşdırmışdır. İcra qanunverciliyinin əsas prinsipi icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1680/14 saylı, 29 may 2014-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC, "xxxx" MMC, X9 nümayəndəsi X12 və X4 arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: 1- "xxxx" ASC, "xxxx" MMC-yə X1 qarşı olan Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi üzrə ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və 0.0931 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin satışdan əldə olunmuş puldan "xxxx" MMC-nin "xxxx"-a borcunun ödənilməsinə yönəldilməsi barədə tələbindən imtina etməklə qeyd olunan əmlakı ipotekadan azad edir və gələcəkdə X1 qarşı həmin əmlakla bağlı hər hansı bir tələbinin olmayacağını bildirir. 2- "xxxx" MMC və onun təsisçisi və direktoru olan X15 "xxxx" ASC-nin xx.xx.2008-ci il tarixə və 16.02.201-ci il tarixə olan iddiaları üzrə ümumilikdə 3.333.017 (üç milyon üç yüz otuz üç min on yeddi) ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir və qeyd olunan barışıq sazişi təsdiq olunduqdan sonra 1 (bir) ay müddətində məbləğin "xxxx" ASC-yə ödənilməsini təmin edir. 3- "xxxx" MMC və onun təsisçisi və direktoru olan X15 bu saziş üzrə öhdəliklərini icra etmədikdə müvafiq məhkəmə tərəfindən icra vərəqəsi verilir və icra üçün müvafiq icra şöbəsinə göndərir. "xxxx" ASC "xxxx" MMC-dən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 3.333.017 ABŞ dolları məbləğinin ödənilməsini izah edir. 4- X4 Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayətindən imtina edir və bununla bağlı imtina ərizəsini AR Ali məhkəməsinə təqdim edir. 5- Tərəflər barışıq sazişini bağlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3,261.0.5, 262.4-cü maddəllərini rəhbər tuturlar və həmin maddələrin tələblərin xəbərdardırlar. Bakı Apellyasiya Məhkəməsi Müki Kollegiyasının bu iş üzrə 30 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv ediməlidir. İcra sənədi icra olunması üçün xx.xx.2014-cü il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Həmçinin Nəsimi rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 may 2014-cü il tarixli icra vərəqəsi borclu X10 aid hissədə tədbirlərin görülməsi üçün xx.xx.2015-ci il tarixdə Quba rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 may 2014-cü il tarixli icra vərəqələri üzrə borclu eyni olduğundan onların bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə borclu X10 məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən əmlakın üzərinə həbs qoyulmuşdur. Eləcədə Nəsimi rayon Məhkəməsinin 25 iyul 2014- ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən ******* mant alınaraq "xxxx" ASC-yə verilməlidir. Tələb borclu Alim Heydərova məxsus Quba rayonu, 22-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli və həmin əmlakın ilkin satış qiyməti 150000 manat qiymətləndirilmişdir. Bundan əlavə tələb digər borclu X10 məxsus Quba rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməli və həmin əmlakın ilkin satış qiyməti ******* manat qiymətləndirilərək acıq hərracda satılmalıdır. İcra sənədi xx.xx.2015-ci il tarixdə Quba rayon icra şöbəsinə göndərilmiş və müvafiq qaydada icraata başlanılmışdır. Qeyd olunan hər üç icra sənədi üzrə borclu və əmlak eyni olduğundan bir icraatda birləşdirlmə haqqında qərar qəbul edilmişdir. Bundan sonra hər üç icra sənədi ümumi bir icraatda birləşdirildiyindən icra tədbirləri hər üç icra sənədinə görə davam etdirilmişdir. Məhkəmə iclasında Quba rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Cavabdeh izahatında bildirmişdir ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında qoyulmuş həbsin götürülməsi gələcəkdə icra sənədinin Maraqlı şəxs münasibətdə icrasız qalacağına gətirib çıxaracaqdır. Bu səbəbdən onun xx.xx.2024-cü il tarixli qərarı ilə sözügedən əmlakın üzərinə həbs qoyulmuşdur. Məhkəmə tərəfindən icra məmurunun haqlı etirazı nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən 3 icra işinin birləşdiyini nəzərə alınsa, ərizənin təmin olunması icra işinin tam başa çatdırılmasına və icra tədbirləri ilə bağlı 7%-in tutulmasına birbaşa maneə olur. Lakin məhkəmə tərəfindən ümumi icraatda birləşdirilmiş üç icra sənədindən pul tələbinə dair Bakı Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-1711/2012 saylı icra sənədinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Nəticədə qeyd olunan icra sənədi üzrə tələb icrasız qalmışdır. Həmçinin tərəflər arasında saziş bağlanarkən “İcra haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq tutulmalı olan 7% icra ödənişinə toxunulmamasına baxmayaraq qərardad qəbul edərkən məhkəmə buna əhəmiyyət verməmişdir. Hazırkı halda məhkəmə öz qətnaməsi ilə qanunvericiliyin tələblərini kobudcasına pozmuş, tələbkarın öz hüquqlarını bərpa etmək istiqamətində atdığı addımları – onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Həmçinin AG Bank ASC, Maraqlı şəxs və X7 arasında 07 mart 2016-cı il tarixli tələbin güzəşti barədə müqavilə bağlanılmışdır. Maraqlı şəxs ilə X15 arasında müvafiq razılaşma əldə olunmuşdur. Tərəflər arasında olan ərizələrə əsasən Maraqlı şəxs borcun ödənilməsi tam həyata keçirilənədək əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Göstərilən hallar nəzərə alınmalı və şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

15. LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayətə qarşı yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.

18. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 7.3. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 45.7-ci maddəsinə əsasən,tələb,borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində,təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək,borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur

19. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsi: Maddə 267.1.Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 8(027)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə təhlil edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Quba Rayon Məhkəməsinin 8(027)- 55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Şikayətin dəlilləri üzrə araşdırma aparan kollegiya, iş üzrə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və işin hallarına uyğun hesab edərək mövqeyini aşağııdakılarla əsaslandırır.

24. Əvvala baxılan işin mübahisə olunmayan hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-20/2014 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin iddia ərizəsi təmin edilərək, cavabdeh “Bakuba" MMC-dən 1.515.273 manat 80 qəpik əsas borc, 31.820 manat 77 qəpik müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 11.319 manat 95 qəpik cərimə borcu olmaqla, ümumilikdə 1.543.414 manat 52 qəpik məbləğində pulun tutulması, tutmanın Maraqlı şəxs məxsus Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinə yönəldilməsi qət edilmişdir.

25. Bundan sonra Quba rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qətnamənin icrasının təmin edilməsi məqsədilə Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur.

26. Bakı Kommresiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e-2- 2(113)-9173/2024 saylı icra vərəqəsindən görünür ki, ləğv prosesində olan Tələbkar ASC ilə maraqlı şəxslər X8, X15, Maraqlı şəxs, "xxxx" MMC, "xxxx" MMC və Ləğv prosesində olan "xxxx" ASC arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/12/2024- 00355 nömrəli barşıq sazişi təsdiq edilmişdir.

27. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs nümayəndə və vəkili Vəkil Bakı Kommresiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-9173/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, məhkəmənin 25 dekabr 2024-cü il tarixli qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını nəzərə alaraq, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2-(113)-9173/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs Bakı Kommresiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e-2- 2(113)-9173/2024 saylı qətnaməsi üzrə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmasından imtina edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-546/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2-(113)-9173/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

30. Araşdırılan işin faktiki hallarından həmçinin müəyyən edilir ki, sözügedən əmlakın üzərinə ayrı-ayrı vaxtlarda bir neçə dəfə həbs qoyulmuşdur.

31. İşin hallarından belə qənaətə gəlinir ki, mübahisələndirilən əmlakın – yəni Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin üzərinə həbsin qoyulması uzunsurən məhkəmə çəkişmələrinin nəticəsi olaraq, vaxtilə məcburiyyət xarakterli olmuş və həmin vaxt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 20/2014 saylı qətnaməsinin icrasını təmin etmək üçün çıxış yolu olaraq edilmiş, lakin əmlakın ipotekada olması, həmçinin ipoteka saxlayanın üstün mövqeyi nəzərə alınmamışdır.

32. Belə ki, ipoteka saxlayan – ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir (X11 1.0.5-ci maddəsi)

33. Sonradan LPO Tələbkar ASC ilə "xxxx" MMC arasında barışıq sazişi imzalanmış hansında ki, ipoteka qoyan X15 borc öhdəliyinin icrası məqsədilə Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin özünə məxsus hissələrini (ümumi sahəsi 3052,6 kv.m. olan soyuducu binanın (liter “В”) - 1358,6 kv.m. hissəsi (7 kameradan ibarət 2.000 tonluq hissə); dəhliz - 209,3 kv.m; - Operator otağı - 29,0 kv.m; -2.000 tonluq soyuducu kameralarına aid talvar hissəsi; stabilizator (identifikasiyası: Çetinkaya, AC Voltaj Regulator, KVA Power: 400, İP: 20, FRK: 50, Amper: 3x450, Faz: 3, Seria: 08208); transformator (identifikasiyası: 6kv atuc 2h/x 3033575); notarial qaydada təsdiq edilmiş bölgü sxemi əsasında 4,0 ha torpaq sahəsinin 0,80 ha hissəsi) razılaşdırılmış qiymətə, yəni 1.513.434,52 (bir milyon beş yüz on üç min dörd yüz otuz dörd manat əlli iki qəpik) manat dəyərinə LPO “Kredobank" ASC-nin mülkiyyətinə verir, LPO Tələbkar ASC isə həmin hissələri öz mülkiyyətinə qəbul edir. Barışıq sazişinin təsdiq olunmasına baxmayaraq, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784.2 kv.m. olan əmlak kompleksinin X10 məxsus hissələrini barışıq sazişinin şərtlərinə uyğun olaraq öz mülkiyyətinə keçirə bilmir, bu da onun mülkiyyət hüqunun pozulmasına və barışıq sazişinin icrasının mümkünsüz olmasına gətirib çıxardır.

34. Bundan əlavə, kollegiya nəzərə çatdırmağı vacib bilir ki, 2009-cu ildən kredit müqaviləsinin təminatı kimi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzərinə sonradan həbslərin qoyulması, eləcə də bu barədə ipoteka saxlayana məlumatın verilməməsi anlaşılan deyil.

35. Birincisi ona görə ki, “ipoteka” özlüyündə daha geniş anlayış olmaqla, əmlak üzərində məhdudiyyətin, qadağaların və s. olmasını özündə ehtiva edir.

36. İkincisi, yuxarıda qeyd olunduğu kimi ipoteka saxlayan – ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir.

37. Göründüyü kimi, qanunvericilik ipoteka saxlayanın hüquqlarını ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada həyata keçirilməsini nəzərdə tutmuşdur.

38. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzərində uzunmüddət həbsin qalmaqda davam etməsi, ipoteka saxlayanın müqavilənin təminatından yararlanmağa mane olması və hüquqlarının pozulması ilə nəticələnməklə yanaşı, qanunvericiliyin yuxarıda sadalanan halları ilə də uzlaşmır.

39. Kollegiyanın qənaətinə görə uzun illər əmlak üzərində həbsin qalması borclu İlham Əliyevin 12-13 il ərzində məlum məhkəmə qərarının icra edilməsindən yayınmasına və süni maneələr yaratmasına münbit şərait yaradan hal kimi qiymətləndirilməlidir.

40. Nəzərə alınmalıdır ki, əgər sözügedən əmlakın üzərinə həbs qoyulmasaydı belə, onsuz da həmin əmlak kompleksi ipoteka predmeti olmaqla, növbəlilik qaydasına riayət edilməklə ona yönəltmə aparılaraq, satışından əldə olunmuş məbləğ hesabına tələbkar olan Bankın pulu ödəniləcəkdi.

41. Çünki, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər (İHQ 7.3cü maddəsi).

42. Kollegiya sonda onu da diqqətə çatdırmağı vacib bilir ki, yuxarıda göstərilmiş “Barışıq sazişin”nin şərtlərinə görə mübahisəli əmlak kompleksi ümumilikdə deyil, onun bir hissəsi (barışıq sazişində göstərilən hissəsi) – yəni borcun həddi hissəsində tələbkar tərəfin mülkiyyətinə keçir. Bu isə onu deməyə əsas verir ki, qalan hissə yenə də borclu İlham Əliyevin mülkiyyətində qalmaqda davam edəcəkdir. Sadəcə əmlak üzərində “həbs”in qalması mövcud Sazişin şərtlərinin yerinə yetirilməsinə, konkret halda göstərilən şərtlərə uyğun bölünə və ya ayrıla bilməsinə maneə yaradır.

43. Əks halda, yəni Sazişin şərtləri yerinə yetirildikdən sonra, qalan hissə borclu İlham Əliyevin adında saxlanılmaqla digər tələbkarın (hazırki halda apellyatorun) tələbinin təmin olunması üçün yönəltmə aparılmasını, yəni borclunun mülkiyyətində qalacaq əmlaklara münasibətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)- 5314/2011 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini istisna etmir.

44. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Quba Rayon Məhkəməsinin 8(027)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı

Qərara aldı:

Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 8(027)-55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar