Məhkəmə qərarları › İş №8(105)-135/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-135/2023

30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-135/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 icraatın dayandırılması haqqında təqdimatına dair iş üzrə Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 nömrəli qərardadından icra sənədi üzrə Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-356/2022 saylı icra sənədi üzrə icaatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-356/2022 saylı icra sənədinə əsasən Borclu cəmi 2104,81 manat məbləğində borc və dövlət büdcəsinə köçürülmüş 60 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödəməlidir. Qeyd olunan icra sənədi ilə bağlı 70513/22 saylı icra işi açılaraq, xx.xx.2022-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon polis şöbəsində Borclu barəsində xx.xx.2023-cü il tarixdə 560449/23 saylı axtarış işi açılmışdır. Ona görə də Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-356/2022 saylı icra sənədi üzrə icraat dayandırılmalıdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsini rəhbər tutaraq icraatın dayandırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 saylı qərardadına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-356/2022 saylı icra sənədi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılmışdır (hakim Vüqar Seyidov). Tələbkar ASC Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 saylı qərardadının ləğv edilməsini və icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-356/2022 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)-406/2023 tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmişdir. Məhkəmə qərardadda heç bir əsaslandırma aparmadan hesab etmişdir ki, icra sənədi üzrə borclu axtarışda olduğu üçün təqdimat təmin edilməli və Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-356/2022 saylı icra sənədi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırmalıdır. Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 8(027)-406/2023 saylı qərardadı 20 oktyabr 2023-cü il tarixdə elektron məhkəmə sisteminin elektron kabinetə yerləşdirilmişdir. Hesab edirlər ki, ilk növbədə qeyd edilən hüquq norması düzgün təfsir edilərək tətbiq edilməmişdir. “İcra Haqqında” Qanunun 18.1ci maddəsi imperativ deyil, dispozitiv xarakterlidir. Qanunun həmin maddəsində icraatın dayandırıla bilməsinin mümkün olduğu qeyd edilmişdir. Göründüyü kimi, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat mütləq şəkildə dayandırıla bilməz. İcra sənədi üzrə icraatın dayandırıldığı müddət ərzində borclunun adına yeni əmlaklar rəsmiləşdirilə, borclu işə qəbul edilə və əlavə gəlirlər əldə edə bilər. İcra sənədi üzrə icraat dayandırıldığı halda icra sənədinin icrası ilə bağlı tələbin bu kimi əmlak və gəlirlərə yönəldilməsi mümkün olmayacaqdır. Bu səbəbdən də, hesab edirlər ki, icra müddəti ərzində, borclu barəsində axtarış işi açılmış olsa belə icra tədbirləri dayandırılmamalı, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən sorğuların verilməsi və elektron icra sistemi vasitəsi ilə məlumatların əldə edilməsi davam etdirilməlidir. Qeyd edilən hallardan göründüyü kimi, borclu barəsində axtarış işinin açılması icra sənədi üzrə icraatın dayandırılması üçün əsas deyildir və digər icra tədbirlərinin görülməsinə maneə yaradan hal olmamalıdır. Təqdimata baxarkən məhkəmə işin hallarını kifayət qədər araşdırmamışdır. Bildirilmişdir ki, Quba Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, e-2(027)-356/2022 saylı, icra sənədinə əsasən Borclu TələbkarASC-nin xeyrinə cəmi 2164.81 manat məbləğində pul vəsaiti tutulmalıdır. Lakin, bu vaxta kimi icra sənədi üzrə borclu tərəfindən ümumilikdə 500 manat məbləğində ödəniş edilmişdir, yerdə qalan qalıq borc məbləği isə bu günədək ödənilməmiş qalmaqdadır. Bildirilmişdir ki, borcun tam şəkildə ödənilməsi üçün qanunvericilikdə qeyd edilmiş icra tədbirlərinin hamısı birlikdə və ayrı-ayrılıqda tətbiq edilə bilər. Bununla bağlı “İcra Haqqında” Qanunun 44.3-cü maddəsində qeyd edilmişdir ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Bildirilmişdir ki, icra sənədinin icrasının təmin edilməsi məhkəmənin nəzarətində olan məsələlərdəndir. Belə ki, bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də bir sıra qərarlarında qeydlər edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Odur ki, Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü iltarixli 8(027)- 406/2023 saylı qərardadının ləğv edilməsi və icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 nömrəli qərardadı ilə Tələbkar ASC-nin şikayəti təmin edilməmiş, Tələbkar ASC-nin Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 saylı qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 nömrəli qərardadı ləğv edilməli, icra məmurunun təqdimatına yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi təqdimata əlavə olunmuş sənədləri araşdırıb, onlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, icra sənədi üzrə borclu axtarışda olduğu üçün təqdimat təmin edilməli və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 356/2022 saylı icra sənədi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, icra məmurunun təqdimatının məzmunu düzgün tərtib olunmamışdır. Həmin təqdimatda səhvən tələbkar kimi "xxxx" MMC-nin adı qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi qərardadında həmin səhvi təkrarlamaqla buna diqqət yetirməmişdir. Bununla əlaqədar Tələbkar ASC şikayətində qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, e-2(027)-356/2022 saylı icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə cəmi 2164,81 manat məbləğində pul vəsaiti tutulmalıdır. Lakin bu vaxta kimi icra sənədi üzrə borclu tərəfindən ümumilikdə 500 manat məbləğində ödəniş edilmişdir, yerdə qalan qalıq borc məbləği isə bu günədək ödənilməmiş qalmaqdadır. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə görə borclu axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Şikayətin dəlillərində məhz həmin maddənin imperativ olmadığı göstərilsə də, birinci instansiya məhkəməsi şikayətin həmin əsaslı dəlilinə hüquqi qiymət verməmişdir. Beləliklə də,qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməli, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 nömrəli qərardadı ləğv edilməli, icra məmurunun təqdimatına yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 8(027)-406/2023 nömrəli qərardadı ləğv edilsin. İcra məmurunun təqdimatına yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar