Məhkəmə qərarları › İş №8(105)-135/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-135/2024

29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-135/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinə əsasən Borclu 103.885 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Quba Rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələri mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun daşınmaz əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

3. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 141/2024 saylı icra vərəqəsindən görünür ki, Borcludan Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.

4. İş materiallarında olan Elektron məhkəmə portalından əldə olunmuş çıxarışa əsasən Borclu adına Quba Rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri vardır.

5. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı ilə (hakim Vüqar Seyidov) təqdimat qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba Rayonu, Vladimirovka kəndində **********85 reystr nömrəli, 0.96 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi təqdimatın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilmir, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba Rayonu, Vladimirovka kəndində **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi üzərinə həbs qoyulmalıdır.

7. Tələbkar şikayət verib, həmin qərardadın qismən ləğv edilərək təqdimatın tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız və qanunsuzdur. Məhkəmə nəzərə almalı idi ki, icra xərci 7% olmaqla 7271,95 manat təşkil etdiyindən cavabdehdən (103.885 + 7271,95=111.156,95) 111.156,95 manat pul alınmalıdır. Bu zaman üzərinə həbs qoyulmuş həmin əmlakın bazar qiyməti müəyyən edilməmişir. Həmin ərazidə bağ salınmış 1 (bir) ha torpaq sahəsinin bazar qiyməti (torpağın vəziyyəti, suyun məsafəsi, ağacların yaşı, bar vermə qabiliyyəti və s.) 25-35 min manat civarındadır. Məhkəmənin üzərinə həbs qoyduğu bu sahənin dəyəri barədə ixtisaslı mütəxəssis rəyi alınmamışdır. Onda bəs qalan pulları necə almaq mümkün olacaqdır? Məhkəmə qərardadında göstərmişdir ki, iş üzrə Tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmə ona hansı yolla məlumat verməsini göstərməmişdir. Əsl həqiqətdə isə məhkəmə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatına baxılacağı yer və vaxt barədə nə onun mobil telefon nömrəsinə mesaj, nə də ünvanına bildirişli məktub göndərməmiş, bu təqdimat haqqında ona hər hansı bir məlumat verməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

12. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

13. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

17. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

20. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.

23. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (“İcra haqqında” Qanunun 45.1-ci maddəsi).

24. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (“İcra haqqında” Qanunun 50.2 və 50.4.1-ci maddələri).

25. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, bu məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə ödəməli olduğu borcun tələbkara ödənilməsini könüllü şəkildə təmin etməmişdir. İcra sənədi üzrə könüllü icra müddətində borclu icranı təmin etmədiyindən icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tələb borclunun əmlakına, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.

28. “Elektron məhkəmə” informasiya sistemindəki məlumata əsasən borclunun mülkiyyətində olan Quba Rayonu, Vladimirovka kəndində **********85 reyestr nömrə ilə qeydə alınmış kənd təsərrüfatı təyinatlı torpağın ümumi sahəsi 0.8404 göstərilir.

29. Birinci instansiya məhkəməsi tələbin borcluya məxsus Quba Rayonu, Vladimirovka kəndində **********85 reystr nömrəli, 0.96 ha torpaq sahəsi üzərinə həbs qoyulmasını təmin etdikdə borcluya məxsus digər torpaq sahələri üzərinə həbs qoyulmasından imtina səbəbini, üzərinə həbs qoyulmuş əmlakın lazım olan miqdarda və həcmdə olub-olmamasını qərardadda əsaslandırmamış, o cümlədən qərardaddan verilmiş şikayətə baxarkən də şikayətin göstərilən dəlillərini yoxlamamış və qiymət verməmişdir.

30. Halbuki, MPM-in 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

31. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən icra sənədi üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsi işdən müəyyən olunmur, tələbkar isə göstərilən halı mübahisələndirir və ona məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmədiyini göstərir.

32. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının xx.xx.2024-cü il tarixdə keçiriləcəyi barədə bildiriş tərtib edilsə də, göndərilən məktubların siyahısından tələbkara məktub göndərilməsi müəyyən olunmur. Bildirişin üzərində olan Z.Nəcəfovun məktubu qəbul etməsinə dair yazıların altında isə xx.xx.2024-cü il tarixi qeyd edilmişdir. (İş v.12-13)

33. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı ləğv edilməli, hazırki qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar