Məhkəmə qərarları › İş №8(105)-136/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-136/2025

10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-136/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi (tələbkar) X2 məhkəmə qətnaməsi üzrə aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə dair iş üzrə Qubadlı Rayon Məhkəməsinin 8(028)-26/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 103 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli miqdarında və uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 500/2014 saylı, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ilə borcludan iki övladının yetkinlik yaşına çatanadək saxlanması üçün ərizəçinin xeyrinə hər ay hər uşağa görə 103 manat alimentin və xx.xx.2014-cü il təvəllüdlü X5 üç yaşı tamam olanadək 100 manat maddi yardımın tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə məhkəmənin qətnaməsindən verilən apellyasiya şikayəti təmin olunmuş və yalnız xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 103 manat sabit pul məbləğində alimentin borcludan xeyrinə tutulması qət edilmişdir. Cavabdehin ödədiyi məbləğ bu günki yaşam tərzinə uyğun deyildir. Həmin məbləğ uşağın geyim, qida, təhsil və sair tələbatlarını ödəmir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş edir. Qubadlı Rayon Məhkəməsinin 8(028)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ramiz Quliyev) ərizə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay uşaq üçün 103 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 0,98 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2013-cü il sentyabrın 1-dən 2017-ci ilin yanvar ayının 1-dək 105 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 103 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (103 manat/105 manat=0,98). Maraqlı şəxs Qubadlı Rayon Məhkəməsinin 8(028)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadının qismən ləğv edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay uşaq üçün 103 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 0,5 misli həddində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şübhəsiz ki, 103 manat məblləğində alimentin miqdarı bu günki iqtisadi münasibələrə tərs mütənasibdir. Qanunvericliyə uyğun olaraq 2015-ci il tarxili qətnamə ilə müəyyən edilmiş aliment məbləği 2025-il üçün müəyyən edilən yaşayış minimumuna uyğun olaraq 0.5 mislində müəyyən edilməlidir. Təkcə ərizəçinin uşağı deyil, onun himayəsində olan azyşalı övladının, özünün, həyat yoldaşının da yaşayış tərzi və bununla yanaşı aylıq gəlirləri də nəzərə alınmalıdır. Övladına aliment ödəməkdən imtina etmir, sadəcə bu alimenti maddi büdcəyə uyğun şəkildə ödəməli olduğunu hesab edir. Digər övladını atmamalı, ona da bərabər hüquqlu şəkildə baxmalıdır. Məhkəmə bunu nəzərə almalı və 2025-ci il üçün müəyyən edilən minimum əmək haqqının 0.5 mislində alimnet müəyyən etməldir. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir. Hakim qərardadı bu qanuna istinad edərək çıxartmışdır. Lakin qanunun bəzi müddəalarını unutmuş, məsələnin həlli yolu üçün düzgün, obyektiv araşdırma aparmamışdır. Məhkəmə 2015-ci il tarxili qətnaməsi ilə bu iddiaya dair öz mövqeyini bildirmiş və 2015-ci il üçün yaşayış minimumuna uyğun qərar çıxartmışdır. Bundan əlavə olaraq məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Halbuki ərizəçi onun maddi vəziyyətinin dəyişməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin ailə vəziyyətinin artımını bildiyi halda məhkəmədən gizlin saxlamağa çalışmışdır. Məhkəmə 2025-ci il üçün “Yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırılmışdır. İddianın mövqeyinə görə yaşayış minimumunun məbləğinin miqdarının alimentin artırılmasına aid edilməsini əsas götürür. Lakin bu qeyrimüəyyənliklər yaradır. Nəinki onun, həmçinin ailə üzvlərinin və azyaşlı övladının da hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, alimentin miqdarının müəyyən edilməsi zamanı “Yaşayış minimumu haqqında” Qanunun normaları deyil, onun da maddi və ailə vəziyyəti əsas götürülməlidir. Bu məsələyə o nöqteyi-nəzərdən baxmaq lazımdır ki, məhkəmə alimenti ölkə üzrə minimum əmək haqqının 0,98 misli həddində indeksasiya edilməsi ilə bağlı qərar vermişdir. Belə ki, ölkə üzrə minimum əmək haqqı 400 manat müəyəyn edildiyi halda, bu məbləğin 0.98 misli 392 manat təşkil edir. O və ailə üzvlərinin yaşaması üçün əmək haqqı 800 manat təşkil etdiyi halda, bir uşağın saxlanılması üçün 392 manat alimentin müəyən edilməsi şişirdilmiş və ağlabatan məbləğ deyildir. Habelə onun "xxxx" ASC və "xxxx" ASC-də 2 kredit öhdəliyi var, hər ay əmək haqqından 160 və 202 manat məbləğində pul ödəyir və himayəsində övladı var. Göründüyü kimi təyin edilən aliment məbləği aylıq maddi tələbatları arasında mütənasiblik yaradır, bu da onun öhdəliyini artıraraq gələcəkdə neqativ halların baş verməsinə səbəb ola bilər. Belə ki, aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına rast gəlinir. Bu da nəinki onun, həmçinin gələcəkdə uşaqların da peşə seçimi zamanı və bu kimi digər hallar zamanı mənfi vəziyyətə gətirib çıxara bilər. Hesab edir ki, məhkəmə alimentin artırılmasına dair işlərə baxarkən cavabdehin üzərində olan digər öhdəlikləri və ya onun maraqlarına toxunan hallar nəzərə alınmalıdır. Valideyn olaraq iddiaçı da bir valideyn kimi uşağının maddi tələbatlarının ödənilməsində cavabdehlə bərabər eyni vəzifə daşıyır. Ailə qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarı hazırki vəziyyətdə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun indeksasiya olunması onun hüquqlarını bir başa pozur. Belə ki, maddi vəziyyəti, ailə gəlirləri, öhdəlikləri nəzərə alınmalı olduğu halda məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. xx.xx.2017-ci il tarixdə X3 adlı şəxslə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikadan xx.xx.2020-ci il təvəllüdlü X7 adlı bir övladı olmuşdur. Aliment məhkəmə tərəfindən müəyyən edilərkən bu hallar nəzərə alınmamışdır. Qubadlı Rayon Məhkəməsinin 8(028)-26/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 8(028)-26/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, X2 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-500/2014 saylı, xx.xx.2014-cı il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, X2 Borclu qarşı sabit pul məbləğində alimentin artırılmasına və maddi yardım tələbinə dair iddiasının qismən təmin edilməsi, Borclu xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 31 avqust 2013-cü il tarixli, 3112 nömrəli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. Ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2013-cü il sentyabrın 1-dən 2017-ci ilin yanvar ayının 1-dək 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 103 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 105 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,98 (103:105=0,98) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 8(028)- 26/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək hər ay 103 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin indeksasiya nəticəsində hazırki minimum əmək haqqının 0,98 misli həddində artırılması, onun maddi vəziyyətini həddən artıq ağırlaşacağı təqdirdə, alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 8(028)-26/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar