Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-137/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 25 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə icra sənədi üzrə Borclu şikayət ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinə əsasən Borclu və X2 müştərək qaydada 40900 manat pulun alınaraq X6 ödənilməsi qət edulmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, borclular Borclu və onun atası X4 icra məmuru X5 tərəfindən borcun ödənilməsi üçün könüllü müddət verilmişdir. Lakin maddi imkanları olmadıqlarına görə hazırkı vaxtadək borclular cəmi 4200 manat pul ödəmişlər. Həmin məbləğin ödənilməsinə baxmayaraq Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Borclu barəsində 25.08.2020-ci il tarixdə borclunun axtarılması haqqında qərar çıxarılmışdır. Ona görə də Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 25.08.2020-ci il tarixli qərarınıın ləğv edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(067)-1639/2016 saylı qətnaməsinə əsasən ondan və atası X2 müştərək qaydada 40900 manat pulun alınaraq X6 ödənilməsi qət edulmişdir. Onun himayəsində ürək qüsuru olan övladı vardır, nə özü, nə də həyat yoldaşı işləmir. Hazırkı vaxtadək o, tələbkara cəmi 4200 manat pul ödəmişdir və bundan sonra hər ay 500 manat pul ödəyə bilər, lakin buna baxmayaraq icra məmuru Faqil Adıgözəlov onun axtarılması haqqında 25.08.2020-ci il tarixdə qərar qəbul etmişdir. Göstərilənlərə əsasən həmin qərar ləğv olunmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadı ilə (hakim İ.Xəlilov) Borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 25 avqust 2020-ci il tarixli qərarından verilmiş şikayəti təmin edilməmiş, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 25 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan narazı qalan Borclu ondan şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadının ləğv olunmasını, icra məmurunun qərarından verdiyi şikayətin isə təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : Borclu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, o, tələbkara 4200 manat məbləğində pul ödəmişdir. Əgər keçən 5 il müddətində tutma atasının pensiyasına yönəldilsəydi, hazırkı vaxtadək borcdan təxminən 8-9 min manat pul ödənilərdi. İcra məmuru F.Adıgözəlov qəsdən icra sənədi üzrə tutmanı atasının pensiyasına yönəltmir ki, onun süni surətdə əlavə məsuliyyətə cəlb edilməsi üçün formal əsaslar yaransın. İcra məmuru qanunsuz olaraq onu axtarışa vermişdir. Məhkəmə qeyd edilən halları araşdırmadan əsassız qərardad çıxarmışdır. Belə ki, o, tələbkara 4200 manat məbləğində pul göndərmişdir, o həmin puldan 1100 manat məbləğində pulu qəbul etmiş, qalan pulları qəbul etməkdən imtina etdiyi üçün pullar geri qayıtmışdır. O, heç yerdə işləmir, himayəsində anadangəlmə ürək qüsuru olan övladı var, mütəmadi olaraq onun müalicəsi ilə məşğul olur. Buna baxmayaraq borc-xərc edib imkan daxilində hər ay tələbkara 500 manat məbləğində pul göndərmişdir. Onun həqiqətən maddi imkanı ola-ola tələbkara pul ödəməkdən yayınması icra sənədinin icrasından üzürsüz yayınma kimi qiymətləndirilə bilər. Lakin, onun heç bir daşınar və daşınmaz əmlakı yoxdur, imkan daxilində tələbkara hər ay 500 manat məbləğində pul ödəmişdir. Məhkəmə tam əsassız olaraq onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi qənaətinə gəlmişdir. Məhkəmə 5 il ərzində icra sənədinin digər borclu olan atası X7 barəsində icra edilməməsinin səbəblərini öyrənilməmiş və icra sənədi üzrə tutmanın onun pensiyasına yönəldilməməsinin səbəbləri araşdırılmamışdır. Onun barəsində qanunsuz olaraq axtarış qərarı verildiyindən heç bir işə qəbul oluna bilmir və bu da icra sənədinin onun tərəfindən ödənilməsinə maneçilik törədir. İşə baxan məhkəmə qərar qəbul edərkən, bir sıra maddi hüquq normalarının tələblərini pozduğundan Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadı ləğv olunmalı, icra məmurunun qərarından verdiyi şikayət isə təmin edilməlidir. İcra sənədi üzrə tələbkar X8 şikayətlə razılaşmadı və bildirdi ki, icra məmuru icra tədbirləri barədə vaxtında qarşı tərəfə məlumat vermiş, lakin onlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin faktiki olaraq icrasından yayınmışlar. İcra məmuru borclulardan biri barədə axtarış elan etmişdir, çünki həmin borclu icra məmurunun çağırışlarına məhəl qoymamışdır. İcra məmurunun bu barədə verdiyi qərar qanunidir. Ona olan borc hissə-hissə deyil, bir dəfəyə ödənilməlidir. Buna görə də, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. İcra sənədi üzrə Borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də onlar və nümayəndələri məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadı və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 25 avqust 2020-ci il tarixli qərarı ləğv edilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin məhkəməyə göndərdiyi 28.04.2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin borclular X2 və Borclu 40.900 manat məbləğində pulun tutularaq X6 ödənilməsinə dair 2(067)-1639 saylı, 22.04.2016-cı il tarixli icra sənədi 14.03.2017-ci il tarixdə Xaçmaz rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə iş üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Yenə iş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 25 avqust 2020-ci il tarixli qərarından görünür ki, borclunun sonunsu yaşayış yeri məlum olmadığından Borclu barədə axtarış elan edilmiş, qərar icra olunması üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. İş materialları ilə müəyyən edildi ki, Borclu faktiki olaraq ünvan 1 ünvanında (bu barədə işdə 20.05.2021-ci il tarixli arayış vardır) yaşayır və o, bu barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Bundan başqa, işdən görünür ki, Borclu heç bir yerdə işləmir, buna baxmayaraq o, tələbkara borcundan 4200 manat məbləğində pul göndərmiş, o isə həmin puldan 1100 manat məbləğində pulu qəbul etmiş, qalan pulları qəbul etməkdən imtina etdiyi üçün pullar geri qaytarılmışdır. Digər tərəfdən icra məmuru tərəfindən digər borclu Q.H.Xudiyevin əmlak və maddi vəziyyəti barədə araşdırılma aparılmamış, yaranmış borc yalnız Borclu tələb olunmuşdur ki, bu da, “İcra haqqında” Qanunun tələblərinə ziddir. “İcra haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə, yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Qeyd edildiyi kimi, icra sənədi üzrə hər iki borclunun yaşayış yeri məlumdur və belə olan halda icra məmurunun Borclu barəsində axtarış elan edilməsi barədə qərarı qanunsuzdur. Bundan başqa, icra məmuru qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin səmərəli icra edilməsi üçün hər iki borcluya münasibətdə “İcra haqqında” Qanunda nəzərdə tutulmuş tədbirləri görməli, onların əmlak və gəlirləri barədə bütün məlumatları araşdırmalı və qətnamənin operativ icra edilməsini təşkil etməlidir. Yaşayış yeri məlum olan borclu barəsində hər hansı axtarış elan edilməsi əslində məhkəmə qətnaməsinin icrası ilə bağlı tədbirlər görülməsi barədə görünüş yaratmaqdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda, icra məmurunun 25 avqust 2020-ci il tarixli qərarı “İcra haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir və icra sənədinin icra edilməsi üçün icra tədbirləri davam etdirilməlidir. Mülki-Prosessual Məcəllənin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, icra sənədi üzrə Borclu barəsində axtarış elan edilməsi barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 25 avqust 2020-ci il tarixli qərarı ləğv edilməlidir, lakin bu barədə işə baxan məhkəmə tamamilə qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilməmiş, prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadının ləğv edilməsi üçün işdə kifayət qədər əsaslar müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadı ləğv edilməli və icra məmurunun qərarından verilmiş şikayət təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İcra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 8(067)-84/2021 saylı qərardadı ləğv edilsin. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 25 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə icra sənədi üzrə Borclu şikayət ərizəsi təmin edilsin və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 25 avqust 2020-ci il tarixli qərarı ləğv olunsun. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-137/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-137/2021
16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver