Məhkəmə qərarları › İş №8(105)-137/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-137/2022

14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-137/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Məmmədov Zaur İkram oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi ilə Abşeron Rayon İcra və Probasiya Şöbəsi icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə 14 iyun 2022ci il tarixli qərar qəbul etmişdir. Abşeron rayonu X1 Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan Abşeron rayonu Masazır Bələdiyyəsi şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə 14 iyun 2022-ci il tarixli qərarından ilkin olaraq şikayət Sumqayıt Apellyasiya Məhkəməsinə verilmişdir. Məhkəmə 8(105)-109/2022 saylı iş üzrə 31 avqust 2022-ci il tarixdə qərardad qəbul etmişdir. Sumqayıt Apellyasiya məhkəməsi qərardadında maddi hüquq normalarına istinad edərək göstərmişdir ki, “Abşeron rayon Masazır bələdiyyəsi icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə 14 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, birbaşa Sumqayıt Apelyasiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərarı 31 avqust tarixində qəbul edildiyindən qərardad Masazır bələdiyyəsinə rəsmi olaraq 12 sentyabr tarixində daxil olmuşdur. Lakin bələdiyyə 1 sentyabr 2022-ci il tarixdə icra məmurunun 14 iyun 2022-ci il tarixli qərarından şikayəti Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Şikayətlə bağlı məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən, tələbkarı dinləmədən tələbkarın şikayətinin geri qaytarlması ilə bağlı qərardad qəbul etmişdir. Bu baxımdan Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, 6 sentyabr 2022-ci il tarixli Qərardadı əğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, icra sənədi üzrə tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Məlahət Abbasova) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəmənin kollegiyası işə yazılı icraat qaydasında baxaraq aşağıdakı göstərilənləri qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Abşeron Rayonu Masazır Bələdiyyəsi şikayət ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-109/2022 saylı iş üzrə 31 avqust 2022-ci il tarixdə qərardadı ilə Abşeron Rayonu Masazır Bələdiyyəsinin şikayət ərizəsi qeyri-mümkün hesab edilmiş və ona geri qaytarılmışdır. Bundan sonra Abşeron Rayonu Masazır Bələdiyyəsi şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, lakin məhkəmənin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Plenum aşağıdakıları qeyd etmişdir: “...Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. ... Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. “İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilirdi. “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. ...Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir: - “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər; Beləliklə məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək hesab edir ki, məhz icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Hazırki işdən isə görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli qərarı “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərardır. Kollegiya hesab edir ki, üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə işdə iştirak edən şəxslərin məhkəmə aktlarından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə Abşeron rayonu Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Abşeron rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2022-ci il tarixli qərarından şikayətinə birinci instansiya məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və şikayətin təmin edilməməsi barədə 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 395- 396, 397.2, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Abşeron Rayonu Masazır Bələdiyyəsinin şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və şikayətin təmin edilməməsi barədə 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar