Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-137/2024 16.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi (borclu) Borclu icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 440/2024 nömrəli qərardadından ərizəçi (borclu) Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İcra sənədi üzrə Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə tutulmalı olan alimentə görə 15978 manat aliment borcunun silinməməsi və həmin məbləğin tələb edilməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə 136,60 manat alimentin tutulması qət edilmişdir. Bir neçə gün əvvəl Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən (icra məmuru Qəribağa Mirhəşimov) ona xx.xx.2024-cü il tarixli “cinayət məsuliyyətinə cəlb olunma haqqında” xəbərdarlıq təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda onun aliment borcunun guya 15978 manat təşkil edildiyi göstərilmişdir. Halbuki, uzun illər ərzində onun tərəfindən tələbkar X3 çoxsaylı ödənişlər edilmişdir. Xəbərdarlıq məktubunda göstərilmiş borc məbləği həqiqəti əks etdirmədiyindən, 15978 manat məbləğində borc silinməlidir. Ona görə də müvafiq ərizə ilə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək, tələbkar X3 etdiyi ödənişlərə dair bütün qəbzləri də təqdim etməklə, 15978 manat aliment borcunun silinməsinin təmin edilməsi və müraciətinə 2 gün ərzində cavab verilməsi xahiş edilmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmiş, əsassız olaraq müraciəti təmin edilməmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-440/2024 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) icra sənədi üzrə Borclu Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki icra sənədi üzrə borclu tərəfindən icra edilməli olan tələb Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən verilmiş icra sənədidir. İcra sənədinin vaxtında və düzgün icrasına daha səmərəli və effektiv nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə icra sənədi üzrə tərəflərin müraciətlərinə məhz icra sənədini vermiş məhkəmə tərəfindən baxılması məqsədəuyğundur. Bu baxımından borclu tərəfindən icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayət ərizəsinə həmin icra sənədini vermiş məhkəmədə baxılmalıdır. Buna baxmayaraq, borclu tərəfindən qeyd olunan hallara diqqət yetirilməmiş, ərizə aidiyyət qaydalarına əməl edilməməklə verilmişdir. Ərizəçi (borclu) Borclu qərardaddan şikayət verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-440/2024 nömrəli qərardadının ləğv edilməsi, ərizənin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Belə ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Göründüyü kimi qanunvericilik icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsini icra vərəqəsini vermiş məhkəməyə deyil, icra məmurunun olduğu yerin məhkəməsinə verilməsini müəyyən etmişdir. Hazırkı halda məhkəmə tərəfindən MPM-nin 152.1.3-cü maddəsinə düzgün istinad edilməyərək, əsassız olaraq verdiyi şikayət geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi verdiyi şikayəti icraata qəbul edərək, baxmalı olduğu halda bunu etməmiş, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 8(012)-440/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(012)-440/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 11 oktyabr 2024-cü il tarixli, 8(012)-440/2024 qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası icra vərəqəsinin Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilməsinə görə hazırki ərizəyə həmin məhkəmədə baxılmalı olması əsası ilə şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası qanunun 87.1-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin qarşılıqlı təhlilinə əsasən qeyd edir ki, borclunun hazırkı şikayəti icra məmurunun ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından və ya həmin sahədə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlərindən irəli gəlməmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinin tələbindən də göründüyü kimi məhkəmə aktının icrası ilə bağlı müəyyən məsələlərə məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən deyil, icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Hazırki şikayət isə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borcludan tutulmalı olan alimentə görə icra məmuru tərəfindən hesablanmış borcun mübahisələndirməsindən ibarətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan icra məmurunun hərəkətlərindən şikayət də icra məmurunun olduğu yer üzrə məhkəməyə, yəni Abşeron Rayon Məhkəməsinə verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(012)-440/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 11 oktyabr 2024-cü il tarixli, 8(012)-440/2024 qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Borclu şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 8(012)-440/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 11 oktyabr 2024-cü il tarixli, 8(012)-440/2024 qərardadı ləğv edilsin. İş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-137/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-137/2024
16.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver