Məhkəmə qərarları › İş №8(105)-138/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-138/2020

27.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-138/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, tələbkar X1, Borclu,onun vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatının rədd edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimatın rədd edilməsi qərara alınmışdır. (hakim E.Məmmədov). Qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv olunaraq, icra üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv olunaraq icra üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 8(105)105/2020 saylı qərardadı ilə şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətin dəlillərini müdafiə edib, şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)- 156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Borclu vəkili İsmayılov Ceyhun Zöhrab oğlu şikayətin dəlillərini müdafiə edib şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkar X2 şikayətin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi təqdimatı əsassız hesb edərək təmin etməmiş, gəldiyi nəticəni də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 18.1, 21.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Lakin hazırki iş üzrə icra məmuru tərəfindən iş materiallarına icraatın dayandırılmasına əsas verə biləcək heç bir sübut əlavə edilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraat dayandırılması imperativ norma kimi qeyd olunmamış və sözügedən icra sənədi üzrə icraatın dayandırılması lüzumsuz şəkildə işin uzadılmasına səbəb olur. Odur ki, icra məmuru Vadim Əliyevin icraatın dayandırılması haqqında təqdimatının təmin edilməsini mümkün hesab etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 21.3-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqdimatda iş üzrə borclunun Abşeron rayon İcra Hakimiyyəti Başçısının 217 saylıl sərəncamının etibarsız hesab edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməsinə istinad edilsə də, Borclu Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi barədə hər hansı məlumat, bildiriş mövcud deyildir. Qeyd edilən ərizə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində prosessual hərəkətlərin aparılması barədə iş materiallarına sənəd əlavə edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan borclu tərəfindən verilmiş ərizə-şikayətlərdən görünür ki, icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsindən borclu tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin edilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilmiş qanunvericilik normalarına istinad edərək təqdimatın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Borclu şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-156/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar