Məhkəmə qərarları › İş №8(105)-138/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-138/2021

14.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-138/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadından X1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun 04.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından borclu X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmış, borclu X6 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, X6 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun 04.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru 04.02.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərarda göstərilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2016 saylı, 29.01.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9253/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsi ona məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədəki 08 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra bir ay ərzində boşaldılması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə rədd edilmişdir. 04.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın qərara aldı hissəsinin 2-ci bəndində qeyd edilir ki, borcluya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuş, 5-ci bənddə isə qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə bilinməsi göstərilmişdir. Qərar ona və iş üzrə digər cavabdehlərə 22 fevral 2021-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayondakı ünvana göndərilmiş, 24 fevralda isə o, həmin qərarı almışdır. Həmin məktubdan 1 saat keçdikdən sonra hərrac mərkəzinin 23.02.2021-ci il tarixli bildirişini almışlar. İcraata başlamaq haqqında qərarın könüllü icra etmə müddəti qanunvericilik qaydasında icra məmuru tərəfindən gözlənilməmişdir. Evin hərracı 19.03.2021-ci il tarixdə keçiriləcəkdir. Halbuki hərracın keçirilməsi qaydalarında qeyd olunur ki, 30 gün qabaq bu barədə qəzetdə elan verilir. İstər icra məmuru, istərsə də hərracı keçirməyə məsul olan vəzifəli şəxslər qanunvericiliyin tələbinə əməl etmirlər. Bu baxımdan icraata başlamaq haqqında qərar ləğv olunmalıdır. Göstərilən qətnamənin icrası ilə bağlı 1 dəfə hərrac keçirilmiş, lakin onun nəticələri məhkəmə qərarları ilə ləğv edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, iş üzə çıxarılmış qərardad qanuni və əsaslı deyildir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru 04.02.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərarda göstərilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2016 saylı, 29.01.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9253/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsi ona məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədəki 08 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra bir ay ərzində boşaldılması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə rədd edilmişdir. 04.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın qərara aldı hissəsinin 2-ci bəndində qeyd edilir ki, borcluya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuş, 5-ci bənddə isə qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə bilinməsi göstərilmişdir. Qərar ona və iş üzrə digər cavabdehlərə 22 fevral 2021-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayondakı ünvana göndərilmiş, 24 fevralda isə o, həmin qərarı almışdır. Həmin məktubdan 1 saat keçdikdən sonra hərrac mərkəzinin 23.02.2021-ci il tarixli bildirişini almışlar. İcraata başlamaq haqqında qərarın könüllü icra etmə müddəti qanunvericilik qaydasında icra məmuru tərəfindən gözlənilməmişdir. Evin hərracı 19.03.2021-ci il tarixdə keçiriləcəkdir. Halbuki hərracın keçirilməsi qaydalarında qeyd olunur ki, 30 gün qabaq bu barədə qəzetdə elan verilir. İstər icra məmuru, istərsə də hərracı keçirməyə məsul olan vəzifəli şəxslər qanunvericiliyin tələbinə əməl etmirlər. Bu baxımdan icraata başlamaq haqqında qərar ləğv olunmalıdır. Göstərilən qətnamənin icrası ilə bağlı 1 dəfə hərrac keçirilmiş, lakin onun nəticələri məhkəmə qərarları ilə ləğv edilmişdir. Məhkəmə şikayəti rədd edərkən qərarda qeyd edir ki, icraata başlamaq haqqında qərarın poçt vasitəsilə göndərilməsi ilə bağlı sənəd təqdim olunmamışdır. Lakin iş materiallarına poçt zərfinin əsli əlavə edilmişdir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, icraata başlamaq haqqında qərarın rəsmi qaydada alınması ilə hərracın keçirilmə tarixi arasındakı müddət ərzində borclu öz öhdəliyini bank qarşısında könüllü surətdə yerinə yetirə bilərdi. Bu hissədə də məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəmə mülahizə əsasında deyil, qanunla müəyyən olunmuş qaydada işə baxmalı və bununla bağlı qanuni və əsaslı qərar qəbul etməlidir. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və şikayətin təmin olunması barədə yeni qərardad çıxarılması xahiş olunmuşdur. Tələbkar “xxxx” KB ASC, borclular X6, X11 və X7, Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, borclular məhkəmə iclasına gəlmədiklərindən, tələbkar və Sumqayıt şəhəri üzrə İcra idarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2233/2016 saylı, 29.01.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9253/2015 saylı, 02 dekabr 2015-ci il tarixli qətnaməsi X5 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədəki 08 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra onun bir ay ərzində boşaldılması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə “xxxx” KB ASC ilə X6 arasında bağlanmış 08.11.2013-cü il tarixli, 10-2/12SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, “xxxx” KB ASC-nin xeyrinə X6, X11 və X4 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 47986,83 ABŞ dolları əsas, 8702,67 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 61689,5 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 08 saylı evin 20 saylı mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışda əldə olunmuş pul vəsaitindən “xxxx” KB ASC-yə ümumilikdə 61689,5 ABŞ dolları pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun 04.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2016 saylı, 29.01.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İşdən görünür ki, icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmişdir və icra sənədi “İcra haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olmuşdur. “İcra haqqında” qanunun 8.1-ci maddəsinin tələbinə görə icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Göründüyü kimi, qanunun tələblərinə uyğun olan icra sənədi üzrə icraata başlamaq icra məmurunun vəzifəsidir və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru da qanunla ona həvalə edilmiş vəzifəsini icra etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi borclulardan kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır. Hərracın keçirilməsi barədə bildirişdə ipoteka predmeti olan mənzilin satılması ilə bağlı hərracın 19.03.2021-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. Başqa sözlə, borclu Süsəmbər Nəbiyevanın icraata başlamaq haqqında qərarı aldığı tarixdən həmin vaxta kimi 20 gündən artıq müddət vardır ki, bu müddət ərzində borclu tələbi könüllü surətdə icra edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. X1 şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-116/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı X1 şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar