Məhkəmə qərarları › İş №8(105)-138/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-138/2023

29.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-138/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(027)-380/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 2(027)- 58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(027)-380/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə X1nun ərizəsi təmin edilməmişdir (hakim Aydın Babayev). Qərardaddan narazı qalan iş üzrə X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(027)-380/2023 nömrəli qərardadının ləğv edilməsini, icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmasına əhəmiyyət verilmədən icranın dayandırılması barədə ərizə təmin olunmamışdır. Quba Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 8(027)-380/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 8(027)-380/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Lakin hazırki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(027)-380/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət kağız daşıyıcıda verilmiş və şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Quba Rayon Məhkəməsinin 8(027)-380/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 8(027)-380/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar