Məhkəmə qərarları › İş №8(105)-139/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-139/2020

26.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-139/2020 26.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Tələbkar iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-286/2020 saylı qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-286/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun əmlaka həbs qoyulması haqqında təqdimatı təmin edilmiş,Borclu adına olan Abşeron rayonu, Masazır kəndi ərazisində 0,0250 ha həyətyanı torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmış, borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu adına olan Abşeron rayonu, Masazır kəndi ərazisində 0,0250 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1014/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3030 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. “Elektron icra” sistemindən çıxarışa əsasən Borclu adına Abşeron rayonu, Masazır kəndi ərazisində 0,0250 ha həyətyanı torpaq sahəsinin olduğu məlum olmuşdur Borclu tərəfindən icra sənədi hazırki vaxta qədər icra edilmədiyindən, barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardadı əsassız və qanunsuz hesab edir. Tələbkar məhkəmə iclası zamanı düzgün olmayan izahat verərək onun 3000 manat borcu qaldığını iddia etmişdir. Halbuki tələbkarın iddia etdiyi 3000 manat borc məbləğinin 2500 manatı ödənilmiş, 500 manat borc qalmışdır. Məhkəmə tərəfindən təqdimat təmin edilərkən borc məbləğinin hansı hissəsinin ödənilməsi, hansı hissəsinin ödənilməməsi kimi məsələlər araşdırılmadan qərardad qəbul edilmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Tələbkar məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Borclu və Abşeron rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, borclu məhkəmə iclasına gəlmədiyindən, Abşeron rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1014/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X2 və Borclu 3000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təqdimata baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 138.1-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə bildirişinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına xx xxxxxx 2020-ci il tarixdə baxılması barədə borcluya və Abşeron rayon İcra və probasiya şöbəsinə xx xxxxxx 2020-ci il tarixdə məhkəmə bildirişləri göndərilmiş, lakin iş materiallarında həmin bildirişin tələbkara rəsmi qaydada verilməsini təsdiq edən heç bir sənəd yoxdur. Birinci instansiya məhkəməsi təqdimata borclunun və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun iştiraklarını təmin etmədən baxmışdır. Halbuki Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 263.6-cı maddəsinə görə məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbləri pozulmuş, təqdimata borculunun və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun iştirakları təmin edilmədən baxılmışdır. “İcra haqqında” qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin qanunun 45.5-ci maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Həmin qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən Borclu banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olub-olmamasını araşdırmamışdır. “İcra haqqında” qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin qanunun 49.2-ci maddəsinə görə fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə görə borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrıayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi təqdimata baxarkən “İcra haqqında” qanunun 49.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinin tələblərini nəzərə almamış, üzərinə həbsin qoyulması xahiş edilən həyətyanı torpaq sahəsində borclunun ev inşa edibetməməsini, borclunun başqa evinin və ya mənzilinin olub-olmamasını aydınlaşdırmamış, bundan asılı olaraq borcluya məxsus həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulubqoyulmamasının zəruriliyini əsaslandırmamışdır. Həmçinin təqdimata icra işinin surəti də əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-286/2020 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar