Məhkəmə qərarları › İş №8(105)-139/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-139/2021

16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-139/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(012)-1354/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X3 ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 8(012)-238/2021 saylı qərardadından borclu X6 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1354/2019 saylı, 30.09.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 10000 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X5 ödənilməsi qət edilmişdir. Bu qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru icra hərəkətlərinə başlamışdır. Borclu X1 Rayon Məhkəməsinin 2(012)- 1354/2019 saylı, 30.09.2019-cu il tarixli qətnaməsinin hissə-hissə, yəni ayda 200 manat olmaqla icra edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizə borclu tərəfindən bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1354/2019 saylı, 30.09.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ondan 10000 manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq X5 ödənilməsi qət edilmişdir. Onun maddi vəziyyəti məhkəmə qətnaməsi ilə qət olunmuş məbləği tam şəkildə ödəmək imkanı vermir. Belə ki, ailəli biri kimi üç övladı var, övladlarından ikisi ali məktəb tələbəsidir, digər övladı isə cəbhə xəttində xidmət edir. Bu səbəbdən də məhkəmə qətnaməsi ilə qət edilmiş məbləği hər ay 200 manat olmaqla hissə-hissə ödəmək iqtidarındadır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 8(012)-238/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim H.Əhmədov) Qərardaddan narazı qalan borclu X6 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 8(012)-238/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 8(012)-238/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 01.04.2021-ci il tarixli, 8(012)- 238/2021 saylı qərardadından borclu X6 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə şikayət verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. İş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Eyni Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müdəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, 01 aprel 2021-ci il tarixdə işə baxılarkən icra sənədi üzrə borclu X6 məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onun iştirakı ilə elan edilmişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni 11 aprel 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, borclu X6 həmin qərardaddan 03.05.2021-ci il tarixdə şikayət vermiş, şikayət həmin tarixdə məhkəməyə daxil olmuş, müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın borclu X6 tərəfindən gec əldə edilməsinə əsaslanmaqla ondan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 10 günlük şikayət etmə müddətinin axımı qərardadın rəsmi qaydada alınması ilə deyil, məhkəmə iclasında elan edilməsilə başlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayət üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apelyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400,402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 8(012)-238/2021 saylı qərardadından borclu X6 tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar