Məhkəmə qərarları › İş №8(105)-139/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-139/2024

18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-139/2024 18.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu əmlakının üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsinə barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin təqdimatına dair iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması, tələbin əmlaka yönəldilməsi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydə alınmış ** XB *** qeydiyyat nişanlı, “QAZ 31105 120” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq, tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-938/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 93 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1925\2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat sabit pul məbləğində aliment tutlaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2013-cü il və xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu hal-hazırda 4900 manat aliment borcu vardır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsəsən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “QAZ 31105 120” minik markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, hazırkı təqdimat təmin edilməlidir.

3. Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadı ilə (hakim A.Əliyeva) təqdimat təmin edilmişdir.

4. Bu qəraraddan maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadının ləğv edilməsini, “QAZ 31105 120” minik markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Təqdimatı əsaslı hesab edən məhkəmə öz hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45.1, 45.7, 50.1 və 50.2-ci maddələrinə istinadla etməklə əsaslandırmış və təqdimatı təmin etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatı təmin edən məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu adına olan “QAZ 31105- 120” markalı 10XB994 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və tələbi həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Həmin qərardadın mövcudluğundan bu yaxınlarda məlumatı olmuşdur. Məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş “QAZ 31105-120” markalı 10XB994 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə X3 7400 manata satın almışdır. Avtomaşını ƏN 018201 №-li xx.xx.2023-cü il tarixli baş etibarnamə ilə almışdır. X14 da təsdiq edə bilər. Maşın faktiki olaraq onun istifadəsində və sahibliyindədir. X13 aliment borcuna görə icra məmurunun təqdimatı əsasında avtomaşın onun adında qeydiyyatda qaldığından məhkəmənin qərarı ilə maşına üzərinə həbs qoyulmuşdur. O İSƏ avtomaşının vicdanlı alıcısıdır. Əmlakın pulunu ödəyib, qanuni əsasla əldə etmişdir. Hazırda nəqliyyat vasitəsini adına keçirə bilmir. Məhkəmənin qərarı onun hüquqlarına toxunur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. İcra haqqında Azərbaycan Respublikası Qanununun:

2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

11. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsi: Maddə 267.1.Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

12. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2024cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

13. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin araşdırılan hallarından müəyyən olundu ki:

16. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü tarixli, 2(067)-938/2013 saylı icra sənədinə əsasən xx.xx.2009-cu ildə doğulmuş X1 üçün 03 may 2013-cü ildən başlayaraq Borclu hər ay 93 manat məbləğində sabit aliment alınaraq X4 verilməlidir. Yenə Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1925\2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2009-cu ildə anadan olmuş X1 üçün qətnamə qanunu qüvvəyə mindiyi gündən başlayaraq Borclu hər ay 193 manat məbləğində sabit aliment alınaraq X4 verilməlidir.

17. Borclu tələbi təmin etmədiyindən onun icra sənədi üzrə aliment bocu yaranmışdır.

18. İcra məmuru tərəfindən elektron informasiya portalından sorğu edilmiş və əldə edilmiş çıxarışda Borclu adına “QAZ 31105 120” minik markalı, ** XB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu aşkarlanmışdır. Bu səbəbdən icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıdakı formada həll etmiş, həmin qərardaddan maraqlarına toxunan şəxs tərəfindən şikayət verilmişdir.

19. Təqdimatın təmin edilməsi barədə işə baxan məhkəmənin mövqeyini əsaslı hesab edən kollegiya şikayətə dair mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

20. Apellyatorun hazırda yeganə dəlili ondan ibarətdir ki, mübahisəsigedən avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə onun tərəfindən dəyəri ödənilməklə əldə edilmişdir. Bu səbəbdən o avtonəqliyyat vasitəsinin vicdanlı sahibidir. Həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması onun hüquqlarını məhdudlaşdırır.

21. Məhkəmə kollegiyası şikayəti əsassız hesab edərək bildirir ki, qeyd olunan avtonəqliyyat vasitəsinə dair tərəflər arasında rəsmi qaydada alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən heç bir sübut növü iş materiallarında mövcud deyildir.

22. Mübahisəli avtonəqlliyyat vasitəsinə dair mülkiyyətçi–hazırkı Borclu tərəfindən apellyator Maraqlı şəxs xx.xx.2023-cü il tarixli baş etibarnamə verilmişdir ki, bu sənəd sonuncunun iddia etdiyi kimi onun avtomaşına münasibətdə mülkiyyətçi olması anlamına gəlmir.

23. Digər tərəfdən mübahisəli avtomaşına dair apellyatora baş etibarnamə xx.xx.2023-cü il tarixdə verilmiş, həmin avtomaşının üzərinə həbs isə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qoyulmuşdur. Yəni keçən 5 ay müddət ərzində avtonəqliyyat vasitəsi apellyatorun mülkiyyətinə keçirilməmişdir. Habelə sözügedən etibarnamə 1 il müddətinə verilməklə hazırda müddəti də keçmişdir.

24. Beləliklə işə baxan məhkəmə təqdimatı təmin etməklə düzgün nəticəyə gəlmişdir və hazırkı halda şikayətin dəlillərində qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2024cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı

Qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 8(067)-55/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar