Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-14/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3684/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə iş üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və X3 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3684/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3684/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X6 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X4 3200 (üç min iki yüz) manat borc və 50 (əlli) manat dövlət rüsumu məbləğində pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.
2. X2 məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3684/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması və hər ay iddiaçının hesabına 150-200 manat məbləğində pulun tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Borclu ərizəni onunla əsaslandırmışdır ki, hazırda rəsmi olaraq işləmir, heç bir maddi gəliri yoxdur. Maddi və əmlak vəziyyətinə əsasən qətnamədə göstərilən məbləği bir dəfəyə könüllü və ya məcburi olaraq tam icra edə bilmir. Odur ki, o, qətnamədə göstərilən 3200 manat məbləği hər ay 150-200 manat olmaqla ödəyə bilər.
4. Məhkəmə araşıdrması zamanı borclu məhkəməyə ərizə təqdim edərək qətnamənin hər ay 250 manat ödəməklə hissə-hissə icra edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) X1 ərizəsi təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)3684/2022 saylı icra sənədi üzrə X2ndan hər ay 250 manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X2 ərizəsində istinad etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etmiş, onun həqiqətən işləmədiyi, digər icra sənədi üzrə borcunun olduğu, hazırkı icra sənədi üzrə 200 manat ödəniş etməsi, hazırda məhkəmə qərarı ilə ödəniləcək olan 3000 manat məbləğin hər ay 250 manat ödəniş edilməklə məhkəmə qərarının hissə-hissə icra edilməsinin ağlabatan olmaqla, məhkəmə qərarının müəyyən vaxt (bir il) ərzində ödənilməsi tələbkarın əsaslı mənafeyinə uyğun hesab edilə bilinər.
7. Həmin qərardaddan Tələbkar şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1006/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadını ləğv edib, X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3684/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)- 1006/2022 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
9. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qərardad qanunsuz və əsassızdır. İşə onun iştirakı olmadan baxılmış, həmin vaxt o, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Qərardadda qeyd olunur ki, borclu Nazim Məhərrəmli xx.xx.2022-ci il tarixdə onun hesabına 200 manat məbləğində ödəniş etmişdir. X8 başqa iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi üzrə ona pul ödənilməsi barədə icra sənədi mövcuddur. Onun ödədiyi həmin 200 manat məbləğində pul əvvəlki iş üzrə icra sənədinə aiddir. Yəni hazırkı iş üzrə borclu Nazim Məhərrəmli ona heç bir məbləğdə pul ödəməmişdir. Borclunun işsiz statusu ilə bağlı qeyd edir ki, borclu Nazim Məhərrəmli işə baxılarkən məhkəmələrə 2021-2022-ci illərdə müxtəlif yerlərdə işləməsi barədə rəsmi arayışları təqdim etmişdir. Məhkəmə boclunun ərizəsini təmin edərkən onun həmin ərizəyə olacaq etirazlarını, qətnamənin hissə-hissə icra edilməsi nəticəsində onun qanunla qorunan mənafelərinə təsir edəcəyini nəzərə almamışdır. Borclu həmin pulu ondan 2017-ci ildə almış, keçən 6 il ərzində o, həmin pulu qaytarmaqdan yayınmış, bu barədə polisə etdiyi şikayətlər nəticəsiz qaldığı üçün məhkəmədə iddia qaldırmış, iddiası təmin olunsa da, borclu yenə də, müxtəlif bəhanələr axtararaq pulu ödəməkdən yayınmaq istəyir. Özünün səhhətində ciddi problemlər yaşanır, hər ay dəva-dərmana 300 manat civarında pul ödəyir. Ona görə də hesab edir ki, məhkəmənin borclunun ərizəsinin təmin edilməsi barədə qərardadı tamamilə əsassızdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 1006/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadını ləğv edib, X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3684/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1006/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1006/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(060)-1006/2022 nömrəli və bununla bağlı 12 yanvar 2023-cü il tarixli 8(060)-1006/2022 nömrəli qərardadları ləğv olunmalı, X1 ərizəsi təmin edilməməlidir.
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır.
15. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
16. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər.
17. Göründüyü kimi qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur və qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır.
18. Eyni zamanda qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir.
19. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.
20. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı.
21. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir.
22. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».
23. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.
24. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.
25. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən qaydada məhkəmə aktının hissə-hissə icra edilməsi məhkəmə aktının icra müddətini uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş olar.
27. Bundan başqa, X2 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edən, onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
28. Borclunun işsiz statusunun olmasına gəldikdə isə məhkəmə qeyd edir ki, borclunun işləməməsi onu məburi icrası tələb olunan məhkəmə aktının icrasından azad etmir və eləcə də məhkəmə aktının uzun müddət daxilində icra edilməsi ilə bağlı nəticəyə gəlinməsi üçün yetərli əsas deyildir.
29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 8(060)-1006/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(060)-1006/2022 nömrəli və bununla bağlı 12 yanvar 2023-cü il tarixli 8(060)-1006/2022 nömrəli qərardadları ləğv olunmalı, X1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(60)-1006/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir.
30. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 8(060)-1006/2022 nömrəli və bununla bağlı 12 yanvar 2023-cü il tarixli 8(060)-1006/2022 nömrəli qərardadları ləğv edilsin. X1 ərizəsi təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.