Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-140/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin olunmasına dair” xx.xx.2024-cü il tarixli 8(012)-333/2021 nömrəli qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(012)-333/2021 nömrəli qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilərək, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 8(012)-333/2021 nömrəli qərardadının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-153/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar “TOYOTA LAND CRUİSER PRADO Mİ” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Belə ki, Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-333/2021 nömrəli qərardadı ilə “TOYOTA LAND CRUİSER PRADO Ml” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-153/2020 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(012)-333/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilərək, əri olan Borclu ilə onun birgə mülkiyyətlərində olan “TOYOTA LAND CRUİSER PRADO Ml” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin borc əri tərəfindən deyil, digər borclu tərəfindən götürülmüş, əri Borclu isə sadəcə olaraq ona zamin durmuşdur. Eyni icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə əri Borclu digər əmlakına - Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin də üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi artıq qiymətləndirilmişdir. Bundan başqa, eyni icra vərəqəsinin icrasını təmin etmək üçün əri Borclu hər ay qazancından 110 manat məbləğində pul vəsaiti tələbkarın xeyrinə tutulmaqdadır (xx.xx.2023-cti il tarixdən tutulmalar başlamışdır). Borclu adına olan və üzərinə həbs qoyulan “TOYOTA LAND CRUSER PRADO Mİ” markalı **-BM-***7 dövlət qeydiyyat nişanlı avtomobili onunla birgə nikah dövründə əldə etmişdir. Həmin əmlak üzərində 1/2 payı Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-492/2024 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək, “TOYOTA LAND CRUSER PRADO Mİ” markalı **- BM-***7 dövlət qeydiyyat nişanlı minik avtomobilinə münasibətdə onun ½ hissədə, Borclu ½ hissədə payları müəyyən edilmişdir. Bu qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəlmişdir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)- 153/2020 nömrəli icra sənədi üzrə borclu deyildir, belə olan halda isə bu avtomobilin üzərində həbs qoyulması həm qanunsuz, həm də ədalətsizdir, çünki onun konstitusion hüquqlarını kobud surətdə pozur. Göstərilənlərə əsasən onun ½ hissəsinə mülkiyyət hüququnun olduğu avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-153/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar “TOYOTA LAND CRUİSER PRADO Mİ” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, icra məmurunun təqdimatından və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-153/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X3, Borclu və X4 5654,69 manat pul tutularaq Tələbkar QSC-yə verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkar təşkilatın haqlı narazılığına səbəb olmuşdur. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq qurumlara sorğular göndərilmişdir. Aparılan araşdırmalar nəticəsində Borclu mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,02 ha torpaq sahəsi və “TOYOTA LAND CRUİSER PRADO Ml” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə həmin əmlakların üzərinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(012)-333/2021 nömrəli və xx.xx.2022-ci il tarixli 8(012)-537/2022 nömrəli qərardadları ilə həbs qoyulmuşdur. Torpaq sahəsi artıq qiymətləndirilmişdir. Bundan başqa, eyni icra vərəqəsinin icrasını təmin etmək üçün əri Borclu hər ay qazancından 110 manat məbləğində pul tələbkarın xeyrinə tutulmaqdadır (xx.xx.2023-cti il tarixdən tutulmalar başlamışdır). Borclu adına olan üzərinə həbs qoyulan “TOYOTA LAND CRUSER PRADO Mİ” markalı **-BM-***7 dövlət qeydiyyat nişanlı avtomobili ərizəçi Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-492/2024 nömrəli qətnaməsi ilə həmin minik avtomobilinə münasibətdə Maraqlı şəxs ½ hissədə, Borclu ½ hissədə payları müəyyən edilmişdir. Bu qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəlmişdir. Ərizəçi hesab edir ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-153/2020 nömrəli icra sənədi üzrə borclu olmadığından bu avtomobilin üzərində həbs qoyulması həm qanunsuz, həm də ədalətsizdir, çünki onun konstitusion hüquqlarını kobud surətdə pozur. Avtomobilin texniki xarakterinə görə naturada bölgüsünün mümkünsüzlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, əvvəllər borclunun mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir, çünki bu avtomobilin üzərinə Borclu borcuna görə həbsin qoyulması onun digər mülkiyyətçisi Maraqlı şəxs hüquqlarının pozulması ilə nəticələnir, bu isə qanunla qadağandır. Sözügedən avtomobilin üzərinə həbs qoyulması həmin avtomobildə ½ hissə mülkiyyət payı olan ərizəçinin mülkiyyət hüquqlarını qanunsuz və əsassız olaraq məhdudlaşdırır. Ona görə də məhkəmə ərizəni təmin etmək qərarına gəlir. Abşeron Rayon Məhkəməsinin “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin olunmasına dair” xx.xx.2024-cü il tarixli 8(012)-333/2021 nömrəli qərardadı ilə razılaşmayan Tələbkar QSC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunması və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 153/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Maraqlı şəxs ərizəsinin rədd edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulan borc məbləği tam olaraq Tələbkar QSC-yə ödənilməmişdir. Əmlakın üzərindən həbsin götürülməsi dövlətin adından çıxarılmış və icrası məcburi olan qətnamənin icrasını mümkünsüz edir. Bundan başqa, məhkəmə borclunun nikahının pozulub-pozulmamasını, alimentin ödənilib-ödənilməməsini aydınlaşdırmayıb. Digər əmlakların olub-olmaması, olduğu təqdirdə onlara aid hissədə payın müəyyən edilib-edilməməsi dəqiqləşdirilməyib. Ərizəçinin belə bir ərizə ilə məhkəməyə müraciət etməsi kreditor qarşısında borclunu öhdəliyinin icrasından yayınmaq cəhdidir və bu planlı edilmiş əmələ məhkəmə vasitəsi ilə hüquqi don geyindirməkdir. Borclunun həbs qoyulmuş əmlakı ərizəçinin əmlak bölgüsü tələbi ilə həbsdən azad edilir və paylar müəyyən edilirsə, borcluya aid pay hissəsinin üzərində həbs saxlanmalı idi. Məhkəmə aktı qeyd edilən hallar araşdırılmadan qəbul olunmuşdur. Buna görə də şikayət təmin olunaraq həmin məhkəmə aktı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(012)-333/2021 nömrəli qərardadı ilə Tələbkar QSC-nin şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Tələbkar QSC-nin şikayəti təmin edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-333/2021 nömrəli qərardadı ləğv edilərək ərizəçi Maraqlı şəxs avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə, əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Ailə Məcəlləsi 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.42 və 6.43-cü bəndlərində izah olunur ki, ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur... Eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Qanun normalarının müddəalarından göründüyü kimi, ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi istisna olunmur. Bu baxımdan sözügedən avtomobilin ər-arvadın, yəni ərizəçi Maraqlı şəxs ilə Borclu ümumi əmlakı olması sonuncunun cavabdeh olduğu öhdəliyin icrasını təmin etmək məqsədilə həmin avtomobilin üzərinə həbs qoyulmasına mane olmur və bu cür məcburi icra tədbirinin tətbiqi qanuni olmaqla ümumi əmlakın digər mülkiyyətçisinin (ərizəçi Maraqlı şəxs) hüququnu əsassız pozmur. Ərizəçi Maraqlı şəxs əri Borclu payının dəyəri hesabına sonuncunun borcunu ödəməklə mübahisəli avtomobil üzərində tam mülkiyyət hüququ əldə edə, yaxud avtomobilin hərracda satılması yolu ilə öz payının dəyərinin ona ödənilməsini tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ümumi əmlakın digər payçısı olan ərizəçi Maraqlı şəxs mülkiyyət hüquqlarının pozulmasına səbəb olması əsası ilə onunla Borclu (ər-arvadın) birgə mülkiyyəti olan avtomobilin üzərinə sonuncunun cavabdeh olduğu öhdəliyin icrasını təmin etmək məqsədilə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul etməkdə düzgün olmayan nəticəyə gəlmiş, bununla bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də Tələbkar QSC-nin şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və ərizəçi Maraqlı şəxs avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin hazırkı qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar QSC tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-333/2021 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Maraqlı şəxs “TOYOTA LAND CRUİSER PRADO Mİ” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilsin. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-140/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-140/2024
19.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver