Məhkəmə qərarları › İş №8(105)-141/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-141/2020

29.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-141/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, tələbkar “Bank of Baku” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-116/2020 saylı qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-116/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim İlkin Xəlilov) Borclu borcun hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmış, borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)- 1444/2012 saylı qətnaməsinə əsasən Borclu 2463,4 manat məbləğində pul vəsaiti və 10 manat ödənilmiş dövlət rüsumu tutularaq “Bank of Baku” açıq səhmdar cəmiyyətinə ödənilməlidir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1444/2012 saylı qətnaməsinin hissə-hissə hər ay ondan 50 manat tutularaq “Bank of Baku” açıq səhmdar cəmiyyətinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)- 1444/2012 saylı qətnaməsinə əsasən ondan 2463,4 manat məbləğində pul vəsaiti və 10 manat ödənilmiş dövlət rüsumu tutularaq “Bank of Baku” açıq səhmdar cəmiyyətinə ödənilməlidir. Evdə ondan başqa işləyən olmadığı üçün o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)- 1444/2012 saylı qətnaməsini birdəfəyə ödəyə bilmir. Ailə vəziyyətini nəzərə alaraq ondan “Bank of Baku” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalı olan məbləği hər ay 50 manat olmaqla hissəhissə ödəyə bilər. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-116/2020 saylı qərardadı ilə Borclu borcun hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. Belə ki, məhkəmə qərardad çıxararkən onun heç bir yerdə işləmədiyini, ailə vəziyyətinin ağır olmasını, hazırda heç bir qazanc və gəlir yerinin olmamasını, banka olan borcunun böyük məbləğ təşkil etmədiyini, banka olan borcunu hissə-hissə ödəmək istədiyini, onun digər kreditlərinin olmasını nəzərə almamışdır. Məhkəmə bu halları nəzərə almalı və onun qətnaməni hissə-hissə ödəməsi barədə ərizəsini təmin etməli idi. Lakin məhkəmə qərar çıxararkən bu halları nəzərə almamışdır. Şikayətdə iş üzrə qərardadın ləğv edilməsi vəərizənin təmin edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında tələbkar “Bank of Baku” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Borclu və Xaçmaz rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, borclu məhkəmə iclasına gəlmədiyindən, Xaçmaz rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən ərizənin təmin edilməsi üçün əsasların olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)- 1444/2012 saylı qətnaməsinə əsasən Borclu 2463,4 manat məbləğində pul vəsaiti və 10 manat ödənilmiş dövlət rüsumu tutularaq “Bank of Baku” açıq səhmdar cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə görə həmin məsələlərə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx xxxxxxx 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası sadalanan maddi və prossesual hüquq normalarını rəhbər tutub hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. İş materiallarından görünür ki, qətnamə üzrə ödənilməli olan məbləğ 2473,4 manat təşkil edir. Borclu ərizəsində borcunun ayda 50 manat olmaqla hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Borclu hər ay 50 manat tutulmaqla qətnamə icra olunarsa, bu halda 2473,4 manatın ödənilməsi üçün 4 ildən (2473,4 manat : 50 manat : 12 ay) çox müddət tələb olunur ki, bu da ağlabatan müddət sayıla bilməz. Borclu icra sənədinin hissə-hissə icra edilməsinə əsas ola biləcək bu və ya digər müstəsna halların mövcudluğuna dair hər hansı bir sübutu nə ərizəsinə, nə də qərardaddan şikayətinə əlavə etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası borclunun şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, borclunun şikayətdə göstərilən dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(067)-116/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar