Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-141/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(060)-5613/2020 saylı qiyabi qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03.05.2021-ci il tarixli, 8(060)-202/2021 saylı qərardadından borclu X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(060)-5613/2020 saylı qiyabi qətnaməsi ilə cavabdeh X2 4600 manat əsas borcun, 268 manat faiz borcunun, hüquqi yardım göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödənilən 202 manat, cəmi 5070 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş üzrə cavabdeh X4 məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-5613/2020 saylı qətnaməsinin hissəhissə, ayda 100 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə borclu X4 ərizəsini onunla əsaslandırdı ki, iddiaçı Tələbkar ona qarşı borc tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 5070 manat pul vəsaitinin və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun ondan tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2(060)-5613/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş ondan 4600 manat əsas borcun, 268 manat faiz borcunun, hüquqi yardım göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödənilən 202 manat, cəmi 5070 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün 22.01.2021-ci ildə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Başqa şəxslərə də borcu var, valideynləri yoxdur, heç yerdə işləmir, maddi durumu həddən artıq ağırdır, evi və başqa əmlakı yoxdur, maddi imkanı qətnaməni birdəfəlik icra etməyə imkan vermir. Ona görə də qətnamənin hissə-hissə icra olunması barədə onlara ərizə ilə müraciət etmək məcburiyyətindədir. Bütün bunlara baxmayraq həmin qətnaməni hissəhissə ayda 100 manat ödəməklə icra edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 03.05.2021-ci il tarixli, 8(060)-202/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(060)-5613/2020 saylı qiyabi qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsi təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı). Qərardaddan borclu X4 narazı qalaraq şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21.05.2021-ci il tarixli, 8(060)-202/2021 saylı qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında borclu X4 şikayətini onunla əsaslandırdı ki, məhkəmə qətnaməsi ilə ondan cəmi 5070 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Başqa şəxslərə də borcu var, valideynləri yoxdur, heç yerdə işləmir, maddi durumu həddən artıq ağırdır, evi və başqa əmlakı yoxdur, maddi imkanı qətnaməni birdəfəlik icra etməyə imkan vermir. Ona görə də qətnamənin hissə-hissə icra olunması barədə onlara ərizə ilə müraciət etmək məcburiyyətindədir. Bütün bunlara baxmayraq həmin qətnaməni hissə-hissə ayda 100 manat ödəməklə icra edə bilər. Odur ki, şikayətin təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 03.05.2021-ci il tarixli, 8(060)-202/2021 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi borcun hissə-hissə icra edilməsinin tələbkarın haqlı mənafeyinə zidd olduğundan ərizəni təmin etməmiş, gəldiyi nəticəni də AR MPM-in 231.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası, eləcə də möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Məhkəmə qətnaməsi üzrə tutulan məbləğ ümumilikdəı 5100 manat təşkil edir. Borclu isə ərizə ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsini xahiş etmiş, borcun hər ay 100 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilə tutulan 5100 manat məbləğində pulun hər ay 100 manat olmaqla ödənilməsi 51 ay müddəti edir ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını heçə endirir, tələbkarı məhkəmə qərarından gözləyə biləcəklərindən məhrum edir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X7 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X7 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası borclunun dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmiş və ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X5 Rafiq qızının şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli 8(060)-202/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-141/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-141/2021
22.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver