Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-141/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 8(012)-424/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3258/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə istifadə hüququna xitam verilmiş, X4 fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Qeyd edilən icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata qəbul edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra borcluya tələbin könüllü icra etmədiyi təqdirdə görüləcək məcburi icra tədbirləri ilə bağlı xəbərdarlıq göndərilmişdir. Tələb könüllü icra edilmədiyindən məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün icra vaxtı təyin edilmişdir. Ünvana gedərkən həmin ünvanda başqa şəxslərin yaşadığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, borclu və onun atası 2015-ci ildə mübahisəli evi hazırda həmin evdə yaşayan Maraqlı şəxs satmışlar, lakin müxtəlif səbəblərdən evin rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmçinin Maraqlı şəxs bildirmişdir ki, məhkəmə qərarı haqqında onun heç bir məlumatı olmamışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək 9 ildən çoxdur ki, həmin ünvanda ailəsi ilə birlikdə yaşadıqlarını bildirmişdir. Eyni zamanda, ərizədə qeyd etmişdir ki, həmin evdə 2015-ci ildən onların yaşaması haqqında "xxxx" ASC-nin məlumatı olmuşdur. Əlavə olaraq ərizədə qeyd edilmişdir ki, məhkəmə qərarında ancaq X2 evdən çıxarılması və evin boşaldılması qət edilmişdir. Belə olan halda borclu Rəşidə Mirişlidən başqa digər şəxslərin çıxarılmasının mümkün olmadığını və evin boşaldılması dedikdə borclunun əmlakının çıxarılması nəzərdə tutulur. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi isə iddia edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində evin boşaldılması nəzərdə tutulduğundan həmin evdə kimlərin yaşamasından asılı olmayaraq ev boşaldılmalı və banka təhvil verilməlidir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 8(012)-424/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Məlahət Abbasova). Qərardadla razılaşmayan Maraqlı şəxs ondan şikayət vermiş, qərardadın ləğv olunması və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, məhkəmə qərardadı obyektiv və ədalətli çıxarılmamışdır. Belə ki, qərardadda əsas kimi göstərilən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1365/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun şikayəti təmin edilməmişdir, çünki həmin qətnamədə onun və ailə üzvlərinin deyil, X2 evdən çıxarılmasından söhbət gedir. O, müharibə veteranıdır və ailə üzvləri ilə birlikdə həmin ünvanda 10 ilə yaxındır ki, yaşayır. Onun başqa yaşayış yeri yoxdur. "xxxx" ASC-nin 2015ci ildən orada ailəsi ilə birlikdə yaşamasından xəbəri olduğu halda, onlara qarşı heç bir iddia qaldırmamışdır. Bu isə onun və ailə üzvlərinin həmin ünvandan çıxarılması üçün əsas deyildir. Bundan əlavə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında X5 barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəmə iclası davam edir. Bu da onlar tərəfindən onu aldadaraq evi satmalarını bir daha təsdiq edir. Buna görə də şikayət təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 8(012)-424/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-424/2024 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırımışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsi Maraqlı şəxs münasibətdə dəyişdirilmədən saxlanılmış, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Maraqlı şəxs ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə heç bir hüququ mövcud deyildir. birinci instansiya məhkəməsinin aktını mübahisələndirərkən Maraqlı şəxs apellyasiya şikayətində mübahisəli evdə ailəsilə birlikdə yaşamasını əsas gətirərək əmlak boşaldılarsa hüquq və mənafeyinin pozulacağını göstərmiş, lakin həmin qətnaməni tədqiq edən Sumqayıt Apellyasiya Məhkəməsi bu dəlillərə tənqidi yanaşmış və şikayəti təmin etməmişdir. Hazırda bu dəlillərin təkrarən ortaya qoyularaq Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsinə izah istənilməsi qəbul edilməzdir və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının yubadılmasına xidmət edir, bu isə qanunla qadağandır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ərizəyə və apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 230-cu maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qanunun mənasından göründüyü kimi, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyrimüəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməlidir. Maraqlı şəxs isə onun qeyd edilən əmlaklardan istifadə etdiyindən qətanmədə onun adının qeyd edilmədiyindən həmin ərazinin boşaldılmasına dair izah verilməsini tələb edir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Maraqlı şəxs ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə heç bir hüququ mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədə gəlinən nəticə əsaslandırıcı hissədə aydın və anlaşılan formada göstərilmiş, əsaslandırıcı hissə ilə nəticə hissə arasında hər hansı bir uyğunsuzluq olmamışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası həmçinin Maraqlı şəxs tərəfindən verilmiş şikayətlə bağlı əlavə sübutlar təqdim edəcəyini əsas gətirərək onun iştirakı ilə işə şifahi icraatda baxılmasına dair ərizəyə münasibətdə bildirir ki, maraqlı şəxs şikayətinin dəlillərini elektron kabinet vasitəsi ilə tam ətraflı verdiyindən işə şifahi icraatda baxılmasını zərurət yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 8(012)-424/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-141/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-141/2024
19.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver