Məhkəmə qərarları › İş №8(105)-141/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-141/2025

23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-141/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ərizəçi Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizə üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-353/2025 nömrəli qərardadından maraqlı şəxs Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İcra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay tutulan aliment məbləğinin yaşayış minimumuna uyğun olaraq indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqlar doğulmuşdur. Cavabdehlə nikah Abşeron Rayon Məhkəməsinin 2(012)- 1238/2012 saylı, xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 onun yanında saxlanılmışdır. Məhkəmə işi yekunlaşdıqdan sonra ikinci övlad dünyaya gəlmişdir. Cavabdeh şifahi razılaşmanı yerinə yetirmədiyindən o, məhkəməyə uşaqların saxlanması üçün aliment tələbinə dair müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-2631/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 103 manat olmaqla, cəmi 206 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaqlar böyüdükcə (məktəbli ləvazimatları, hazırlıq ödənişləri, idman, günlük xərcləri və s.) onların zəruri xərclərinin artmasını sübut etməyə ehtiyac yoxdur. Hazırda cavabdehdən tutulan aliment məbləği bir uşağın normal saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqlar ali təhsil almaq arzusundadırlar, lakin maddi vəziyyətin əl verməməsi səbəbilə hazırlığa gedə bilmirlər. Bundan başqa, uşağın tez-tez xəstələnmə, müəyyən müalicələrə ehtiyacının olması və s. hallar nəzərə alınarsa, məhkəmə qətnaməsinə əsasən hazırda ödənilən aliment bunun üçün kifayət deyildir. Bu səbəbdən tələbkar hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir və göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-353/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2631/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 20 dekabr 2009-cu il tarixdə anadan olmuş X3 və 29 may 2013-cü il tarixdə anadan olmuş X2 hər birinin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu tutulan 103 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının hazırki ərizə verilən tarixdən, yəni xx.xx.2025-ci il tarixdən tətbiq edilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Qərardaddan icra sənədi üzrə Borclu şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun ikinci qrup əlil və əmək qabiliyyətsiz olmasını, hər ay 464 manat pensiya almasını, onun yenidən nikaha girməsini və bu nikahdan 1 uşağının olmasını, qarşı tərəfin isə aylıq qazancının 1700 manat təşkil etməsini nəzərə almamışdır. Bu səbəblərdən də həmin qərardad ləğv edilməli, ərizə təmin edilməməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-353/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-353/2025 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 353/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2631/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia təmin edilmiş, 20 dekabr 2009-cu il tarixdə anadan olmuş X3 və 29 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları məqsədi ilə Borclu hər ay hər bir uşaq üçün 103 manat sabit pul məbləğində alimentin tutularaq, Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cüil tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən görə minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabr ayından (2017-ci ilin yanvarınadək) 105 manat müəyyən edilmişdir. Həmin məbləğ hazırda 400 manat təşkil edir. Odur ki, şikayətin dəlillərində göstərilənlər isə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, 2014-cü ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək uşaq üçün 103 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə minimum əmək haqqının 0,98 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-353/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar