Məhkəmə qərarları › İş №8(105)-142/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-142/2022

16.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-142/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2018-ci il tarixli, 2(105)-162/2018 nomrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 18 dekabr 2019-cu il tarixli qərardadından tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar “Bank VTB (Azərbaycan)” ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edib, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)-162/2018 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş 18 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)-162/2018 nömrəli icra vərəqəsinə əsasən Borclu cəmi 15.441,15 (on beş min dörd yüz qırx bir dollar 15 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tələbkar “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalı, tutmanın Borclu məxsus olan “Kia Cerato” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobilin ilkin satış qiymətinin 16.500 (on altı min beş yüz) manat müəyyən edilərək avtomobilin açıq hərracdan satılmalı və əldə edilən vəsait hesabına banka olan borc məbləği ödənilməlidir. X1 saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 76/04 nömrəli protokolundan görünür ki, Borclu məxsus olan “Kia Cerato” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.518,75 (on min beş yüz on səkkiz, yetmiş beş qəpik) manata ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən əldə edilmişdir. Şikayətə əlavə edilmiş 24 oktyabr 2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə “Kia Cerato” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 6.187,50 (altı min bir yüz səksən yeddi dollar 50 sent) ABŞ dolları məbləğində pul vəsaiti Borclu banka olan borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin həmin cari hesabdan çıxarışdan görünür ki, sonuncu əməliyyat məhz 12.2019-cu il tarixdə olub, ondan sonra hesaba borcun ödənilməsi ilə əlaqədar olaraq hər hansı bir mədaxil və ya köçürülmə olmamışdır. Şikayətə əlavə edilmiş 25 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Borclu banka icra sənədi üzrə qalıq borcu 8.269,26 (səkkiz min iki yüz altmış doqquz dollar 26 sent) ABŞ dolları təşkil edir. Qətnaməyə əsasən verilmiş icra vərəqəsinə əsasən borcludan tutulmalı olan borcun məbləği 15.441,15 (on beş min dörd yüz qırx bir dollar 15 sent) ABŞ dollarıdır, ipoteka predmeti olan avtomobilin satışından isə əldə edilən vəsaitin məbləği 6.187,50 (altı min bir yüz səksən yeddi dollar 50 sent) ABŞ dollarıdır, icra məmurunun icra sənədinin tam icra olunması qənaətinə gəlməsi və onun tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi başa düşülən deyil, əsassız və qanunsuzdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırki icra sənədi isə tam icra edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-162/2018 nömrəli icra vərəqəsinə əsasən Borclu cəmi 15.441,15 (on beş min dörd yüz qırx bir dollar 15 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tələbkar “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalı, tutmanın Borclu məxsus olan “Kia Cerato” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobilin ilkin satış qiymətinin 16.500 (on altı min beş yüz) manat müəyyən edilərək avtomobilin açıq hərracdan satılmalı və əldə edilən vəsait hesabına banka olan borc məbləği ödənilməlidir. “Hərracın yekunları” barədə xx.xx.2019-cu il tarixli, 76/04 nömrəli protokolun surətindən müəyyən edilir ki, “Kia Cerato” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili 10.518,75 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən “Bank VTB (Azərbaycan) ASC əldə etmişdir. “Bank VTB (Azərbaycan) ASC-nin 24 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu “Bank VTB (Azərbaycan) ASC-yə 118572-1-9498/1 saylı, 10 sentyabr 205ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə qeyd olunan tarixə banka 8269,26 ABŞ dolları məbləğində borcu vardır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 18 dekabr 2019-cu il tarixli icraata xitam veriməsi barədə qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)-162/2018 nömrəli icra vərəqəsinə xx.xx.2019-cu il tarixli protokola əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Ona görə də, tələbkarın verdiyi şikayət təmin edilib, xx.xx.2018-ci il tarixli, 2(105)- 162/2018 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş 18 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilərək Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)-162/2018 nömrəli icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilməlidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş 18 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(105)- 162/2018 nömrəli icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar