Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-142/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən verilmiş borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 8(012)- 144/2023 nömrəli qərardadından icra sənədi üzrə borclu X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu X4 barəsində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X3 66500 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. İcra sənədi üzrə tələb təmin olunmadığı üçün təqdimatda borclu X4 ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-144/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1959-cu il tarixdə ABŞ-da anadan olmuş, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan borclu X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu X5 qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-144/2023 saylı qərardadının ləğv edilməsini və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, o, Kanada Respublikasının vətəndaşıdır. Əsas qeydiyyatda olduğu, daimi yaşayış və iş yeri Böyük Britaniya və X2 Krallığının London şəhəridir. Neftin çıxarılması və emalı sahəsində xüsusi biliyə malik olan mütəxəssis kimi əvvəlcədən tərtib olunan və razılaşdırılan qaydalara və qrafiklərə uyğun olaraq Azərbaycanda və digər ölkələrdə neft emalı sahəsi ilə məşğul olan şəxslərə - işçilərə xüsusi təlimlər və praktik məşğələlər keçir. Tələbkar ilə ailə münasibətlərinin olması və ailə münasibətlərinə xitam verilməsi faktdır. Digər ölkələrə olan ezamiyyətlərini London şəhərində yerləşən əsas iş yeri ilə razılaşdırmaqla, əvvəlcədən tənzimləməklə müvəqqəti olaraq Azərbaycanda yaşamaq qərarına gəlmişdir və hazırda da Azərbaycanda yaşayır. Lakin məlum səbəblərə görə Azərbaycanı tərk edə bilmir. Böyük Britaniya və X2 Krallığının London şəhərində yerləşən əsas iş yerində olmaması səbəbindən və əmək fəaliyyətini davam etdirə bilmədiyindən, məhkəmə qərarı ilə qət olunan məbləği bir dəfəyə tam məbləğlə ödəyə bilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə ödəniş onun tərəfindən qismən icra olunmuşdur. Belə ki, yaxın tanıdığı insanların köməkliyi ilə 11 oktyabr 2023-cü il tarixdə 5000 ABŞ dolları - 8485 manat, 01 noyabr 2023- cü il tarixdə 2500 ABŞ dolları - 4250 manat və 07 noyabr 2023-cü il tarixdə 8815 ABŞ dolları - 4960 manat məbləğlərində ödəniş edilmişdir. Beləliklə, indiyədək onun tərəfindən ümumilikdə 16315 ABŞ dolları məbləğində pul tələbkara ödənilmişdir. İmkan olduqca ödənişləri mütəmadi qaydada daha tez müddətə icra edəcəkdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qərardad ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-144/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-144/2023 saylı qərardadından icra sənədi üzrə borclu X5 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim M.Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X3 66500 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş qətnamə 1 ildən çox müddətdir ki, tam icra olunmamışdır, borclu isə xarici ölkə vətəndaşıdır. Məhz bu səbəbdən də, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, borclu icra sənədini qanunla nəzərdə tutulmuş vaxtda tam yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, qismən icrasız qalır. Halbuki MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanmış müddəalarının mənasına görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirilmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Hazırki işin hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X4 əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcək borcluya məxsus əmlak və gəlir aşkar edilməmişdir Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, borclunun ölkə hüdudlarından çıxması borcun ödənilməmiş, icra sənədinin isə icra olunmadan qalmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 8(012)-144/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-142/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-142/2023
07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver