Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-143/2023 08.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqimata dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-477/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İcra sənədi üzrə Borclu məxsus 2 ədəd avtomobilin üzərinə həbs qoyulması barədə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı məhkəmənin icraatına daxil olmuşdur.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4398/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə görə Borclu DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tələbkar məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsindəki Borclu məxsus əşyalar onun hesabına boşaldılmalı, habelə Borclu 8 ay üçün ödənilməmiş icarə haqqı kimi cəmi 2800 manat pul tutularaq Tələbkar ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmiş, lakin hazırki günədək icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Belə olan halda, məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində bir neçə avtomobilin olması müəyyən edilmişdir. İcra sənədi üzrə 2800 manat məbləğində borcun müqabilində borclunun mülkiyyətində olan “VAZ-21071” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı, “QAZ 3302-18” yük markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması mütənasiblik prinsipi baxımından uyğundur. Göstərilənlərə əsasən təqdimat təmin edilməlidir.
3. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək və onun rədd olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Tələbkar bildirmişdir ki, qətnamə qismən icra edilmiş və borclu ona məxsus mağazadan çıxmışdır. Lakin borclu hələ də 2800 manat pulu ona ödəmir. Buna görə də o, təqdimatın təmin edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin e-2(012)-4398/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Borclu DƏDRX tərəfindən verilmiş RX ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tələbkar məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsindəki Borclu məxsus əşyalar onun hesabına boşaldılmalı, habelə Borclu 8 ay üçün ödənilməmiş icarə haqqı kimi cəmi 2800 manat pul tutularaq Tələbkar ödənilməlidir. Qətnamə üzrə xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmişdir.
6. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, üzərinə həbs qoyulması xahiş edilən əmlaklar - yəni “VAZ-21041” minik markalı, 99-DB864 dövlət qeydiyyat nişanlı, “QAZ 3302-18” yük markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibi Borcludur.
7. İşdən görünür ki, borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-4398/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin bir hissəsini icra etmiş, mübahisəli qeyri-yaşayış sahəsindən çıxmış, lakin 8 aylıq icarə haqqını ödəməmişdir. Başqa sözlə, borclu icra sənədini qanunla nəzərdə tutulmuş vaxtda tam yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, icrasız qalır.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-477/2023 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 4398/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ-21041” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə icra sənədinin qismən də olsa icra edilməsini, icra edilməli tələbin 2800 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, borcluya məxsus “VAZ-21041” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hazırki mərhələdə yetərlidir. Məhkəmənin qənaətinə görə məhz bu əmlakın satışından əldə edilən vəsait tələbin ödənilməsinə kifayət edir. Bu hala qiymət verən məhkəmə hesab edir ki, təqdimat digər avtomobilə dair hissədə təmin edilməməlidir.
10. Qərardaddan Borclu şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-477/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
12. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsi tərəfindən qismən icra edilmişdir. O, tələbkara məxsus mağazadan çıxmışdır. İcra vərəqəsinin icrasından yayınmır. Lakin maddi imkansızlığı ucbatından bu pulu birdəfəlik ödəyə bilmir. 2800 manata görə 9000 manat məbləğində avtomobilə həbs qoyulması ədalətsizlikdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
14. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası
45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
15. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması (...) 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir.
23. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (“İcra haqqında” Qanunun 45.1-ci maddəsi).
24. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (“İcra haqqında” Qanunun 50.2 və 50.4.1-ci maddələri).
25. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, bu məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə ödəməli olduğu borcun tələbkara ödənilməsini təmin etməmişdir. İcra sənədi üzrə könüllü icra müddətində borclu icranı təmin etmədiyindən icra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir.
27. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tələb borclunun əmlakına, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu icra sənədini pulun ödənilməsi hissəsində icra etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-477/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-477/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.