Məhkəmə qərarları › İş №8(105)-144/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-144/2021

25.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-144/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ərizəçi Borclu iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin 17 may 2021-ci il tarixli, 8(067)-107/2021 saylı qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə (hakim A.Sadıqov) ərizənin təmin olunmaması qərara alınmışdır. Ərizəçi Borclu qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏRİZƏNİN DƏLİLLƏRİ Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək ondan 4555.11 manat alınaraq Tələbkar verilməsinə dair Xaçmaz rayon məhkəməsinin qətnaməsi tərəfindən hissə-hissə icra olunaraq hər ay ondan 100 manat pul iddiaçıya verilməsi üsulu ilə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 19 may 2020-ci il tarixli 8(067)-42/2020 saylı qətnaməsinə əsasən ondan cəmi 4555.11 manat pul alınaraq Tələbkar verilməsi təmin olunmuşdur. Qətnamə icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ona qətnamənin icrası üçün icra məmuru tərəfindən könüllü müddət verilmişdir. Lakin maddi vəziyyəti ağır olduğundan həmin məbləği bir dəfəyə tam ödəyə bilmir, rəsmi olaraq heç yerdə işləmir. Tələbkara olan məbləği hər ay 100 manat hesabı ilə ödəmələrinə dair qərar çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Borclu Xaçmaz rayon məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayəti onunla əsaslandırmışdır ki, onun evində xəstə anası və həyat yoldaşı var. O, borclu olduğu 4555,11 manat pulu bir dəfəyə ödəyə bilmir. Rəsmi olaraq heç yerdə işləmir. İş olanda evlərdə fəhlə işləyərək gündəlik 8-10 manat pul qazanır. Ona görə də borcunu bir dəfəyə ödəyə bilmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ərizəçi Borclu şikayəti müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tələbkara və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və ərizəçinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin 17 may 2021-ci il tarixli və onunla bağlı 31 may 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsi üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməməsi, hər ay hissə-hissə pulun ödənilməsi tələbkarın manefeyinə zidd olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hər bir kəs üçün icrası məcburidir. Lakin məhkəmə əmlak və digər halları ilə əlaqədar tərəfin ərizəsi əsasında məhkəmə qətnamənin hissə-hissə icra etmək qaydasını müəyyən edə bilər. Bu da yalnız o zaman mümkündür ki, qətnamənin icra edilməməsi üçün real əsaslar mövcud olsun və tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsin. Borclu məhkəmə aktının birdəfəyə ödəməyə maddi imkanın olmamasına dair tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin qətnamənin icrası üçün də real hərəkət etməmişdir. Ərizəçidən tutulmalı olan 4555,11 manat məbləğin hər ay 100 manat olmaqla ödənilməsi nəzərə alınarsa bu müddət 46 aya yaxın təşkil edir ki, qətnamənin icraya yönəldiyi tarixdən hazırkı vaxta kimi olan müddət, həmçinin xahiş edilən müddət də nəzərə alınarsa, həmin müddət qətnamə ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını xəyali etmiş olmasını qaçılmaz edəcəkdir. Halbuki şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn xəyali deyil, real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi Borclu şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin 17 may 2021-ci il tarixli və onunla bağlı 31 may 2021ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar