Məhkəmə qərarları › İş №8(105)-144/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-144/2024

20.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-144/2024 20.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun icraata xitam verilməsi haqqında qərarından verdiyi şikayət üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və X4 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-599/2024 nömrəli qərardadından icra sənədi üzrə Borclu vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Maraqlı şəxs icra məmuru Vəfa Ələkbərov tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

2. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(060)-6918/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Maraqlı şəxs icra məmurunun 19 avqust 2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və məhkəmə qətnaməsinin icra olunmasının icra məmurundan tələb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(060)-6918/2021 saylı qətnaməsi ilə övladları - 23 may 2014-cü il təvəllüdlü X9 və 23 may 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 iyul 2021-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 100 (bir yüz) manat olmaqla, ümumillikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət olunmuşdur. Borclu həmin məhkəmə qətnaməsi ilə bağlı müəyyən ödənişlər etsə də, son zamanlar uşaqların saxlanması vəzifəsindən boyun qaçırır. 2024-cü ilin aprel ayından başlayaraq isə aliment ödənişlərini ödəmir. Fizuli Rayon İcra və probasiya şöbəsinin icra məmurunun 19 avqust 2024-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə istinadən Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(060)-6918/2021 saylı icra sənədinə əsasən xitam verilmişdir. İcra sənədi üzrə tələb icra olunmamışdır. Aliment tələbi uşaqlar 18 yaşınadək icra olunası tələbdir. Bundan başqa xeyli müddət ərzində borc da yığılıb qalmışdır. İcra məmuru, əsassız olaraq icra sənədinə xitam vermiş, bu barədə əsaslandırılmamış qərar qəbul etmiş, qəbul etdiyi və ona göndərdiyi qərardan onun icra qurumunun rəhbəri tərəfindən təsdiq olunması da müşahidə edilmir. İcra məmurunun sözügedən qərarı poçt vasitəsi ilə 27 avqust 2024-cü il tarixdə ona çatdırılmışdır. Yəni şikayət vermə müddəti onun tərəfindən ötürülməmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi qanunlara uyğun qaydada icra məmuru tərəfindən icra olunmalıdır. Belə vəziyyətdə icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-599/2024 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) X1 ərizəsinin təmin edilməsi, Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6918/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam vermə haqqında 19 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6918/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin qərara alınmışdır.

5. Borclu nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət vermişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-599/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(060)- 6918/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı X8 ilə qeyri-rəsmi nikahdan olan övladları xx.xx.2014-cü iltəvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X9 iddiaçı X5 himayəsinə verilmiş və xx.xx.2021-ci il tarixdən ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(060)- 6918/2021 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2021-ci ildən başayaraq hər uşağa görə hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment ondan tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. O, həmin icra sənədinə əsasən 2021-ci ilin avqust ayından 2023-cü ilin fevral ayına qədər qətnamədə göstərilən 200 (iki yüz) manat aliment pulundan fərqli olaraq 100 (bir yüz) manat artıq yəni 300 (üç yüz) manat ödəmişdir. X3 ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında yetkinlik yaşına çatana kimi hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə cəmi 300 (üç yüz) manat məbləğində aliment ödənilməsi barədə barışıq sazişi bağlamışlar. Bundan sonra 2023-cü ilin mart ayından 2024-cü ilin fevral ayınadək iddiaçı X6 Sumqayıt 1 saylı Mediasiya Təşkilatında barışıq sazişində göstərilən 300 (üç yüz) manatdan artıq yəni 350 (üç yüz əlli) manat məbləğində, 2024-cü ilin fevral və mart aylarında isə 400 (dörd yüz) manat artıq olmaqla hər ay üçün 700 (yeddi yüz) manat aliment pulu ödəmişdir. Həmçinin 2021-ci ilin dekabr-sentyabr aylarında ümumilikdə 9925 (doqquz min doqquz yüziyirmi beş) manat məbləğində aliment üçün yüksək məbləğdə pul ödəmişdir. Beləliklə, X2na ümumilikdə 15000 (on beş min) manatdan artıq pul ödəmişdir. Məhz yuxarıda qeyd olunanlara əsasən yəni, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 6918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli barışıq sazişində göstərilən aliment məbləğindən artıq məbləğ ödədiyinə görə Maraqlı şəxs icra məmuru artıq ödədiyi məbləği hesablayaraq sonrakı müddət üçün aliment borcu öhdəliyini qabaqcadan yerinə yetirdiyini nəzərə alıb xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam vermişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. “İcra haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda.

11. Maddə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.

12. Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

16. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətlərə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Maraqlı şəxs icra məmuru Vəfa Ələkbərov tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmış, icra məmuru bu nəticəyə gələrkən qərarını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə əsaslandırmışdır.

21. İcra sənədindən görünür ki, tələb aliment tutulması ilə bağlı olan öhdəlik olmaqla uşaqların yetkinlik yaşına çatanadək hər ay tutulması davam edən tələbdir. İş materiallarına əsasən müəyyən edilir ki, 23 may 2014-cü il təvəllüdlü X9 və 23 may 2014cü il təvəllüdlü X7 10 yaşı olmaqla yetkinlik yaşına çatmamışlar. Lakin borclu tərəfindən icra sənədi üzrə alimentin tam ödənildiyi barədə məlumat nə icra məmurunun qərarında əksini tapmamış, nə də belə bir sənəd iş materiallarında mövcud deyildir.

22. Belə olan halda, icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad olunmaqla icra sənədi üzrə xitam verilməsi barədə çıxarılan qərarın ləğv olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

23. Kollegiya həmçinin qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Rspublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olduğundan, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-599/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-599/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar