Məhkəmə qərarları › İş №8(105)-145/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-145/2023

15.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-145/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 1(060)-5/2022 nömrəli hökmü ilə təmin olunmuş mülki iddianın hissə-hissə icra edilməsi barədə iş üzrə (Açar sözlər: icra sənədinin hissə-hissə icra edilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 1(060)-5/2022 nömrəli hökmü ilə təmin olunmuş mülki iddianın hissə-hissə icra edilməsinə dair X1 ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il il tarixli, 8(060)-853/2023 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. X5 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təmin olunmuş mülki iddianı hər ay 1000 (min) manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 5\2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, ondan mülki iddia üzrə Tələbkar 16500 ABŞ dolları, yəni 28050 manat məbləğində pul ödəməsi hökm edilmişdir. İcra sənədi 18 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri İcra İdarəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti ona təqdim olunmuşdur. Bu borcdan indiyə qədər 7662 manat ödəniş etmişdir. Halhazırda da ödəniş etməkdən yayınmır. Sadəcə həmin məbləği birdən ödəməyə gücü çatmır. Ona görə də, mülki iddianın hissə-hissə icrası üçün köməklik etməsini xahiş edir.

3. Ərizəyə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli Hökmündən görünür ki, təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respubllikası CM-nin 69.3cü maddəsinə əsasən onun məhkəməməyədək icraat zamanı həbsdə olduğu 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasınn iki gününə hesablanmaqla 04 gün kimi hesab edilərək və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, D.E.Hüseynovun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzanın çəkilməsi müddəti X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Tələbkar tərəfindən verilmiş mülki iddia tam təmin olunaraq, cinayət əməli nəticəsində 16500 ABŞ dolları, yəni 28050 manat məbləğində pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh X3 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Tələbkar ödənilməsi hökm edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 8(060)-853/2023 saylı qərardadı ilə (hakim Gülnarə Tağızadə) ərizənin təmin edilməsi, borclu X3 Tələbkar xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2022- ci il tarixli 1(060)-5/2022 saylı hökmünə əsasən 28050 manat məbləğində pul vəsaitinin borclu X5 tərəfindən Tələbkar xeyrinə hər ay 1000 (bir min) manat ödənilməsi şərtilə hissə-hissə icra edilməsi qərara alınmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borclunun ailə, maddi vəziyyəti, icra sənədinə əsasən mövcud olan borc məbləği, eləcə də hazırki mərhələdə borclunun başqa qazancının və ya gəlirinin olması ilə bağlı hər hansı bir halın müəyyən edilmədiyini nəzərə alaraq icra sənədinə əsasən borcun hissə-hissə ödənilməsini mümkün hesab edir. Məhkəmə bu qənaətə gələrkən borclunun borcu ödəməkdən yayınmadığını və onun tərəfindən hər ay sistemli şəkildə borcdan müəyyən məbləğ ödəyəcəyini də nəzərə alır.

6. Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 8(060)- 853/2023 saylı qərardadından şikayət vermişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 8(060)-853/2023 saylı qərardadı ilə (hakim Gülnarə Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 853/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndəriməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

8. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5 saylı 26 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar tərəfindən verilmiş mülki iddia tam təmin olunmalıdır. Cinayət əməli nəticəsində 16500 ABŞ dolları, yəni 28050 manat məbləğində pul təqsirləndirilən şəxs və mülki iddia üzrə borclu X3 alınaraq zərərçəkmiş və mülki iddia üzrə Tələbkar ödənilməlidir. İcra sənədi 18 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borclu şəxsə təqdim edilmişdir. Məhkəmə qərardad qəbul edərkən belə qənaətə gəlmişdir ki, borclunun ailə, maddi vəziyyəti, icra sənədinə əsasən mövcud olan borc məbləği, eləcə də hazırkı mərhələdə borclunun başqa qazancının və ya gəlirinin olması ilə bağlı hər hansı bir halın müəyyən edilmədiyi nəzərə alınaraq icra sənədinə əsasən borcun hissə-hissə ödənilməsi mümkün hesab edilir. Hesab edir ki, qərardad maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv edilməli və X1 ərizəsinin rədd edilməsi ilə bağlı yeni qərardad qəbul edilməlidir. Məhkəmə qərardadda “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə, AR MPM-in 231.1-ci maddəsinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarına istinad etsə də istinad etdiyi hüquq normalarının tələblərini düzgün tövsif etməmişdir. Belə ki, istinad olunan hüquq normalarında icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi borclunun əmlak vəziyyəti və digər hallar, həmçinin tələbkarın mənafeyi nəzərə alınaraq həyata keçirilir. Lakin hazırkı vəziyyətdə məhkəmə onun mənafeyini heçə sayaraq birtərəfli qaydada, borclunun maraqlarına xidmət edən qərardad qəbul etmişdir. Həmçinin onu da bildirir ki, mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi pozulmuş hüququnu bərpa etmək olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5 saylı 26 yanvar 2022-ci il tarixli icra sənədi cavabdehin (borclunun) üzərinə məhz belə bir məzmunda öhdəlik qoymuşdur. Lakin məhkəmə aktının icra edilməsi üçün qanuni tədbirlərin qarşısının alınması ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna səbəb olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktının icrası məhkəmə baxışının tərkib hissəsidir və icra edilməməsi məhkəmə baxışının başa çatdırılmamasına bərabərdir. Bu isə məhkəməyə müraciət hüququnu əhəmiyyətsiz edir. Beləliklə, məhkəmə iş üzrə hərtərəfli, obyektiv araşdırma aparmaq və ədalətli yekun qərar qəbul etmək fikrində olmamış, yalnız borclunun mövqeyinə istinad edərək sübutların hərtərəfli və lazımi qiymətləndirilməsini aparmamış, sübutların mötəbərliyi, kifayətliliyi tədqiq edilməyərək qərardad çıxarılmışdır. Ehtimallar əsasında məhkəmə qərardadı çıxarılması Mülki Prosessual Qanunvericilikdə nəzərdə tutulmamışdır. Borclu tərəfindən məhkəmə aktının üzrsüz səbəbdən tam şəkildə icra edilməməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməməsinə, ərizənin əsassız olmasına baxmayaraq məhkəmə ərizəni təmin etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Bu səbəbdən də hesab edir ki, şikayəti əsaslı olduğu üçün təmin edilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməlidir.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Mallə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

13. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadını ləğv etməklə, X1 ərizəsinin rədd edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il il tarixli, 8(060)-853/2023 nömrəli və bununla bağlı 24 noyabr 2023-cü il tarixli 8(060)-853/2023 nömrəli qərardadları ləğv olunmalı, X1 ərizəsi təmin edilməməlidir.

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır.

16. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

17. Qanunvericinin tələbindən göründüyü kimi hakim işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və borclu üçün yaranmış digər əlverişsiz hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər.

18. Eyni zamanda göründüyü kimi qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur və icra sənədinin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır.

19. İcra sənədinin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir.

20. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

21. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı.

22. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».

23. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.

24. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.

25. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə göstərilən qaydada məhkəmə aktının hissə-hissə icra edilməsi məhkəmə aktının icra müddətini uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş olar.

27. Eyni zamanda göstərilən qaydada məhkəmə aktının hissə-hissə icra edilməsi tərəflər arasında münasibətlərin tənzimlənməsi sahəsində mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərini pozmuş olur.

28. Bundan başqa, borclu X5 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edən, onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il il tarixli, 8(060)-853/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün qiymətləndirilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il il tarixli, 8(060)-853/2023 nömrəli və bununla bağlı 24 noyabr 2023-cü il tarixli 8(060)-853/2023 nömrəli qərardadları ləğv olunmalı, X1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təmin olunmuş mülki iddianın hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il il tarixli, 8(060)-853/2023 nömrəli və bununla bağlı 24 noyabr 2023-cü il tarixli 8(060)-853/2023 nömrəli qərardadları ləğv edilsin. X1 ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar