Məhkəmə qərarları › İş №8(105)-145/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-145/2024

26.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-145/2024 26.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X29 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, X1 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinə dair Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-3/2024 nömrəli qərardadından borclunun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Zəngilan Rayon Məhkəməsinin 2-4/05 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tələbkar iddiası təmin edilmiş, cavabdeh X7 ailə üzvləri ilə birlikdə Bakı şəhəri 7-ci mikrorayondakı 5b saylı evin 16-cı mənzilindən çıxarılması və Tələbkar Borisovanın həmin mənzilə köçürülməsi, qətnamənin mənzildən çıxarmaya dair olan hissəsinin icrası Ağdam rayonun işğal ounmuş əraziləri azad edilənədək dayandırılması qət edilmişdir.

2. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin №1MK1393/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zəngilan rayon məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, X3 ailə üzvlər ilə birlikdə Bakı şəhəri, 7ci mikrorayondakı 5 b saylı evin 16-cı mənzilindən çıxarılması və Tələbkar Borisovanın həmin mənzilə köçürülməsi hissəsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının №-6k-1518/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi MİÜMK-nın iş üzrə 17 mart 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin №1MK7021/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zəngilan rayon məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, X3 ailə üzvlər ilə birlikdə Bakı şəhəri, 7ci mikrorayondakı 5 “b” saylı evin 16-cı mənzilindən çıxarılması və Tələbkar Borisovanın həmin mənzilə köçürülməsi hissəsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixlə qərardadından aydın olur ki, iddiaçı Tələbkar cavabdeh X4 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 1-MK- 7021/2005 saylı qətnaməsinin icraya yönəldilməsi barədə Tələbkar ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 1-MK-7021/2005 saylı qətnaməsi icraya yönəldilmiş və qətnamənin icrası Binəqədi rayon İcra şöbəsinə həvalə edilmişdir.

6. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1-MK-7021/2005 saylı, xx.xx.2005-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır.

7. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2(103)- 7021/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-57/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Tələbkar cavabdehlər X4 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2005-ci il tarixli 1MK-7021/2005 nömrəli qətnaməsinin yenidən icraya yönəldilməsi barədə Tələbkar tərəfindən verildmiş ərizə təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 1-MK- 7021/2005 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi, icra işinin davam etdirilməsi üçün yenidən Maraqlı şəxsnə göndərilmişdir.

9. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK- 7021/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Nurxanım Ağababa qızına ünvanladığı xx.xx.2024-cü il tarixli, №186555\2024-14-43-002 nömrəli bildirişin məzmunundan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir, məhkəmə və digər oraqnlarının qərarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

11. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən Bakı şəhərində vəfat etmişdir.

12. Azərbaycan Respublikası Qaçqınların və X20 üzrə Dövlət Komitəsinin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 186555/2024-14-43-001 nömrəli məktubun məzmunundan aydın olur ki, 1993-cü ildən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5b saylı evin 16 saylı mənzilində müvəqqəti qeydiyyyatda olan Ağdam rayonunun Maqsudlu kəndindən məcburi köçkünlər - X13, keçmiş həyat yoldaşı X12, X22, X17, X23, X24 və X18 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 5b saylı evin 16 nömrəli mənzilində məskunlaşmış, lakin sonradan X13 ailə üzvləri ilə birgə sözügedən ünvandan çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi, ev 147-də məskunlaşıb və hazırkı vaxta kimi orda yaşayırlar. Məhkəmə qətnaməsində və icra vərəqəsində adı qeyd edilən Ağdam şəhərindən məcburi köçkün X3 övladı X10 ailə üzvləri ilə birgə Yasamal rayonu, Tiblisi prospektində yerləşən, 31 saylı binanın 66 nömrəli mənzilində müvəqqəti qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 5b saylı evin 16 nömrəli mənzilində məskunlaşıb faktiki yaşayırlar və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X5 bildirdiyinə görə onlar 1996cı ildən sözügedən zəbt mənzildə məskunlaşıb və faktiki orada yaşayırlar. X7 01 fevral 2018-ci ildə vəfat etmişdir. Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Ağdam rayonu üzrə məcburi köçkün ailələrinin öz doğma yurdlarına köçürülməsi hazırki vaxta qədər həyata keçirilməmiş, köçürülmə zamanı Ağdam şəhərindən məcburi köçkün X5 ailə üzvləri ilə birgə köçürülməsi həyata keçiriləcəkdir.

13. Azərbaycan Respublikası Qaçqınların və X20 üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5b saylı evin 16 saylı mənzilində məskunlaşan, Ağdam şəhərindən məcburi köçkün X6 ünvanladığı xx.xx.2024-cü il tarixli, № 3-36-3/2-1- 8779/2-45/2024/11082 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2004-cü ilin 1 iyul tarixli 298 nömrəli sərəncamın 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları başqasına məxsus mənzillərdən çıxarılması hallarına yol verilmir. Halhazırda komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə adları ailə üzrvləri ilə birgə sözügedən ünvan üçün qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışla bağlı Ağdam rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı, ailəsinin da öz doğma yurdlarına köçürülməsi həyata keçirləcək və mənzil boşaldılaraq evin sahibinə geri təhvil verilməsi üçün əvvəcədən aidiyyatı üzrə xəbərdarlıq olunacaqdır. Birinci instansiya məhkəməsindəki icraat

14. X14 qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin icrasına Dövlət proqramına uyğun olaraq Ağdam rayonu üzrə məcburi köçkün X11 və ailə üzvləri ilə birgə öz doğma yurdlarına köçürülməsinə qədər möhlət verilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. X14 ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra şöbəsi xx.xx.2024cü il tarixli qərarı ilə icraata başladığı Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK7021/2005-ci tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Onların ailəsi, iki övladı, iki nəvəsi ilə birlikdə 1996cı il tarixdən yuxarıda qeyd edilən mənzildə Ağdam rayon, Maqsudlu kəndindən məcburi köçkün düşərək bu günə qədər yaşayırlar. Yuxarıda qeyd edilən mənzillə bağlı Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK7021/2005 05 dekabr 2005-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin №6k-l 518/2005 21 iyul 2005-ci il tarixli qətnamələri vardır. Onların ailəsi 1996-ci il tarixdə məlum hadisə il əlaqədar olaraq məcburi köçkün düşərək həmin mənzildə yaşayırlar. Məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Ağdam rayonu üzrə məcburi köçkün ailələrinin öz doğma yurdlarına köçürülməsi hazırkı vaxta qədər həyata keçirilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və yerlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən onların ailəsi məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və Dövlət Proqramına uyğun olaraq Ağdam rayonu üzrə məcburi köçkün ailələrinin öz doğma yurdlarına köçürülməsi hazırkı vaxta qədər həyata keçirilməmişdir. Hal-hazırda həyat yoldaşı, oğlu, qızı, iki azyasşlı nəvəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 5b saylı evin 16 saylı mənzilində 30 ilə yaxın bir müddətdir ki, yaşayırlar. Ağdam şəhərində evləri tikilib hazır olandan sonra onlar öz dədə-baba yurdlarına dönəcəklər və həmin mənzili boşaldacaqlar.

16. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-3/2024 nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) Zəngilan Rayon Məhkəməsinin 2-4/05 nömrəli, 10 yanvar 2005-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu X11 ərizəsi təmin edilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh X3 ailə üzvlər ilə birlikdə Bakı şəhəri, 7-ci mikrorayondakı 5 b saylı evin 16-cı mənzilindən çıxarılması və iddiaçı Tələbkar Borisovanın həmin mənzilə köçürülməsi hissəsinin eyni vaxtda icra edilməsi ilə bağlı artıq qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur və cavabdehlər (borclular) tərəfindən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 1-MK-7021/2005 saylı qətnaməsi 2005-ci (19 il ərzində) ildən bu günə kimi icra edilmədiyindən iddiaçı Tələbkar məxsus olan evdən şərtsiz çıxarılmalıdırlar.

18. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-3/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

19. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Şikayətə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. (...)

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

26. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda sadalanan qanunvericilik aktları normalarının tələblərinən göründüyü kimi məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası fiziki hüquqi və dövlət oranları üçün məcburidir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə qətnamənin icrasına möhlət verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir.

30. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

31. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qətnamənin icrasının daha bir neçə müddətə uzadılması 2005-ci ildən məhkəmə aktı ilə hüquqları bərpa edilən iddiaçının (tələbkarın) hüquqlarının bərpasını gecikdirir, həm də məhkəmənin gəldiyi nəticəni səmərəsiz etməklə hüquqların məhkəmə qaydasında müdafiəsinin həyata keçirilməsində qeyri-müəyyənlik yaradır. Halbuki, şəxsin pozulmuş hüququnun bərpasına yönəlmiş məhkəmə aktı həmin hüququn real və ağlabatan müddətdə bərpasının təmininə yönəldilməlidir. Ədalətli məhkəmə araşdırması yalnız iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini ehtiva etmir, həmçinin qəbul edilmiş yekun məhkəmə aktının icrasını da özündə birləşdirir.

32. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas olmadığından, şikayət təmin olunmamalı, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-3/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(034)-3/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar