Məhkəmə qərarları › İş №8(105)-145/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-145/2025

23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-145/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-606/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 8(060)-628/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-606/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi və həmin qətnamə ilə qət edilmiş borca görə ondan hər ay 75 manat məbləğində pulun tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-606/2025 saylı qətnaməsi (hakim Aynur Behbudova) ilə iddia təmin edilərək, cavabdeh X4 7000 manat borc pul, ödənilmiş 90 manat dövlət rüsumunun iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. O, məhkəmə qətnaməsi ilə qət edilmiş borcu ödəməkdən boyun qaçırmır, lakin yaşadıqları ev hələ də yaşayışa uyğun vəziyyətdə deyil, oğlu, gəlini və iki məktəbyaşlı övladları onunla birlikdə bu təmirsiz evdə yaşayırlar. Oğlu Qarabağ müharibəsi iştirakçısıdır, səhhətdində olan problemlərlə bağlı heç yerdə işləyə bilmir. İddiaçı öz vədinə əməl etməyərək evə qaz xətti də quraşdırmamış, evin istilik sistemi olmaması səbəbindən azyaşlı nəvələri tez-tez xəstələnir, məktəbə gedə bilmirlər. Xəstə qızı da dünyasını dəyişmişdir. O, özü də heç yerdə işləmir, buna görə də həmin borcdan hər ay 75 manat ödəniş edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-628/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-606/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Həmin qərardaddan X2 şikayət verərək X1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-606 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan 7000 manat pulun hissə-hissə olaraq hər ay 75 manat məbləğində tutulması barədə ərizəsinin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 628/2025 saylı qərardadının ləğv edilməklə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ailə vəziyyətini, yaşlı qadın olmasını, oğlu Bəxtiyarın Qarabağ müharibəsi iştirakçısı olmasını, səhhətinə görə işləməməsini, qızının ağır xəstəlikdən vəfat etməsini və aldığı pensiyanın bir hissəsi hesabına hər ay 75 manat ödəyə bilməsini məhkəməyə bildirmişdir. Bundan başqa Tələbkar ona satdığı evə qaz, su və işıq xətti çəkdirəcəyini vəd etməsinə baxmayaraq L.Kərimovanı aldadaraq ona borc müqaviləsi yazdırmaqla 7000 manat pulunu ələ keçirmiş və evə qaz, su və işıq xətti çəkdirməyərək onu aldadaraq ağır maddi duruma salmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-628/2025 nömrəli, 04 iyul 2025-ci il tarixli nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və X1 nümayəndəsi və vəkili X3 Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-628/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərardadından verdiyi şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(105)-145/2025 nömrəli qərardadı ilə şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ərizəyə və şikayətə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”. Məhkəmə kollegiyası qeyd edilənləri, eləcə də tələbkrən mənafeyini nəzərə alaraq qeyd edir ki, əsassız olaraq məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına yönələ bilər. Buna görə ərizəçinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsi ərizəni rədd edərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.1, 400-cü maddələrini tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 8(060)-628/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar