Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-146/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar BOKT ASC-nin nümayəndəsi X6 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-1296/2019 saylı, 29.04.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi üzrə borclu X3 ərizəsinə dair Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadından Tələbkar BOKT ASC tərəfindən tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)1296/2019 saylı, 29.04.2019-cu il tarixli qətnaməsinin icrasına bu iş üzrə çıxarılacaq qərardadın icrasına başlanacağı gündən 5 ay müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-1296/2019 saylı, 29.04.2019-cu il tarixli qətnaməsinin icrasına 5 ay müddətinə möhlət verilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadından Tələbkar BOKT ASC-nin nümayəndəsi Vüsal Məmmədov tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2021 saylı, 31.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar BOKT ASC-nin nümayəndəsi X8 şikayəti müdafiə edərək göstərdi ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Belə ki, qətnamənin icrasına möhlət verilməsi əsassızdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 14.11.2016-cı il tarixli, 2(012)5854/2016 saylı qətnaməsi ilə cavabdeh X2 cəmi 45136,75 ABŞ dolları borcun tutularaq iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi tələbin X9 qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, ev 27C-yə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 60000 manat olmaqla açıq hərracda satlması və əldə olunmuş pul hesabına borcun bağlanması qət edilmişdir. Həmin qətnamədən ərizəçi apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsionin 28.06.2018-ci il tarixli, 2(105)2093/2018 saylı qətnaməsi ilə cərimə borcu dəyişdirilmiş və 100 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından iddiaçı banka təklif edilmiş, protokol və alqısatqı müqaviləsi əsasında həmin evə çıxarış alınmışdır. Hazırki gündə də həmin ev bankın mülkiyyətindədir. Ərizəçinin borcu evin qiymətinə münasibətdə silindikdən sonra onun 14426 ABŞ dolları borcu qalmışdır. Abşeron Rayon Məhkəməsinin 29.04.2019-cu il tarixli, 2(012)1296/2019 saylı qətnaməsi ilə ərizəçinin mübahisəli evə istifadə hüququna xitam verilmiş, həmin evdən əşyaları ilə birlikdə çıxarılması qət edlmişdir. Ərizəçi hazırki ərizəində göstərmişdir ki, ona 5 ay möhlət verilərsə banka olan borcunu ödəyəcəkdir. Qeyd edir ki, ərizəçiyə kredit 10.08.2015-ci il tarixdə verilmiş, cəmi bir dəfə 10.09.2015-ci il tarixdə ödəniş etmiş, həmin tarixdən keçən 6 il müddət ərzində ərizəçi hər hansı məbləğdə ödəniş etməmişdir. 6 il ərzində hər hansı ödəniş etmədiyi halda borcu 5 ay müddətinə ödəməsi məntiqə uyğun deyildir. ərizəçinin banka olan borcunu ödəmək fikrində olmadığı iş materiallarından aydın görünür. Məhkəmə mülkiyyətçi kimi bankın hüquq və maraqlarının ziddinə olaraq qətnamənin iclasına möhlət vermişdir. Odur ki, şikayətin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, qətnamənin icrasına möhlət verilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, borclu Muxtarova Nəcibə Həmzəxan qızı və Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2021 saylı, 20.04.2021ci il tarixli qərardadı ləğv edilməli, qətnamənin icrasına möhlət verilməsinə dair borclunun ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi rizəçinin ankoloji xəstə olmasını, mübahisəli evdən başqa yaşayış yerinin olmamasına istinad edərək ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 14.11.2016-cı il tarixli, 2(012)5854/2016 saylı qətnaməsi ilə cavabdeh X2 cəmi 45136,75 ABŞ dolları borcun tutularaq iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi tələbin X9 qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəısi ev 27C-yə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 60000 manat olmaqla açıq hərracda satlması və əldə olunmuş pul hesabına borcun bağlanması qət edilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 29.04.2019-cu il tarixli, 2(012)1296/2019 saylı qətnaməsi ilə X3, X5, X7 Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi ev 27C-yə istifadə hüququna xitam verilməsi və həmin evdən əşyaları ilə birlikdə çıxarılması qət edlmişdir. Göründüyü kimi, icrasına möhlət verilməsi xahiş edilən qətnamə 29.04.2019-cu il tarixdə qəbul edilmiş. həmin vaxtdan 2 ilə yaxın müddət keçdikdən sonra borclu qətnamənin icrasına daha 5 ay möhlət verilməsini xahiş edir. Ərizədən də görünür ki, borclu qətnamənin icrasına möhlət verilməsini başqa yaşayış yerinin olmaması ilə əlaqələndirmişdir. Halbuki ərizəçinin qeyd etdiyi hal qətnamənin icrasına möhlət verilməsinə əsas verən müstəsna hal sayıla bilməz. "İcra haqqında" Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 04 iyul 2014-cü il tarixli qərarında göstərilir ki, "Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Həmin Məcəllənin 231.5.maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X14 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X14 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qanunvericilik normalarından da göründüyü kimi, qətnamənin icrasına möhlət verilərkən borclu ilə yanaşı cavabdehin də manefeyi qorunmalıdır. Hazırki halda isə məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan 2 il keçməsinə baxmayraq qətnamə icra edilmədiyi halda, yenidən 5 ay möhlət verilməsi tələbkarın qanunla qorunan hüquqlarını pozur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclunun göstərdiyi dəlillər yuxarıda sadalanan qanunvericilik normalarına əsasən qətnamənin icrasına möhlət verilməsi üçün əsas sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar BOKT ASC-nin şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)1296/2019 saylı, 29.04.2019-cu il tarixli qətnaməsinin icrasına bu iş üzrə çıxarılacaq qərardadın icrasına başlanacağı gündən 5 ay müddətinə möhlət verilməsi barədə X3 ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-146/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-146/2021
29.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver