Məhkəmə qərarları › İş №8(105)-146/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-146/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-146/2025 28.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatına dair iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X1 (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları

1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X4 verilməsi qərara alınmışdır.

2. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

3. Tələbin könüllü icrası haqqında bildiriş və sms-bildirişlərin surətindən görünür ki, Borclu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir.

4. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.

6. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X4 verilməsi qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2021-cü il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. İcra sənədi üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1107/2021 saylı xx.xx.2021-cü il tarixli icra vərəqəsinə əsasən Abşeron, Xırdalan, 22-ci məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur.

7. Abşeron Rayon Məhkəməsinin 8(012)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir (hakim Borclu).

8. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını və təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 8(012)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırıb ki, təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində əldə edilmiş portaldan çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır

11. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 263-264-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

12. Şikayət onunla əsaslandırılmışdır ki, o, aylıq aliment borcunu ödəyir. Sadəcə olaraq o elə bilirdi ki, aliment borcunu yekun qərar qəbul edildikdən sonra ödəməlidir. Ona hesablanmış aliment borcu da həmin dövr üçün hesablanmışdır. Onun aylıq qazancı borcunu birdəfəlik ödəməyə imkan vermir. Onun uşaqları ilə görüş hüququ müəyyən edilsə də, o uşaqları ilə görüşə bilmir, görüşə müxtəlif maneələr yaradılır. İcra məmuru isə bugünə kimi heç bir tədbir görməmişdir. Əksinə hətta icraçı onu təhqir edib və şəxsi işlərinə qarışıb, öz vəzifəsini icra etməyib. Onun 2 qız övladı var, himayəsində xəstə anası var. Ona neçə dəfə 10 günlük həbs verilib, halbuki 10 gün ərzində pul qazanıb aliment ödəyə bilərdi. Son müddətdə aliment borcunu vaxt-vaxtında ödəyir. Ölkədən xaricə getməyə hazırda nə imkanı nə də ki fikri vardır. Sadəcə yaxın gələcəkdə işləri yaxşı olsa uşaqları ilə birlikdə istirahətə xaricə getmək istəyir. Əgər onun ölkədən getmə hüququ məhdudlaşdırılarsa bu mümkün olmayacaqdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 43.1.5. Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Maddə 44.1.Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: Maddə 44.1.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; Maddə 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; Maddə 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 84-1.1. Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

16. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir

Apellyasiya baxışının hədləri

17. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 8(012)- 329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

18. Ona görə də kollegiya mübahisələndirilən qərardadın tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq, belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Kollegiya iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində icra sənədinin icrasını təmin etməmiş, onun əmlak vəziyyəti tam olaraq yoxlanılmış və zəruri icra hərəkətləri edilmiş, lakin hər hansı bir nəticəyə nail olunmamışdır.

22. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsi üç əsasla şərtləndirilmişdir: 1) məhkəmə qərarları əsasında verilmiş icra sənədlərinin könüllü icra üçün müəyyən olunmuş vaxtda icra edilməməsi; 2) borclu tərəfindən həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; 3) icra məmurunun əsaslandırılmış təqdimatı.

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclu Əhməd Həsənov könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən şikayət əsaslı ola və təmin edilə bilməz.

24. Əvvəla, ona görə ki borclu şikayətində qeyd olunmuş dəlillərə dair (aliment üzrə öhdəliyini lazmı qaydada icra etməsi) təsdiq olunmuş qaydada hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

25. İkincisi, borclu ölkədən getmək hüququnun olduğunu və bundan maneəsiz şəkildə istifadə etmək istədiyini bilsə də, nədənsə Dövlətin adından çıxarılmış icra sənədinin icra etmək vəzifəsinin də olduğunu unudur. Şikayətdə göstərdiyi dəlillər də, məhdudlaşdırılmanın ləğvi üçün yetərli deyildir, lakin kollegiya qeyd edir ki, icra sənədi icra edildikdə məhdudlaşdırmanın aradan qaldırılması üçün borclunun müraciət etmək hüququ mövcuddur.

26. Digər tərəfdən borclunun şikayətinin məzmunu əsasən onun şəxsi mülahizələrindən ibarət olmaqla, məhkəmə qərardadının əsassız olmasına dair hər hansı dəlillə əsaslandırılmamışdır. Kollegiya hesab edir ki, borclu icra sənədi üzrə tələbi təmin etməkdə heç də maraqlı deyil və belə vəziyyətdə əgər borclu ölkə hüdudlarından kənara çıxacağı halda mövcud məhkəmə qərarı demək olar ki, icrasız qalacaqdır.

27. Nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı).

28. “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır.

29. Beləliklə, məhkəmə kоllegiyаsı hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Borclu X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar