Məhkəmə qərarları › İş №8(105)-147/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-147/2020

04.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-147/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Borclu1 iştirakı ilə, Borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 8(060)-1140/2018 saylı qərardadından Borclu1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə (hakim İ.Mahmudov) təqdimatın təmin edilməsi, Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)-2479 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu1 qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 8(060)-1140/2018 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)-2479 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu1 qərardaddan şikayət verərək, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2018ci il tarixli qərardadının ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. İş fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyasında olduğu üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)-2479/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi və xx xxxxx 2018ci il tarixli, 8(060)-1140/2018 saylı qərardadı barədə məlumatı olmayıb. Ona bildiriş göndərilmədiyi halda ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bu əsasla qərardad ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu1 şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Borclu2, İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və borclunun izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2018-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Abusət Qasımovun təqdimatı rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini onun əsaslı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)-2479 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun məhdudlaşdırılmasından ötrü təqdimatla müraciət etmiş, birinci instansiya məhkəməsi təqdimatı təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2017-ci il tarixli qərarında isə aşağıdakılar qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etsə də, icra sənədində olan sənədləri tələb etməmiş, könüllü icra ilə bağlı bildirişin alınmasını, borclunun iştirakını təmin etməklə icra sənədinin icra etməməsinin səbəblərini, borclu tərəfindən ödənişlərin edilib-edilməməsini, icra sənədi üzrə müəyyən edilmiş icra hərəkətlərinin edilməsindən təqsirli olaraq yanınmasını aydınlaşdırmamışdır. Halbuki borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Aşağı instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmadan təqdimatın təmin edilməsi qənaətinə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2018-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2018-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar